PDF Oxu

Siyasət

  • 6

Daşkəsən uğurlu inkişaf yolunda

Daşkəsən uğurlu inkişaf yolunda
Rayonda 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı ümumrayon yığıncağı keçirilib

Dünən Daşkəsən rayonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlərlə bağlı ümumrayon toplantısı keçirilib. Toplantıda çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, ilin birinci yarısı bütövlükdə respublikamız üçün, o cümlədən Daşkəsən rayonu üçün də çox uğurlu olub və bir çox sahələrdə əhəmiyyətli nəticələr əldə edilib: "Cari ilin birinci yarısında sənaye üzrə 2 milyon 206 min manat (əvvəlki ilə nisbətən 1,7% çox), kənd təsərrüfatı məhsulları 9 milyon 403 min manat (0,5% çox), nəqliyyat üzrə 1 milyon 352 min manat (5,5% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 7 milyon 999 min manat (6,5% çox) olmuşdur".

Ə.Abıyev xüsusi olaraq vurğulamışdır ki, rayonda əhalinin müraciətlərinə həmişə diqqət və qayğı ilə yanaşılır: "Belə ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun cari ilin 29 aprel tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux rayonlarından olan vətəndaşları, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 19 iyun tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşü deyilənlərin bariz nümunəsidir. Qeyd edim ki, qəbullarda aidiyyəti üzrə müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər aidiyyəti üzrə qurumlara göndərilmək üçün qeydiyyata alınmışdır".

Ə.Abıyev, həmçinin rayonda aparılan tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri ilə də bağlı məlumat verərək bildirib ki, hazırda da bu sahədə işlər davam etdirilməkdədir: "Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikinti işləri davam etdirilir. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamı ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Sərəncama əsasən "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcəkdir".

Dövlət başçısı İlham Əliyev Cənablarının tapşırığı ilə cari ilin fevral ayının 2-dən may ayının 1-nə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə gününün Daşkəsən rayonunda da uğurla həyita keçirildiyini deyən Ə.Abıyev bitldirib ki, bu məqsədlə rayon mərkəzi xəstəxanasında 21635 nəfər tibbi müayinədən keçmiş, 22 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 240 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 582 nəfərə isə ambulator müalicə yazılmışdır: "Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər".

Ə.Abıyev 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunduğunu və bu tədbirin həyata keçirilməsi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edildiyini bildirib: "Bu gün "Yeni Daşkəsən" layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, "Yeni Daşkəsən" layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır. Hazırda həmin istiqamətdə işlər davam etdirilir".

Əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına görülən işlərdən danışan Ə.Abıbıyev onu da vurğulayıb ki, rayon üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanmış, rayon ərazisində müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələrinin və yeni 35/6 kv-luq şəhər yarımstansiyasının, eyni zamanda tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin tikintisinə başlanılıbdır: "Həmçinin, cari ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə Islam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinə başlanılıbdır. Daşkəsən şəhərində həmin layihə üzrə 2 x 500 m3 su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilibdir. Bu layihə üzrə rayonun Qarainək adlanan ərazisindən su xəttinin çəkilməsi üçün servis yolları hazırlanmış, yükləmə kamerasının təməli qazılır, 2 saylı nasos stansiyasında və 2 saylı 75 m3 -lik tənzimləmə anbarında dəmir beton işləri görülür. Eyni zamanda 2 saylı təzyiq qırıcının və 2 saylı anbarın təməli qazılır. 2 ədəd 1000 m3 -lik 1 saylı anbarın dəmir beton işləri görülür. Hazırda həmin sahə üzrə 100 nəfər (bunun 60 nəfəri Daşkəsən rayon sakinləridir) işçi çalışır. Gələcəkdə işçilərin sayının 170 nəfərə çatdırılması nəzərdə tutulmuşdur. Ölkə Prezidenti İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci il "Kənd təsərrüfatı ili" elan edilmişdir. Çox hörmətli Prezidentimiz Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Daşkəsən rayonu 2015-ci ildə də özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır".

Ə.Abıyev, həmçinin cari ilin keçən dövrü ərzində rayonda keçirilən bir sıra mədəni kütləvi tədbirlərdən də geniş söz açaraq bildirmişdir ki, ölkəmizdə İlk Avropa Oyunlaorının keçirilməsi tarixi hadisədir: "Möhtərəm Prezidentimiz İlham Əliyev yekun nitqində demişdir: "Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şərəfli missiyanı öz üzərimizə götürmüşük və bunu ən yüksək səviyyədə keçirmişik. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Bu, ölkəmizin gücüdür, potensialıdır". Sevindirici haldır ki, İlk Avropa Oyunlarının məşəli cari ilin may ayının 16-da Daşkəsən şəhərində alovlandırılmışdır. Bu tədbir yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir. Tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə İlk Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən rayonumuza "Xatirə" medalı verilmişdir".

Yığıncaqda Daşkəsən rayonu üzrə maliyyə idarəsinin sektor müdiri Rəşad Həsənov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev və gənclər və idman idarəsinin rəisi Samir Həsənov və digərləri daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra Ə.Abıyev rayon icra hakimiyyətinin başçısının müavini Namiq Süleymanova dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalını təqdim etmişdir.

N.Süleymanov dövlət qulluqçularına göstərdiyi ali diqqət və qayğıya görə ölkə Prezidentinə ürəkdən öz dərin minnətdarlığını, bundan sonrakı dövlətçilik fəaliyyətində daha da məsuliyyətli olacağını, bu etimadı şərəflə doğruldacağını vurğulayıb.

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunubdur.

R.KAMALQIZI