PDF Oxu

Siyasət

  • 12

Qaradağ rayonu uğurlu inkişaf yolunda

Qaradağ rayonu uğurlu inkişaf yolunda

Rayon icra hakimiyyətinin 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Dünən Qaradağ rayon icra hakimiyyətinin 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul 2015-ci il tarixli iclasındakı çıxışından irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümümmilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərin fərəh və qürurverici olduğunu bildirib: "Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində inkişafı bizi daha da təhlükəsiz şəraitdə yaşamağımıza qarant olmaqdadır. Ölkəmizin 12-28 iyun tarixlərində "Bakı-2015" ilk Avropa Oyunları ev sahibliyi edərək açılış və bağlanış mərasimlərində dünyaya verdiyi mesajlar, gələn idmançıların və qonaqların şəhərimizə, xalqımızın qonaqpərvərliyinə heyranlığı, yüksək səviyyədə görülmüş təşkilatçılıq dövlətimizin qüdrətinin göstəricisi oldu. "Bakı-2015" oyunları ilə Azərbaycan adını Avropa və dünya idman tarixinə qızıl hərflərlə yazdı".

S.Mikayılov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyev Cənablarının iyunun 25-də Qaradağ rayonuna səfər etdiyini və Puta qəsəbəsində Hərbi-Dəniz Qüvvələrinin yeni bazası və "N" saylı hərbi hissənin açılış mərasimində iştirak etdiyini bildirib.

Sonra Qaradağ rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən altı ayın yekunlarına əsasən rayon üzrə 322,3 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir: "İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 249,2 min ton xam neft və 202,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 948 min ton sement, 54,1 min ton mişar daşı istehsal edilmiş, rabitə xidmətlərinin həcmi 1 milyon 189,3 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 1 milyard 435 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 74,5 milyon manat olmuşdur. Hesabat dövründə Ələt və Sahil qəsəbələrinin ümumillikdə 8234 nəfəri səyyar "ASAN xidmət"dən yararlanmışdır. Bundan başqa Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafik əsasında hər həftənin şənbə günü bir qəsəbədə səyyar xidmət göstərib ki, Ələt, Qobustan, Müşfiqabad, Qızıldaş qəsəbələrində səyyar xidmət göstərərkən müraciət etmiş 1834 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir".

E.Abbasov əhalinin məşğulluğunu təmin etmək məqsədilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkalarının, həmçinin BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə rayonumuzda həyata keçiriləcək yeni layihələrlə bağlı "Azfen", "Tekfen" şirkətləri ilə birlikdə rayonda işə qəbulla əlaqədar mütəmadi tədbirlərin keçirildiyini bildirib. E.Abbasov vurğulayıb ki, hesabat dövrü ərzində rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 1 yeni transformator məntəqəsi istifadəyə verilmiş, mövcud transformatorlara 485 kq yağ əlavə olunmuş, 9 min 146 metr müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir: "Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müxtəlif diametrli 6 min 124 p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmiş, 523 ədəd mexaniki qaz sayğacı dəyişdirilmişdir. Cari qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 101 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə müəssisəsi istiliklə təmin olunmuşdur. Su və kanalizasiya təsərrüfatı sahəsində ümumilikdə müxtəlif diametrli 525 metr yeni su xətti çəkilmiş, 1000 metrə yaxın su xətti isə dəyişdirilmiş və 362 metr kanalizasiya xətti təmir olunmuşdur. Bundan əlavə 18 ədəd kanalizasiya quyusu tikilmiş və 1098 ədəd sayğac quraşdırılmışdır".

Hesabat yığıncağında Milli Məclisin deputatı Ağalar Vəliyev, Əhalinin Sosial Müdafiə Mərkəzinin Qaradağ rayon şöbəsinin direktoru Rofət Hüseynəliyev, Qaradağ Telefon Qovşağının rəisi Oqtay Həsənov çıxış ediblər.

Gündəlikdəki məsələyə dair Qaradağ rayon icra hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilib.

Yığıncaqda, Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Qaradağ rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi Mirzəyeva Sumaxanım Zahir qızına medal təqdim olunub.

Sonda hesabat yığıncağı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edilibdir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər