PDF Oxu

Siyasət

  • 11

Azərbaycanda işsizlik minimum həddədir

Azərbaycanda işsizlik minimum həddədir

İlham Əliyev: "Son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir"

Bu gün ölkədə işsizlik heç də kəskin bir problem kimi diqqəti cəlb etmir. Hətta qlobal böhran şəraitində inkişaf etmiş ölkələrdə iş yerlərinin kütləvi ixtisarı, işsizliyin artımı baş verdiyi halda, Azərbaycanda yeni yaradılan iş yerlərinin sayı artmaqda davam edir. Çünki iş yerinin mövcudluğu bu və ya digər ölkədə təkcə istehsal və xidmət sahələrinin inkişafının birbaşa göstərici yox, həm də sosial-siyasi sabitliyin əsas təminatçısıdır. Elə bu səbəbdəndir ki, əhalinin güzəranının yaxşılaşması fəaliyyətində iş yerlərinin açılması bir nömrəli prioritet hesab edilir.

Sosial-iqtisadi inkişafa hesablanan dövlət siyasəti

Bu sahədə Azərbaycan xüsusən inkişafının yeni mərhələsi sayılan son 12 ildə bir çox ölkələrə nümunə göstərilə bilən uğurlar qazanıb. Bu isə təsadüfi deyil. Hələ 2003-cü ildə prezidentliyə namizəd olan Cənab İlham Əliyev dövlət başçısı seçiləcəyi halda ölkədə 1 milyon yeni iş yerinin açılacağı vədini vermişdi. Ola bilsin o vaxt kimlərsə Cənab İlham Əliyevin həmin vədini seçkiqabağı təbliğat kimi qəbul etmişdi. Amma Prezidentin bu vədinə 5 ildə yox, 4 ildə əməl etməsindən sonra heç kəsdə şübhə qalmadı ki, Cənab İlham Əliyevin Azərbaycanda yeni iş yerlərinin açılması ilə bağlı xalqa verdiyi söz quru təbliğat yox, hakimiyyətin düşünülmüş sosial-iqtisadi inkişafa hesablanan dövlət siyasətidir. Məhz bu siyasətin nəticəsində 15-20 il əvvəl iş yerinə və məişət problemlərinə görə boşalmış kəndlərimiz, rayon mərkəzlərimiz yenidən dirçəlir, uzun illər sahibsiz qalmış sahələr yenidən əkilib-biçilir. Bu gün dövlət aqrar sektora, kənd təsərrüfatı məhsulları istehsalçılarına verdiyi maddi dəstəyi başqa heç bir sahəyə göstərmir. Diqqətçəkən haldır ki, dövlətin iqtisadi siyasətində digər sahələrin inkişafı, yəni dolayısı yolla həmin sahələr üzrə yeni iş yerlərinin açılması da mühüm yer tutur.

Regionların inkişafı yeni iş yerlərinin açılmasını şərtləndirir

Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü dövlət proqramlarının həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasının şərtləndirir. Məhz bunun nəticəsidir ki, açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşür.

Xatırladaq ki, regional dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, davamlı sosial-iqtisadi inkişafa nail olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir. Başqa sözlə, hər iki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmış, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə çoxalmış, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.

Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə 55 min 615 yeni müəssisə açılıbdır. Yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enibdir.

12 il - 1 milyon 400 min iş yeri

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı Azərbaycanda işsizliyin keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olduğunu bildirimişdir: "Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür".

Özəl sektor və yeni iş yerləri

Yeni iş yerlərinin yaradılmasında özəl sektor mühüm rol oynayır. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektorun genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Hazırda qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, "bir pəncərə" prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Prezident İlham Əliyev müşavirədə sahibkarlı, əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarlığın inkişafının daima diqqət mərkəzində olduğunu bildirmişdir: "Qeyd etməliyəm ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır".

Dövlət başçısı Azərbaycanda çox güclü sahibkarlar sinfi yarandığını da qeyd edib: "Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".

Beləliklə, bu sahədə həyata keçirilən tədbirlər iqtisadi və eyni zamanda sosial inkişafın, rifah halının daha da yüksəldilməsinə aparıb çıxarır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər