PDF Oxu

Siyasət

  • 9

Sifarişli qərarlar, qərəzli hesabatlar

Sifarişli qərarlar, qərəzli hesabatlar

"Freedom House" təşkilatının qərəzli hesabatı anti-Azərbaycan dairələrin növbəti sifarişidir

Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzunu artırdıqca uğurlarımıza qənim kəsilənlər də ortaya çıxır, hər vəchlə ölkəmizə və xalqımıza qara yaxmağa çalışırlar. Xüsusilə bəzi xarici dairələr və təşkilatlar ölkəmizdəki reallıqları təhrif etmək, beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə anti-Azərbaycan şəbəkə müstəqilliyini bərpa edildiyi ilk gündən ölkəmizə qarşı "qara piar" aparmaqla məşğuldurlar.

Azərbaycana qarşı məqsədli və qərəzli şəkildə hazırladıqları hesabatlarda ölkəmizdəki demokratik vəziyyəti qəsdən təhrif edir, guya insan hüquq və azadlıqlarının pozulduğunu iddia edirlər. Antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən təşkilatlardan olan "Freedom House" dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti "hesabatında" Azərbaycanla bağlı irəli sürülən iddiaları heç bir reallığa söykənmir, qeyri-obyektiv və qərəzlidir. Bu təşkilatın hesabatlarında Azərbaycan heç bir əsas və fakt olmadan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və Azərbaycanda guya insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur.

"Freedom House" təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri hesab edirlər ki, təşkilatın Azərbaycanla bağlı iddiaları reallığı əks etdirmir, qeyri-ciddidir və xarici anti-Azərbaycan dairələrin sifarişinin məhsuludur. Bu cür yersiz və qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də nüfuzunun artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqların qorunmasından danışırsa, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər. Bütün bunları görməzliyə vuraraq Azərbaycana qarşı sifarişlə qərəzli mövqe tutmaq nəticə etibarilə onların riyakar mövqeyini ortaya qoyur.

Maraqlıdır ki, "Human Rights Watch" belə ittiham xarakterli hesabatı hazırlayarkən hansı mənbəyə əsaslandığını qeyd etmir. Bunun özü artıq yanaşmanın qərəzli olduğunu təsdiq edir. Hesabatlara diqqət yetirdikdə, orada təkrar-təkrar ərəb ölkələrində baş verən "Ərəb baharı" xatırlanır və Azərbaycanda da buna bənzər hadisələrin baş verəcəyinin mümkünlüyü vurğulanır. Azərbaycan hökuməti də bunu etmək istəyənlərin qarşısını almaqda ittiham olunur. Bu yerdə qəribə bir sual ortaya çıxır: ölkədə ictimai asayişi, sabitliyi pozanların başı sığallamalıdır? Əlbəttə ki, qanunu pozanlar həbs olunmalı, məhkəmə yolu ilə cəzalarını almalıdır. Lakin öz qərəzli ambisiyasına "sadiqlik" nümayiş etdirən "Human Rights Watch" Azərbaycanda qarışıqlıq salmaq istəyənlərə qarşı hökumətin hansısa addım atmağını istəmir. Guya həmin şəxslərə toxunmaqla Azərbaycan hökuməti qanunları pozur. Bu qərəzli hesabata dəstək olan bəzi media orqanları hesabatın müəyyən hissələrini götürüb yaymaqla elə bir görüntü yaratmaq istəyir ki, guya Azərbaycanda doğrudan da bərbad durum var. Hətta vəziyyət o dərəcəyə gəlib çatıb ki, "Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı da bunu təsdiqləyib.

Məsələ ilə bağlı "Demokratiya və İnsan Haqları" Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə bildirib ki, "Human Rights Watch", "Fredom House" və kimi digər beynəlxalq təşkilatlar hər zaman yerləşdiyi və ya təsir dairəsində olduğu ölkənin maraqlarına xidmət edən açıqlamalarla çıxış edirlər: "Human Rights Watch"un Azərbaycanla bağlı yaydığı son bəyanatın müəyyən təsirlər altında verildiyini hesab edirəm. Bəzi ölkələr var ki, Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilmirlər. Bu baxımdan da onlar hər zaman Azərbaycana təzyiq etməklə təsir altında saxlamağa cəhd edirlər. Bu açıqlamada QHT-lərə qarşı yaradılan məhdudiyyətlərlə bağlı bir məsələni xüsusi qeyd etmək istərdim. QHT-lərlə bağlı qanun layihəsini parlamentə çıxaran, müəyyən dəyişikliklər edilməsini təklif edən mən olmuşam. Mən özüm də QHT sədri və hüquq müdafiəçisiyəm. Onların ölkəmizdəki hansı məhdudiyyətdən danışdıqlarını anlamıram.

Qərəzli və həqiqətdən uzaq hesabatlarla çıxış edən beynəlxalq təşkilatlar istəməsələr də, öz maraqlarına uyğun çıxış edərək, səhv mövqe tutsalar da, gec-tez anlayacaqlar ki, bu dövlətlə hesablaşmalıdırlar, bu dövlətin hüquqlarına hörmət etməlidirlər və qərəzli mövqelərindən əl çəkməlidirlər. Möhtərəm Prezident andiçmə mərasimində çox gözəl söz söylədi: "Azərbaycan heç kimin qarşısında əyilməyib, Azərbaycanı tanıyırlar, etiraf edirlər, bundan sonra da etiraf edəcəklər. Azərbaycan bu gün heç olmadığı qədər güclüdür. Bunu etiraf etməlidirlər. Güclü dövlətlə hesablaşmağın vaxtı çatıb və hesablaşacaqlar da".

A.SƏMƏDOVA

Digər xəbərlər