"Tural Abbaslı "Ağ blok"u çox güman keçmişdəki qara günlərin etirafı olaraq yaradıb. Üstəlik, yenə də yalnış xəyallara, arzulara köklənərək yaradıb. Səbəb də aydındır: Arif Hacılıdan qisas almaq və İsa Qəmbərə demarş sərgiləmək! Amma, alınacaqmı? – Düşünmürəm. Niyə? Çünki onun qarşısındakı bu iki şəxs siyasətdəki bütün fırıldaqları, ikibaşlı oyunları, qurşaqdan aşağı zərbələri hamıdan gözəl mənimsəyən və zaman – zaman icra edən biriləridir. Onlar Tural Abbaslını sulu aparıb susuz gətirərlər. Bunu SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Partiya sədrinin sözlərinə görə, həmin bloka kənardan edilə biləcək transfer perspektivini mümkünsüz sayır: "Alınacaq şey deyil. AXCP və ADP zatən parçalanmış bir qurumdur. İkisi də bir dəri, bir sümükdür. Didilməyə belə nələrisə qalmayıb. Tural Abbaslı onların hansı qolunu, hansı budunu transfer edəcək?""Məncə eks başqanlığa namizəd gedib özünə iş tapsın. Bekarçılıq – həqiqətən heç yaxşı əlamət deyil. Ayrıca, cavan oğlan uşağı üçün çox ağır, dözülməz vərdişdir. Deyim ki, T.Abbaslı müsavat sıralarından da çıxsa kimsə onu qınamaz. Gəzsin bir az. Partiya – partiya, düşərgə - düşərgə, blok – blok. Müxalifətçiliyin də adrenalini elə budur da" – deyə, Partiya sədri fikirlərini ironik formada tamamlayıb.
sia.az