PDF Oxu

Siyasət

  • 9

YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının növbəti yığıncağı keçirilib

YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının növbəti yığıncağı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı qadınlar şurasının növbəti yığıncağı keçirilib. Rayon təşkilatının qərargahında keçirilən tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq 2015-ci ilin noyabr ayında keçirləcək parlament seçkilərinə hazırlıqla bağlı geniş məlumat verərək qeyd edib ki, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyamızın fəaliyyətinin bələdçisidir: "YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirməklə milyonların dəstəyini qazanıb. Yeni Azərbaycan Partiyası daim inkişafa, yeniliyə maraq göstərib, fəaliyyətinin önündə dövlətə, xalqa xidmət əsas yer tutur. Dövlətimizin daha da qüdrətlənməsi, insanların daha da yaxşı yaşaması üçün səylərini artıran partiyanın gələcəyinə inam böyükdür. Partiyamız bütün seçki proseslərinə yeni şüarla qatılır, davamlı inkişafın prioritet məsələ olduğunu devizində əks etdirir. Ölkədə keçirilən butün seçki proseslərindən qələbə ilə çıxan YAP-ın qarşıdan gələn parlament seçkilərində də uğur qazanacağı şəksizdir. Azərbaycanın bugünkü reallıqları, Prezident İlham Əliyevin gördüyü işlər bu qələbəyə böyük əsas yaradır. Bu baxımdan da, hər zaman olduğu kimi, bu seçki prosesində də partiya özündə arxayınlıq yaratmayaraq, hazırlıq işlərini yüksək səviyyədə həyata keçirməyə çalışır. Nəzərə alsaq ki, hazırlıq işlərinin yüksək təşkili qələbə üçün uğurlu başlanğıcdır, bu halda səylərin daha da artırılması mütləqdir".

YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının sədri Nüşabə Seyidova da çıxışı zamanı bildirdi ki, şübhəsiz bu gün Azərbaycan cəmiyyətindəki yeniliklərin mütərəqqi xarakteri qadınların yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə təsirsiz keçmir: "Cəmiyyətdə böyük nüfuza, mövqeyə malik olan qadınlarımız bu gün dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə ürəklə dayaq olurlar. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit və iqtisadi inkişaf ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir".

Tədbirdə YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının üzvləri Rəfiqə Mürsəlova, İlhamə İbrahimova, Fəridə Cəfərova, Sahibə Əmiraslanova, Validə Şükürova rayon təşkilatı qadınlar şurası sədrinin müavini Qətibə Məmmədova və başqaları çıxış edərək qeyd etdilər ki, YAP-ın özünəməxsus rolu olduğunu görməmək qeyri-mümkündür. Yeni Azərbaycan Partiyasının qələbələr partiyası imicini daha da möhkəmləndirmək, uğur səhifələrimizə yenilərini artırmaqdır. Çıxış edənlər onu da vurğuladılar ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik".

Çıxışlarda yetkin fikir o oldu ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, qarşıdakı parlament seçkilərini də növbəti möhtəşəm qələbə ilə başa vuracaq.

R.HÜSEYNOVA