PDF Oxu

Siyasət

  • 11

Ermənistanda sosial durum ağırlaşmaqda davam edir

Ermənistanda sosial durum ağırlaşmaqda davam edir
Sarkisyan düşdüyü vəziyyətdən çıxa bilmir

Artıq problemlər məngənəsində çabalayan Ermənistanda vəziyyət pik nöqtəsinə çatıb. Erməni mətbuatının verdiyi məlumata görə, "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə artıq iyulun 31-dən başlayaraq polisin təziqlərinə baxmayaraq "Ya ölmək, ya da qalib gəlmək!" şüarı ilə Yerevanın və başqa şəhərlərin küçələrini bağlamağa başlayıblar.

Hökumət siyasi böhranın bir addımlığındadır. Ermənistanda hadisələrin bu məcrada baş verməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır. Görünən odur ki, Sarkisyan hökuməti ölkədəki durumun yaxşılaşması üçün nə lazımi addımlar atır, nə də insanların digər ölkələrə getməsinin qarşısını ala bilir. Erməni saytlarının verdiyi məlumatlarda göstərilir ki, vəziyyət getdikcə daha da pisləşir. İnsanların ölkəni tərk etmələrinə səbəb isə əsasən işsizlik deyil, həm korrupsiya və rüşvət hallarının durmadan artması, eləcə də idarəçilikdə süründürməçilik, ictimai, sosial və mənəvi problemlərdir. Bundan başqa Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Bu isə, onun prezident kreslosuna əlvida deməsidir.

Ekspertlər isə bildirirlər ki, ölkə iqtisadiyyatının istisnasız olaraq bütün sahələrindəki inhisarlar ləğv edilməyincə, yüksək çinli dövlət məmurlarının iri biznesləri dayandırılmayınca, rüşvətxorluq və korrupsiyaya son qoyularaq qanunların işləkliyi təmin olunmayınca, vətəndaşların tələblərinin heç biri yerinə yetirilən deyil. Proses artan xətlə də gedə bilər. Hazırda rəsmi Yerevan Rusiyadan asılı vəziyyətdədir. Ermənistanın müstəqil bir fikri yoxdur. Sarkisyan hökuməti elə çıxılmaz durumdadır ki, Kremlin çaldığı hər havaya oynamaq məcburiyyətindədir. O, hazırda Rusiyanın əmrlərini yerinə yetirir. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanda böyük bir vətəndaş müharibəsi də baş verə bilər. Onsuz da vəziyyət çox gərgindir. Ermənistan hakimiyyəti gələcəkdə dünya gücləri, xüsusilə ABŞ və Avropa İttifaqının bütün mənalarda embarqoları ilə qarşılaşa bilər. O baxımdan bu gün Sarkisyan hakimiyyətinin vəziyyəti o qədər pisdir ki, onların əvəzinə hətta sevinmək belə mümkün deyil.

Artsvik Minasyan: "Serj Sarkisyanın irrasional və yarıtmaz siyasəti Ermənistanda bütün sahələrdə xaotik durum yaşadıb"

Ölkədə yaranmış vəziyyətlə bağlı Ermənistanın "Daşnaksütyun" partiyasının fraksiyasından olan deputat Artsvik Minasyan "Novosti Armenii" saytına verdiyi açıqlamasında bildirib ki, Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur: "İşğalçı ölkəyə rəhbərlik edən Serj Sarkisyan və komandasının həyata keçirdiyi irrasional və yarıtmaz siyasət nəticəsində Ermənistanda demək olar ki, bütün sahələrdə xaotik durum yaşanır. Həmçinin, hökumətin yanaşmaları təsadüfi, situativdir - onları nə sosialist, nə liberal, nə də ki, bazar yanaşması adlandırmaq olar. Çünki iqtisadi siyasətdə dəyərlər sistemi yoxdur".

Artsvik Minasyan onu da bildirib ki, hökm sürən iqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib: "Əlbəttə ki, bütün bunların əsasında hakimiyyətdə olan rejimin istinad etdiyi daxili və xarici siyasət kursu dayanır. Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı və irrasional xarici siyasət kursu səciyyələndirilir. Belə ki, Yerevanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb".

Qeyd etmək lazımdır ki, bu durum cəmiyyətdaxili münasibətlərə də mənfi təsir göstərməkdədir. Ən çox da Ermənistan gəncləri ölkələrinin gələcəyinə inanmırlar.

Ermənistan gənclərinin 88,5 faizi işğalçı ölkəni tərk etmək istədiklərini bildirirlər

Bu faktı ölkədə fəaliyyət göstərən Milli Birlik Cəmiyyətinin gənclər arasında apardığı sosioloji sorğunun nəticələri də təsdiqləyir. Sorğunun əsas məqsədi gənclərin Ermənistana bağlılığını və onların ölkədə qalıb-qalmamalarını öyrənmək olub. Sorğunun nəticələri acınacaqlı olub. Belə ki, rəyi soruşulan gənclərin 88,5 faizi Ermənistanı tərk etmək istədiklərini bildirib. Onlar bunu Ermənistanın iqtisadi vəziyyətinin iflic olması, işsizliyin tüğyan etməsi, ali təhsilli gənclərin əksəriyyətinin iş tapa bilməməsi, əhalinin böyük bir hissəsinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər. Qeyd etmək lazımdır ki, bu durumun fonunda ölkə vətəndaşlarının miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Mövcud demoqrafik problemlər isə sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır.

Ermənistanda ailə oliqarxiya rejimi

Ekspertlərin sözlərinə görə, Serj Sarkisyan və onun yaxın ətrafı Ermənistanda iqtisadiyyatın bütün sahələrinə total şəkildə nəzarət edirlər. Doğrudur, müasir dünyada oliqarxiyanın təsirli olmadığı heç bir ölkə yoxdu, amma Ermənistanda ailə oliqarxiya rejimi bütün sərhədləri aşaraq, ölkəni kriminal tərzdə birbaşa qarət edir. Ona görə də Baqramyan prospektindəki etirazçıların "Rədd olsun banda!" çağırışı etməsi çox məntiqlidir. Lakin məntiqli olmayan və kifayət qədər düşündürücü olan bu şüarın ermənicə deyil, ukrayna dilində "Bandu get" olaraq səslənməsidir. Son etiraz aksiyaları ilə klassik Maydan lahiyəsinini oxşar tərəfləri kifayət qədərdir. Hələ Azadlıq meydanında aramsız etiraz aksiylararı zamanı oraya səhra mətbəxlərinin gətirilməsi, enerji tariflərinin artmasına qarşı olan aksiyalarda Ermənistan bayraqları ilə barəbər hardansa Avropa İttifaqının bayrağının peyda olması, aksiya iştirakçılarının xarakterik davranış və əl hərəkətləri bu hadisələrin heç də kortəbii olmadığını göstərir.

Bu baş vərənlər Ermənistanın gələcək siyasi həyatında yaşanacaq çox önəmli proseslərin ilk mərhələsidir. Ölkə rəhbərliyi bu proseslərdən özünü necə qoruyacaq? Təxmin etmək çətindir. Lakin əminliklə demək olar ki, Yerevanda "maydanın" baş verməsi həm Ermənistana, həm də bölgəyə yaxşı heç nə vəd etmir. Əks təqdirdə Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.

Beləliklə də, çıxış yolu yoxsul Ermənistan xalqının hazırkı hakimiyyətə qarşı sonadək mübarizə aparmasıdır. Yerevandakı aksiyalar ətrafında baş verənlər göstərir ki, yoxsul Ermənistan xalqına heç kəs sahib çıxmaq istəmir və bu inqilabı yalnız yoxsul Ermənistan xalqı edəcək.

A.SƏMƏDOVA