Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə, tarixə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilir. Ölkəmizdə mövcud olan dinlərarası, millətlərarası münasibətlər tolerantlıq və dözümlülük ənənələri dünya üçün örnəyə çevrilib. Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscidin tikilməsi, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bu sırada Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı kimi məscidləri vurğulamaqla yanaşı, Qafqazın ən böyük məscidi olan möhtəşəm, əzəmətli Heydər Məscidinin tikilməsini Azərbaycanda dini ənənələrə sadiqliyinin göstəricisi olduğunu bildirməliyik. Təbii ki, Azərbaycanda yaşayan hər bir xalqın dini adət-ənələrinə də dövlət tərəfindən belə böyük diqqət göstərilir, həssalıqla yanaşılır. Başqa dinlərin məbədlərinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisi də buna əyani misaldır.
Tolerantlıq və dözümlülük ənənələri ilə zəngin və dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində Azərbaycanda görülən işlər müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının məntiqi nəticəsidir. Ölkəmizdə mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunduğunun göstəricisidir.
Müasir dövrümüzdə multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi zəruri hala çevrilib. Dünyanın bir çox ölkələrində müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqi də əhəmiyyətli məsələlərdəndir. Bu baxımdan Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Mərkəz Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək məqsədilə ardıcıl işlər görür. Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanıdılaraq və mövcud multikultural modelləri tədqiq və təşviq edilir.
Görülən işlərin davamı olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 5 avqust tarixli Sərəncamı ilə Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Dini mədəniyyətin inkişafı" fonduna 3 (üç) milyon manat ayrılıb.
Bu, ölkəmizdə tolerantlıq mühitinə, tarixi tolerantlıq ənənələrinə dövlət tərəfindən ayrılan daha bir diqqət və qayğıdır. Ölkəmizdə müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşaması üçün lazımı şərait mövcuddur. Dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir. Ölkəmizdə mövcud olan bu mühit ölkə başçısnın mütərəqqi mühiti formalaşdırmağa nail olmasından irəli gəlir.
Bu gün Azərbaycanda mükəmməl qanunvericilik bazası və siyasi iradə mövcuddur. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yaşayırlar.
Nəzakət ƏLƏDDİNQIZI