PDF Oxu

Siyasət

  • 7

Ermənistanda vəziyyət ağır yox, təhlükə astanasındadır

Ermənistanda vəziyyət ağır yox, təhlükə astanasındadır

İlham Əliyev: "Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq"

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirilib ki, məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir".

Ümumiyyətlə bütün sahələr üzrə Azərbaycanı Ermənistanla müqayisə etmək mümkün deyil. Dövlət başçısı müşavirədə bu məsələyə də toxunaraq bildirib ki, Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur: "Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş-daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük".

Ermənistanda faşizm rejimi hökm sürür

Ölkə Prezidenti İlham Əliyev Ermənistanla bağlı çıxışında onu da bildirib ki, bu ölkədə faşizm rejimi hökm sürür: "Ermənistan faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans, böyük bir nemət, sərvət idi. Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir. Ermənistan haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı var. Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Bir daha demək istəyirəm ki, hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Biz şərəflə yaşayırıq, biz ləyaqətli siyasət aparırıq və bizim siyasətimiz, bir daha demək istəyirəm ki, ümumbəşəri prinsiplər üzərində qurulubdur".

Ermənistanda diktatura rejimi

Dövlət başçısı İlham Əliyev Ermənistanda son aylar baş verən xaos və anarxiya ilə bağlı çıxışı zamanı işğalçı ölkədə kriminal diktatura rejiminin öz xalqını əzdiyini, xuntanın xalqın hesabına varlandığını bildirib. Qeyd edək ki, ölkə başçımızın reallığa söykənən fikirləri erməni ictimaiyyəti tərəfindən də etiraf olunur. Belə ki, son aylar Ermənistanda baş verən olaylar bunun məntiqi nəticəsidir. "SƏS" qəzetinin "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə erməni mayoru Qriqoryan erməni şagirdinin himn oxuyan zaman güldüyünü görərək, onu vurub. Şagird bildirir ki, ölkəyə rəhbərlik edənlərin hamısı, elə müəllimlərimiz də onun kimi bizimlə rəftar edir: "Bir də deyirlər ki, müstəqil yaşayırıq. Himn oxunarkən fikirləşdim ki, müstəqil ölkənin himnini ürəklə oxuyarsan, bizim ölkə müstəqildir ki? Zəiflər həmişə döyülür. Mayor Qriqoryan da məni güldüyümə görə təhqir etdi. Sonra isə o, mənim sinəmdən vurdu. Mən isə ona təpiklə cavab verdim. Əgər mən onu vurmasaydım, o, məni öldürə bilərdi".

Mayor Qriqoryan isə bildirib ki, Ermənistan müstəqil deyil: "Ermənistan heç vaxt müstəqil ölkə olmayıb və olmayacaq da. Yaxşı ki, bu, belədir. Biz Rusiya olmadan yaşaya bilmərik. Ruslar bizim "atamızdır". Biz isə qullarıq".

Erməni ekspertləri onu da bildirirlər ki, istər məktəbli şagird, istərsə sadə erməni xalqı, istərsə də mayoru bilməlidir ki, nə qədər Sarkisyan hakimiyyətdədir, müstəqillikdən danışmaq özü avamlıqdır. Çünki növbəti 5 il Rusiyanın siyasi kursu Ermənistanda davam etdiriləcək. Erməni eksperti Koryun Manukyan bildirib ki, S.Sarkisyanın hakimiyyətdə qalması Rusiyanın maraqlarını tamamilə qoruyur: "Ermənistanın Gömrük İttifaqına qoşulmasının seçkilərdən sonraya təxirə salınması da sui-qəsd şousunun əsas səhnəsidir. Sarkisyan bununla ABŞ və Qərb qarşısında Rusiya asılı siyasət yürütməmək formasını göstərməyə çalışır. Həqiqətə qalanda isə, Rusiya kimi ABŞ və Qərb üçün də Ermənistanın heç bir strateji əhəmiyyəti yoxdur. Çünki dünya və ABŞ bankları Ermənistana borc verməkdən imtina ediblər və Ermənistanın aldığı borcu geri qaytarmağa heç bir potensialı yoxdur".

Göründüyü kimi, Ermənistandakı mövcud ictimai-siyasi vəziyyəti bir qədər primitiv, səthi şərh edərək "vəziyyət ağırdır, dözülməzdir" də yazmaq mümkündür. Ancaq bu gün bu ifadələr ölkədəki durumu tam və dəqiq əks etdirməz. Çünki Ermənistanda vəziyyət ağır yox, təhlükə astanasındadır.

A.SƏMƏDOVA

Digər xəbərlər