Artıq parlament seçkilərinə 3 aydan da az bir vaxt qalıb. Qeyd edək ki, noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin ictimai-siyasi həyatında siyasi partiyaların yeri və rolunun nə qədər əhəmiyyətli olduğu özünü büruzə verməyə başlayır. Partiyalar seçkiöncəsi durumlarını təhlil edərək, seçkilərdə hansı namizədlərlə və hansı dairələrdə mübarizə aparacaqlarını müəyyənləşdirməyə çalışırlar.
YAP Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Azərbaycandakı digər siyasi partiyalardan təkcə öz üzvlərinin sayına görə, əhali arasında qazandığı etimada görə fərqlənmir. Bu partiyanın cəmiyyətdə aparıcı rol oynamasını şərtləndirən bir sıra amillər var ki, istənilən cəmiyyətdə istənilən siyasi partiyanın önə çıxması üçün həmin şərtlərin reallıqda öz əksini tapması mütləqdir.
Əli Əhmədov: "YAP parlament seçkilərinə böyük inamla gedir"
Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Sədrinin müavini parlament seçkiləri ilə bağlı keçirilən müşavirələrdəki çıxışlarında YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini bildirib: "Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyədə gedir. Bunun üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Son parlament seçkilərinin keçirildiyi 2010-cu ildən bu günə qədər Azərbaycan böyük inkişaf mərhələsi keçib. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə uğurlar gətirib. Təbii ki, əldə olunan nailiyyətlər partiyamızın növbəti parlament seçkilərinə inamla getməsi üçün ciddi əsaslar verir".
Əli Əhmədov bildirib ki, ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanlar daha yaxşı yaşamağa başlayıblar. Onun sözlərinə görə, bütün bunların hamısı ölkəmizdə həyata keçirilən Prezident siyasətinin müsbət nəticələridir: "Hakimiyyətdə olan partiya kimi biz növbəti seçkilərə məhz bu nailiyyətlərlə, uğurlarla, yeniliklərlə gedirik. İnsanlar hər bir partiyaya, xüsusilə də, hakimiyyətdə olan partiyaya görülən işlərə görə qiymət verirlər. Biz də növbəti parlament seçkilərinə gedərkən hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək, YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. Çünki hər bir vətəndaş aydın şəkildə dərk edir ki, YAP-ın hakimiyyətdə olması, seçkilərdə uğur qazanması növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurla irəliyə getməsinin əsas şərtidir. Belə olan halda, hər bir vətəndaş təbii olaraq, ölkəmizdə, o cümlədən, öz həyatlarında müsbət dəyişikliklərin davamlı olmasını arzu edərək hakimiyyətdə olan partiyanı və onun irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. İnsanlar şahidi oldular ki, Prezident komandasının verdiyi sözlər vəd olaraq qalmır, lazımi səviyyədə yerinə yetirilir. Güman edirəm ki, seçki dövründə də ölkə miqysında aparacağımız təbliğat bu fundamental dəyişikliklərə və nailiyyətlərə istinad edəcək".
YAP xalqa verilən vədləri yerinə yetirir
22 ildir ki, bunun şahidiyik. Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların bələdçisi olmaqla yanaşı, bu inkişafa, tərəqqiyə töhfələri ilə cəmiyyətdə nufuzunun artmasına, sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsinə nail olmuşdur. YAP-ın parlament seçkiləri ilə bağlı keçirilən müşavirələrində bildirilib ki, Azərbaycanda bu vaxta qədər keçirilən bütün seçkilər zamanı cəmiyyətə yeniliklər təqdim edən hakim partiya budəfəki təbliğatını da bir qədər fərqli şəkildə aparacaq. 650 mindən artıq Yeni Azərbaycan Partiyası üzvünün olmasına baxmayaraq, kütləvi tədbirlərə o qədər də ehtiyac duymayan partiyanın təbliğat-təşviqat mexanizmi bu dəfə insanlarla fərdi ünsiyyətin qurulması şəklində aparılacaq. Bu da, təbii ki, sonda əhalinin partiya təmsilçiləri ilə ünsiyyətini bir az da yaxınlaşdıracaq. İnsanlarla fərdi ünsiyyətin, görüşlərin keçirilməsi bir tərəfdən onların öz arzu və istəklərini namizədlərinə daha aydın şəkildə çatdırmasına imkan yaradacaq, digər tərəfdən isə, qaldırılan hər hansı problemlərin qısa müddətdə həllini tapmasını sürətləndirəcək. Odur ki, bəri başdan YAP-ın bu seçkilərdə də bütün opponentlərini üstələyəcəyi və liderliyini qoruyub saxlayacağı demək olar.
Müxalifət ictimai rəyə yenilik təqdim edə bilmir
Ancaq seçkidən-seçkiyə ölkədə "demokratik dəyərlərin inkişafındakı problemləri" yada salan müxalifət yenə də ənənəvi taktikasından - küçə yürüşləri və "mitinq şouları", "boykot" taktikasından əl çəkmir. Çünki cəmiyyətə hər hansı yeniliyi, yeni seçki texnologiyalarını təqdim etmək üçün onun üzərində oturub düşünməyi bacaran və müasir dünyada gedən prosesləri cəmiyyətdəki proseslərlə əlaqələndirməyi bacarmaq lazımdır. Sual olunur - Azərbaycan müxalifətinin son dəfə cəmiyyətə hansısa yenilik təqdim etdiyi olubmu? Amma müxalifət bunu özü üçün böyük problemə çevirmir. Çünki cəmiyyətdə dağıdıcı müxalifət, eləcə də ənənəvi müxalifət kimi tanınan partiyalarda süstlük və çaşqınlıq amili davam edir. İstefalar, qarşıdurmalar, ziddiyytlər partiyalararası olduğu kimi, eyni zamanda partiyalardaxili müstəvidə cərəyan etməkdədir. Xüsusilə, 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra bu olay özünü daha çox nümayiş etdirməyə başladı ki, nəticə də göz önündədir. Təbii ki, belə bir məqamda nə xalqdan, nə də elektoratdan hər hansı dəstəyi gözləməyə dəyməz. 25 ildir eyni sözün təkrarlanması, eyni "siyasətin" yürüdülməsi, eyni çağırış və bəyanatların verilməsi, eyni ittihamların irəli sürülməsi, mitinqlərin keçirilməsi, bütün bunların arxasından isə eyni simaların, eyni fərdlərin çıxması xalqı sözün gerçək mənasında bezdirib.
Beləliklə, deyilənlər bir daha onu sübut edir ki, Azərbaycan müxalifəti kifayət qədər geridə qalmaqdadır, eyni zamanda pozuculuq əməllərini cəmiyyətin üzərinə yıxmaları onların heç vaxt bir araya gələrək, hər hansı seçkilərdə qələbə çalma ehtimallarını sıfır həddində saxlayır. Niyyətləri özlərinin siyasi ömürlərini uzatmaqla seçki arenasında, hətta fəaliyyətsiz olaraq qalıb çürüməkdir.
RƏFİQƏ HÜSEYNOVA