PDF Oxu

Siyasət

  • 14

Azərbaycan bir həftəyə işğala son qoya bilər

Azərbaycan bir həftəyə işğala son qoya bilər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin hələ də ikili yanaşma nümayiş etdirməsi təəccübə və təəssüfə səbəb olmaqdadır. Təbii ki, danışıqlar uzun müddət ola bilməz. Azərbaycanın hümanizm davranışı və səbr kasası daşa bilər. Bu isə Ermənistanın bir dövlət olaraq darmadağın olması və əhalisinin fəlakətlərə sürüklənməsi demək olar. Qısaca onu demək olar ki, bir həftə kifayət edər ki, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan əraziləri erməni hərbi birləşmələrindən təmizləsin. Politoloq Elşad Mirbəşiroğlu o fikirdədir ki, bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin tapmamasının əsas səbəbi dünya birliyinin ikili mövqedən yanaşmasıdır: "Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı oybektiv mövqe nümayiş etdirmir. Yəni Azərbaycanın ərazilərinin işğal olunması faktı birmənalı olaraq qəbul olunmur. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmin qətnamələr də işğalçı Ermənistanın adı konkret olaraq çəkilmir. Bu, özü-özlüyündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə çox böyük mənfi təsir göstərən amildir".

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, dünya birliyi Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi: "Təəssüflər olsun ki, bu gün açıq şəkildə Ermənistanın işğalçı bir ölkə olması etiraf olunmur. Bu da beynəlxalq ictimaiyyətin ermənipərəst mövqedən çıxışını göstərən məqamdır. Təbii ki, hər zaman Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına sədaqət nümayiş etdiribdir. Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi üçün bütün səylərini səfərbər edib. ATƏT-in Minsk Qrupunun təklif etdiyi "yenilənmiş Madrid" prinsipləri əsasında da Azərbaycan tərəfi müsbət yanaşmışdır. Azərbaycan dövləti bu prinsiplərə "hə" dediyi vaxtda Ermənistan hələ də bu prinsiplərə münasibət sərgiləməmişdir. Bu da onu göstərir ki, işğalçı ölkə olan Ermənistan münaqişə vəziyyətinin qalmasında maraqlı tərəfdir. Bir sözlə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil. Ermənistan bir dövlət olaraq işğalçılıq siyasətini prioritet kimi qəbul etdiyini göstərir. Bu baxımdan da, bu günə kimi, münaqişə öz həllini tapmayıb. Yəni dünya birliyinin münaqişənin mahiyyətinə, səbəblərinə və tənzimlənməsi prosesinə qeyri-obyektiv, qeyri-konustruktiv yanaşması Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına səbəb olub".

GÜLYANƏ