PDF Oxu

Siyasət

  • 8

Paytaxtımız daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Paytaxtımız daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan Prezidentinin Sərəncamı ilə İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 35-ci iclası 23–27 noyabr tarixlərində Bakıda keçiriləcək

Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə qarşılıqlı münasibətlərin qurulmasına önəm verərək nüfuzlu təşkilatlarla əlaqələrin genişlənməsinə xüsusi diqqət ayırıb. Çoxtərəfli münasibətlər Azərbaycanın beynəlxalq arenada əməkdaşlığını genişləndirərək müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmasına gətirib çıxardı. Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlardan biri də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır (İSESCO). Kifayət qədər nüfuzlu beynəlxalq təşkilat kimi fəaliyyət göstərən bu qurum islam ölkələrində elm, təhsil və mədəniyyətin inkişafı üçün əhəmiyyətli missiyanı öz üzərinə götürüb.

Dünyada elə dövlətlər var ki, onların əhalisinin tərkibində müsəlmanların ümumi sayı 30, 20 və hətta 10 faizdir. Lakin İSESCO bu ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır, kreditlər, qrantlar ayırır. Regional və universal beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən İSESCO BMT, İslam Konfransı Təşkilatı, UNESCO, UNİCEF, Ümumdünya Səhiyyə Təşkilatı.

Azərbaycan-İSESKO əlaqələri ürəkaçandır və bu munasibətlərin nəticəsində mühüm layihələr gerçəkləşib. İSESKO-nun baş direktoru Ə.O.əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulayıb. Beynəlxalq tədbirlərin keçirildiyi məkan olaraq tanınan Azərbaycanda təşkil olunan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər - "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və Təhsil nazirlərinin VI Konfransı (6-7 oktyabr 2008-ci il), "Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009" Mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Konfransı (13-15 oktyabr 2009-cu il), Dünya Dini Liderlərinin Bakı sammiti (26-27 aprel 2010) və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel 2011-ci il) və s. bu əlaqələrin möhkəmlənməsində xüsusi önəm daşıyır. 22-24 oktyabr 2013-cü il tarixlərində Bakıda "İSESCO-nun Asiya regionu ölkələri üzrə milli komissiyaları baş katiblərinin regional iclası" keçirilib. Bu tədbirlərin davamı olaraq Bakı şəhəri "İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə nazirlərinin IV Konfransı"na ev sahibliyi edir.

Azərbaycan-İSESKO əlaqələrindən söz açarkən qurumun rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim - Aida İmanquliyevanın "Müasir ərəb ədəbiyyatının korifeyləri" əsəri və "Ərəb hərfləri ilə Azərbaycan yazısı" kitabının ərəb dilində çap edildiyini də vurğulamalıyıq. Ümumiyyətlə, bu faktlar göstərir ki, Azərbaycan İSESKO-ya üzv ölkələr arasında özünəməxsus yer tutur və bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi dövlətimizin nüfuzunun göstəricisidir.

Mövcud olan əlaqələrin davamı olaraq bu il İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 35-ci iclası Bakı şəhərində keçiriləcək. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransı və İcraiyyə Şurasının 35-ci iclası 2015-ci il 23–27 noyabr tarixlərində keçiriləcək.

Tədbirin Bakı şəhərində yüksək səviyyədə təşkil edilməsi məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 (iki) milyon manat ayrılıb.

Göründüyü kimi, İSESKO və Azərbaycan arasında əlaqələr inkişaf etməkdədir. Bu, Azərbaycanın islam ölkələri ilə elm və mədəniyyət sahəsində əməkdaşlığana ayırdığı böyük diqqətin daha bir nümunəsidir. Paytaxtımız yaradılan imkandan istifadə edərək bir daha Azərbaycanın nəyə qadir olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər