PDF Oxu

Siyasət

  • 9

Erməni siyasiləri Sarkisyana hansı tövsiyyələri verdilər

Erməni siyasiləri Sarkisyana hansı tövsiyyələri verdilər
Seyran Ohanyan: "Biz anlamalıyıq ki, Azərbaycan Ordusu güclüdür"

Son günlər Ermənistan ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun mövqelərinə bir neçə dəfə basqın edib və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Lakin buna baxmayaraq Azərbaycanın güclü və ləyaqətli ordusu düşməni yerində oturdub.

Lakin erməni mətbuatı verdikləri itkiləri gizlətdikləri üçün düşmən ölkənin xalqı iyunun 19-da başlanan enerjinin qiymətinin artması, onun ardınca suyun qiymətinin iki dəfə çoxalması və iyulun 24-də Azərbaycanın güclü və ləyaqətli ordusunun düşməni yerində oturtması, nəticədə 5 erməni əsgərini itirməsinə anaların etirazları başlanılıb.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Yerevanda parlamentdə çıxışında ordularının Azərbaycan Ordusu ilə müqayisədə zəif olduğunu bildirib: "Biz anlamalıyıq ki, Azərbaycan Ordusu güclüdür. Azərbaycan Ordusunun imkanları da xeyli yüksəkdir. Düşmən periodik olaraq yeni silahlar alır və texnikasını yeniləşdirir".

Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan Ordusu ilə üzbəüz dayandığını da etiraf edən erməni nazir son günlərdə baş vermiş bəzi toqquşmalardan da danışıb: "Biz anlamalıyıq ki, belə hadisələr vaxtaşırı təkrarlanır. Düşmənlə bağlı çətinliklərimiz var, çünki onlarla üzbəüz dayanmışıq".

Manvel Eqiazaryan: "Cəbhədə baş vermiş əsgər ölümü xəbərlərinin mətbuatda yayımlanmasını tələb edirəm"

Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşmuş işğalçı Ermənistanın "Arabo" batalyonunun komandiri Manvel Eqiazaryan son günlər cəbhə xəttində baş verən əsgər ölümü ilə bağlı faktların erməni mətbuatı tərəfindən gizlədildiyini bildirib: "Ermənistan mətbuatına səslənərək cəbhədə baş vermiş əsgər ölümü xəbərlərinin mətbuatda yayımlanmasını tələb edirəm".

Keçmiş komandir Manvel Eqiazaryan son günlər daha çox itkilərin olduğunu və 18-20 yaşlı erməni əsgərlərin cəbhədə həlak olmalarının gizlədilməsini hakimiyyətin qorxusu ilə əlaqələndirib. Eqiazaryan iyulun 24-də son döyüşlərdə 5 erməni əsgərin Azərbaycan Ordusu tərəfindən öldürüldüyünü qeyd edib: "Ermənistan iqtidarının özündə Qarabağla bağlı böyük narazılıqlar var, onlar professional hərbiçilərin əlinə silah verməyə qorxurlar. Səbəb isə iqtidarlarını itirmək qorxusudur."

Sarkisyan rejimi bu ölkənin işğalçı olduğunu sübut edir

Erməni mətbuatının yazdığına görə, son günlər cəbhə xəttində ölən əsgərlərin ailələri ölkədə faşist rejimi yaradan Serj Sarkisyana qarşı qalxaraq "öldü var, döndü yoxdur" şüarı ilə oturaq mitinqləri davam etdirəcəklərini bildiriblər. Mitinqdə çıxış edənlər bildiriblər ki, Sarkisyanın yalan və böhtanları bu ölkənin yaranma tarixi qədər qədimdir. Yəni, yalan, böhtan, uydurma onun yarandığından etibarən qanında, genindədir.

Ermənistanın fövqəladə hallar nazirinin müavini general-mayor Astvaçatur Petrosyan regiondakı situasiyanın hazırkı düşüncə tərzinə uyğun planlaşdırılmalı olduğunu bildirib: "Bu gün mütləq olaraq bu məsələlərə indiki düşüncə ilə yanaşmalıyıq və hazırda mövcud olan strategiyanı regionun inkişafına yönəltməliyik. Biz danışıqlar prosesinə xüsusi olaraq yanaşmalıyıq və danışıqları elə şəxslər aparmalıdır ki, onlar sabah hərəkətlərinin nəticələrini hiss edə bilsinlər. Silahlanma ilə heç bir şey əldə etməyəcəyik. Əgər Azərbaycan kimi biz də hazırda silahlanmadan istifadə etsək, o zaman iqtisadi imkanlarımıza görə uğursuzluq qaçılmaz olacaq".

Arnold Stepanyan: "Dağlıq Qarabağı heç kim tanımır"

"Çoxmillətli Gürcüstan" təşkilatının rəhbəri Arnold Stepanyan jurnalistlərə açıqlamasında bildirib ki, müharibə yalnız Ermənistanı yox, eləcə də bütün Cənubi Qafqaz respublikalarını məhv edə bilər. Onun sözlərinə görə, Ermənistanda iqtisadi çətinliklərdən qaynaqlanan miqrasiya pik həddinə çatıb. A.Stepanyan Dağlıq Qarabağ münaqişəsinin gec-tez həll olunacağını bildirib: "Ermənistanda iqtisadiyyat getdikcə iflasa uğrayır. İqtisadiyyatı tənəzzülə uğrayan dövlətin gələcəyi necə ola bilər? Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə Cənubi Qafqazda həyata keçirilən iri beynəlxalq layihələrdən kənarda qalıb. Ölkə blokada vəziyyətindədir iş yerlərinin olmaması, iqtisadiyyatın zəifləməsi əhalinin, xüsusən gənclərin xarici ölkələrə köçməsinə səbəb olub. Ermənistanda miqrasiya artıq pik həddinə çatıb. Məhz bu səbəbdən Qarabağ münaqişəsinin tezliklə həll edilməsi Ermənistan dövləti üçün faydalı ola bilər."

"SƏS" qəzetinin Ermənistan mediasına isitnadən verdiyi məlumata görə, ölkədə vəziyyət artıq pik nöqtəsinə çatıb. "Azadlıq" meydanında keçirilən mitinqdə "Miras" partiyasının mətbuat katibi David Sanasaryan bildirib ki, "Ayağa qalx, Ermənistan" hərəkatı mübarizənin birinci mərhələsinə başlayır: "İyulun 27-31-də Yerevanın və başqa şəhərlərin əsas küçələri bağlanacaq. Biz mübarizəmizi davam etdiririk, qapı-qapı vərəqələri paylayacağıq. Biz müvəffəqiyyət əldə edəcəyik".

D.Sanasaryan onu da bildirib ki, bundan sonra hərəkat konstitusiya (anayasa) islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir. Beləliklə, baş verənlər bir daha onu göstərir ki, Yerevan düşdüyü vəziyyətdən çıxış yolunu tapa bilmir və çətin ki, Ermənistan rəhbərliyi buna nail olsun. Çünki o, mövcud reallığı lazımi səviyyədə qiymətləndirə bilmir. Gec-tez Yerevan seçdiyi qeyri-konstruktiv geosiyasi kursun əvəzini ödəyəcək. Ermənistan prezidenti Serj Sarkisyanın təlaşı da göstərir ki, həmin gün yaxınlaşır.

A.SƏMƏDOVA