"Hesab edirəm ki, qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti Bako Saakyanın ayrı-ayrı dövlətlərə dəvət alması, onun bu yaxınlarda "Chatham House" beynəlxalq akademiyasında olması, orada çıxış etməsi, bundan əlavə müxtəlif ölkələrə dəvət alıb orada rəsmilərlə görüşlərin təşkil edilməsi nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə deyil, əksinə problemin həllinin daha da uzadılması mənafeyinə xidmət göstərir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli Rusiya tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikasının separatçı rəhbəri Bako Saakyana "Böyük Pyotr" ordeninin verilməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, yaxşı-pis separatçı olmur: "İstənilən halda separatçı pisdir və ona qarşı müvafiq tədbirlər görülməlidir, mexanizmlər işə salınmalıdır. Amma təəssüf ki, biz bunun şahidi deyilik. Separatizmlə, terrorizmin nə qədər bir-birinə yaxın olduğu hər kəsə bəllidir. Onlar bir-birini tamamlayırlar. Bu nöqteyi-nəzərdən qondarma "DQR"nın rəhbəri Bako Saakyanın bu dəfə də Rusiya tərəfindən mükafatlandırılması və ona "Böyük Pyotr" ordeninin verilməsi hesab edirəm ki, nəticə etibarilə separatizmin dəstəklənməsi və genişlənməsi üçün əlavə imkanlar yaradır. Təbii ki, bu, çox mənfi bir haldır və tendensiyadır. Hesab edirəm ki, bu şəkildə münaqişəni həll etmək mümkün olmayacaq. Sözün həqiqi mənasında beynəlxalq birlik, ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri bu münaqişəni həll etmək istəyirlərsə o zaman gərək belə addımlar atmasınlar və separatizmin liderinə dəstək göstərməsinlər. Bu, artıq bir president yaradır".
sia.az