SİYASİ RAKURS
Yaxud ənənəvi müxalifətin uzun illərdir qazandığı yeganə "uğur"
Noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı qarşı düşərgədə cərəyan edən hadisələr heç də digər seçkilərdəkindən fərqlənməməkdədir. Bir sıra partiyalar seçkilərə blok, birlik, hərəkat şəklində qatılacaqlarını bəyan edir, bəziləri hələ ki, yeni birlik axtarışında olduqlarını bildirir, o biriləri isə bəri başdan seçkilərdə məğlub olacaqlarını dərk etdiklərinə görə, siyasi təşkilatlarının ayağını yerə verməməkdən ötrü guya "seçkilərin demokratik olmayacağına görə" boykota getdiklərini deyirlər. Ancaq fakt budur ki, ənənəvi düşərgədə qərarsızlıq və pərakəndəlik hökm sürür. Bu, onların uzun illərdir ki, qazandıqları yeganə "uğurlarıdır".
Əli Kərimlinin "seçkilərdə iştirak etməyəcəyik" bəyanatı AXCP və "Milli Şura"da qulaqardına vurulur
Bəlli olan budur ki, ictimai-siyasi rəydə AXCP-nin dərnəyi kimi anlaşılan "Milli Şura" rəhbərliyi deputat mandatı uğrunda rəqabətə girməkdən çəkinir. Belə ki, qurumun keçirilən sonuncu iclası zamanı Cəbhə sədri Əli Kərimli açıq şəkildə etiraf etməyə məcbur olub ki, "hazırkı mərhələdə seçkilərdə iştirak hər hansı bir nəticə verə bilməz". Halbuki o, partiyasının və "Milli Şura"nın ən guya güclü və aparıcı müxalifət qurumları olduğunu bir iddia kimi irəli sürür.
Lakin "Milli Şura"da təmsil olunanlar heç də Əli Kərimlinin dediyi ilə oturub-durmaq fikrində deyillər. Daha dəqiq desək, "Milli Şura"da müəyyən şəxslər seçkilərdə iştirak etmək istəklərini deyirlər.
O cümlədən, AXCP daxilində də müəyyən şəxslər, xüsusilə narazı qruplar seçkilərdə iştirak etmək niyyətində olduqlarını gizlətmirlər. Məsələn, Əli Kərimlinin müavini Nurəddin Məmmədli bir müddət əvvəl bəyan etmişdi ki, boykot çıxış yolu deyil və şəxsən o, seçkilərdə iştirak etməyin tərəfdarıdır. Sədr müavininin seçkilər ərəfəsində müstəqil şəkildə namizədliyini irəli sürəcəyi də istisna olunmur. Çünki o, bələdiyyə seçkilərində də iştirakı vacib hesab edirdi. Ancaq Kərimlinin boykot çağırışına qarşı hazırlıqların da getdiyini inkar etmək olmaz. Seçkilərə qatılmaq fikrində olanların yaxınlarda AXCP-dən və "Milli Şura"dan çıxma ehtimalları reallaşa bilər.
VAMP sədrinin seçkilərdə iştirak etmək marağı ortaya çıxıb
Bu arada Vahid Azərbaycan Milli Birlik Partiyasının (VHMBP) sədri, Hacıbaba Əzimov neçə aylardır ki, siyasi fəaliyyətlə məşğul olmasa da, "Milli Şura"nın üzvü kimi qalmaqdadır. Yalnız kağız üzərində siyasi fəaliyyətlə məşğul olduğu görünən VAMP sədrinin seçkilərdə iştirak etmək marağı ortaya çıxıb. Düzdür, o da digərləri kimi qərarsız görünür, ancaq boykot qərarının doğru olmadığı qənaətində olduğunu bildirir. "Milli Şura" sıralarından istefa verərək onun seçkilrərdə iştirakı reallaşarsa, qurum daha bir partiyanın oranı tərk etməsi acısını yaşamalı olacaq. Hətta bu yaxınlarda onun "Milli Şura"nın sessiyasına qatılmaması, həmin zaman irəli sürdüyü fikirləri də aydın şəkildə göstərir ki, artıq onun üçün nə "Milli Şura", nə də ki, ümummüxalifət maraqları önəm kəsb etmir. Bu baxımdan, Hacıbaba Əzimovun seçkilərdəki iştirakı digər "Milli Şura" üzvlərinə də bir çağırış siqnalı ola bilər.
VHP hətta seçkilərə qatılmaq barədə ümumi rəyə gəlsə də, qərarını qətiləşdirmədiyini bəyan edir
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) ali məclisinin sədri Rafiq Manaflı isə təmsil olunduğu siyasi təşkilatın qurultaya hazırlaşdığını deyib. O, qurultayla yanaşı, seçkilərə qatılacaqlarını da bəyan edib. Onun sözlərinə görə, iyulun 30-da partiyanın siyasi şurasının toplantısı keçirilib və toplantıda müzakirə edilən əsas məsələlərdən biri də parlament seçkilərində iştirak olub: "Toplantıda partiyanın seçkilərə münasibəti ifadə olundu. Eyni zamanda, VHP qurultayını keçirmək niyyətindədir, bu istiqamətdə müəyyən işlər görülür. Biz planlaşdırırıq ki, bu ilin sonu, gələn ilin əvvəllərində qurultayı keçirək. İndi rayon təşkilatlarının konfransları keçirilir, hazırlıq işləri aparılır. Siyasi şurada qurultaya hazırlıq məsələləri də müzakirə edilib. Seçkilər məsələsi müzakirə edilərkən siyasi şura səs çoxluğu ilə iştirak haqqında qərar çıxardı. Yəni partiya qarşıdan gələn seçkilərdə iştirak edəcək. Artıq bu qətiləşib. Biz bu qərar üzərində dayanmışıq".
R.Manaflı qeyd edib ki, təmsil olduğu "Milli Şura"da qarşıdan gələn seçkilərdə iştiraka maraqlı deyil. Onun sözlərinə görə, şura seçkilərlə bağlı qərar verməsə də, iştirak etməmək düşüncəsi daha üstündür. Hələlik bu qurum qəti qərarını verməyib. Göründüyü kimi, VHP hətta seçkilərə qatılmaq barədə ümumi rəyə gəlsə də, qərarını qətiləşdirmədiyini bəyan edir. Bu da düşünməyə əsas verir ki, əslində, VHP müxalifətin hər hansı bir birliyinə qoşulmaq istəyindədir. Ancaq müxalifətdə real birliyin olmaması partiyanın verəcəyi qəti qərarı gecikdirir.
Bənzər olaylar, demək olar ki, ADP-də, Müsavatda, Ədalətdə, "Ümid"də və s. müxalifət partiyalarında da davam edir. Bu isə bir daha ənənəvi düşərgənin qərarsızlığı ilə yanaşı, indidən real qələbə qazana bilməyəcəyinin açıq göstəricisidir.
Rövşən RƏSULOV