PDF Oxu

Siyasət

  • 9

Ölkəmizdə təhsilin infrastrukturu yenilənir

Ölkəmizdə təhsilin infrastrukturu yenilənir

Azərbaycanın sosial-iqtisadi inkişafı, insanların maddi-rifah halının yüksəlməsi ölkəmizin sürətli inkişafının, uğurlarının və nailiyyətlərinin göstəricisidir. Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan müasir dünya dövlətləri ilə rəqabətə davamlıdır. Əlbəttə, bütün bunlar ölkədə həyata keçirilən köklü islahatların nəticəsində mümkün olub. Neft kapitalının insan kapitalına çevrilməsini əsas məqsəd olaraq ortaya qoyan Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazası yaradılıb. Azərbaycanın müxtəlif şəhər və rayonlarında dünya standartlarına uyğun şəkildə inşa olunan təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib. Azərbaycan "Avropa ali təhsil məkanına" - Boloniya prosesinə qoşulub. Bu və ya digər nailiyyətlər Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasını sürətləndirib.

Ölkədə aparılan düzgün təhsil strategiyasının nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələri ilə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığı möhkəmlənib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" əsasında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Hazırda Dövlət Proqramına əsasən, dünyanın 34 ölkəsinin 476 universitetində azərbaycanlı gənclərin təhsil almaq imkanı reallaşıb.

Təhsil sisteminin modernləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq Cənab İlham Əliyevin Sərəncamı ilə həyata keçirilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəd olaraq əhəmiyyətlidir. Strategiya Azərbaycanda təhsil islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidinə zəmindir. Belə ki, strategiyada müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi nəticəsində təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasına təkandır.

Strategiya təhsilin bütün sahələrini əhatə edir və yaxın gələcəyə hesablanmış dolğun, mükəmməl bir fəaliyyət planıdır. Qarşıda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcək bu sənəd təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafınını təmininidə əhəmiyyətlidir.

Sənəddə təhsil sahəsində beynəlxalq təcrübə və meyillərə də nəzər salınır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. 2016-cı ildən başlayaraq, mütəmadi beynəlxalq təhsil proqramlarının tanınması və onların tətbiqi ilə bağlı müvafiq mexanizmlər hazırlanması və həyata keçirlməsi nəzərdə tutulur.

"AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİLİN İNKİŞAFI ÜZRƏ DÖVLƏT STRATEGİYASI"NIN HƏYATA KEÇİRİLMƏSİ İLƏ BAĞLI "FƏALİYYƏT PLANI"NA UYĞUN OLARAQ 1971 TƏHSİL MÜƏSSİSƏSİ ATŞ-ə QOŞULUB

Müasir dövrümüzdə təhsil müəssisələrinin sinif otaqlarının kompüterləşdirilməsi, avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərir. Bu baxımdan kompyuterlərin internet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün kompyuterlərin lazımi proqramlarla təchiz edilməsi Sənəddə diqqətə çəkilir. Belə ki, müasir tələblərə cavab verən və ömür boyu təhsil təmin edən təhsil infrastrukturunun yaradılması Fəaliyyət Planında öz əksini tapıb. Təhsil müəsisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturunyaradılması, hər bir təhsil müəsisəsinin internetlə, ümumi orta təhsil səviyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin olunması strateji hədəf olaraq qarşıya qoyulur. Bu məqsədlə ümumi orta təhsil səviyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin edilməsi, regionlarda universal mərkəzlərin yaradılması üzrə dövlət proqramı layihəsinin yaxın gələcəkdə hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı "Fəaliyyət Planı"na uyğun olaraq son 5 ayda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini və Şəmkir, Qəbələ, Ucar, Biləsuvar, Samux, Qax, Zaqatala, Oğuz, Ağsu, Tovuz rayonlarını əhatə edən 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Həyata keçirilən bu işlər ölkədə tədris prosesinin daha effektiv qurulmasına şərait yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir.

Bu günədək ATŞ-yə 1971 təhsil müəssisəsi qoşulub. Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin qurumları ilə əlaqələndirilməsi təmin edilib.

Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan istifadə imkanı qazanıblar. ATŞ-də istifadə edilən "Websens" proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb.

Eyni zamanda, 2015-ci ilin mart-iyul ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədi ilə ölkə üzrə 1800 ədəd stolüstü kompyuter, 806 ədəd noutbuk, 245 ədəd proyektor və 111 ədəd interaktiv elektron lövhələr paylanılıb. Yeni avadanlıqlar informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığının artırılması üzrə keçirilən təlimlərdə yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarə heyətinin üzvlərinə verilir.

Bütün bu reallıqlar göstərir ki, müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil və demokratik dövlət kimi bu sahənin inkişafına daim diqqət yetirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər