PDF Oxu

Siyasət

  • 10

Azərbaycanda investisiya siyasəti

Azərbaycanda investisiya siyasəti

İlham Əliyev: "Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir"

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Son 12 il ərzində respublikamızda ümumi daxili məhsul 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artıb. Ölkənin xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir ki, bu da kifayət qədər yaxşı göstəricidir. Dinamik iqtisadi inkişaf nəticəsində ölkədə yoxsulluq 5 faizə düşüb.

Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və xarici siyasətdə açıq və çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli münasibətlərin güclənməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin bu barədə mövqeyi aydın və qətidir: "Azərbaycanın yolu birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır".

"Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir"

Azərbaycan dinamik inkişaf edir, iqtisadiyyatın neft amilindən asılılığı tədricən azalır. Nazirlər Kabinetinin 2015-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli nitqində dövlət başçısı bildirib ki, son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir: "Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur".

Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Bununla bağlı əvvəlcə Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələrin fəaliyyətinə qısa nəzər salaq. Azərbaycana sərmayə qoyuluşunda Avropa ölkələri üstünlük təşkil edir. Son 12 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi bu ölkələrin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir.

Yuxarıda sadalanan səbəblərə görə, Azərbaycan son illər xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-yə yaxın saziş imzalanmışdır. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirilib ki, cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunmuşdur. Həmçinin, müşavirədə qeyd olunubdur ki, dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 milyon manat investisiya qoyulmuşdur. Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...".

Dövlət başçısı qarşıdakı aylarda və illərdə ölkənin uğurlarının daha böyük olacağını bildirib: "Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə cevrilmişdir. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanmış və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilmişdir. Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır".

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir, ölkəmizin tərəqqisinə, xalqın firavan yaşayışına xidmət göstərən investisiya layihələri yüksək səviyyədə həyata keçirilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər