PDF Oxu

Siyasət

  • 9

Azərbaycan gəncliyinə ayrılan diqqət yeni uğurların təməlidir

Azərbaycan gəncliyinə ayrılan diqqət yeni uğurların təməlidir

Müasir dövrümüzdə Azərbaycan gənclərinə dövlət səviyyəsində ayrılan böyük diqqət onların ölkənin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edilməsinə şərait yaradıb. Cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunması diqqətdə olan məslələrdəndir.

Azərbaycanda gənclər siyasəti də dövlət tərəfindən uğurla həyata keçirilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları əsasında reallaşır. Bütün bunların müqabilində Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etdiyindən onlar ölkədə demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, ölkəmizin zəngin irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Hələ sovet məkanında yaşadığımız illərdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti müstəqillik dövründə daha yüksək səviyyədə özünü göstərdi. Hələ 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral - Azərbaycan Gəncləri Günü elan edildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün, təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti, milli ruhu əsas amillərdəndir.

Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən dövlət-gənclər siyasəti məhz Ulu Öndər Heydər Əliyev gənclər siyasətinin məntiqi davamıdır. Dövlət gənclər siyasəti - gənclərin potensialının effektli reallaşdırılması, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. Belə ki, cəmiyyətdə yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb. İstedadlı gənclər aşkar edilir, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün respublikada mövcud şərait yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə əmindir: "... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib. Bu gün gənclər kifayət qədər aktivdir. Onlar dövlət qurumlarında, qeyri - hökumət təşkilatlarında və digər sahələrdə iştirak edirlər və yetərincə də mövqeləri güclüdür. Bu da ilk növbədə ölkə Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Azərbaycanda gənclərlə bağlı yürüdülən siyasət nəticəsində bugünkü gənclər ölkənin müxtəlif idarələrində çalışır, seçki orqanlarında təmsil olunur, uğurla fəaliyyətlərini davam etdirirlər. Hazırda bələdiyyə üzvləri və sədrləri, həmçinin millət vəkilləri arasında çoxlu gənc kadr görmək mümkündür.

Son illər gənclər qarşısında qoyulan bütün məsuliyyətli işlər gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilir. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Buna sübut olaraq gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri nümunə çəkmək olar. Bir sıra müsabiqələrdə, yarışlarda Azərbaycan gənclərinin Avropa məkanını fəth etməsi, birincilik qazanaraq, Azərbaycan bayrağını dalğalandırması Azərbaycan gəncliyinin sağlam düşüncəsinin məntiqidir. Bu yaxınlarda paytaxtımızda keçirilən İlk Avropa Oyunlarında gənlərimizin qazandığı uğurlar və bu Oyunlarda Azərbaycanın ikincilik qazanması, 21 qızıl medalın əldə olunması gəncliyn ölkəmizə verdiyi növbəti töhfə idi. Bu, Azərbaycan gənclərinə dövlət tərəfindən göstərilən qayğının, etimadın təzahürüdür. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır. Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlər gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır.

Göründüyü kimi, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət-gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir. Gənclər öz gələcəklərini təmin edir və dövlətimizə xidmət etməkdə israrlıdırlar. Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

ZÜMRÜD

Digər xəbərlər