PDF Oxu

Siyasət

  • 4

Ermənistan inqilabın astanasında

Ermənistan inqilabın astanasında
Elman Nəsirli: "Sarkisyan xalqlar arasındakı problemi qanla həll etmək istəyir"

Artıq problemlər məngənəsində çabalayan Ermənistanda vəziyyət pik nöqtəsinə çatıb. Erməni mətbuatının verdiyi məlumata görə, "Ayağa qalx, Ermənistan!" hərəkatı sosial tələblərlə artıq iyulun 31-dən başlayaraq polisin təziqlərinə baxmayaraq "Ya ölmək, ya da qalib gəlmək!" şüarı ilə Yerevanın və başqa şəhərlərin küçələrini bağlamağa başlayıblar.

Hökumət siyasi böhranın bir addımlığındadır. Ermənistanda hadisələrin bu məcrada baş verməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır. Görünən odur ki, Sarkisyan hökuməti ölkədəki durumun yaxşılaşması üçün nə lazımi addımlar atır, nə də insanların digər ölkələrə getməsinin qarşısını ala bilir. Erməni saytlarının verdiyi məlumatlarda göstərilir ki, vəziyyət getdikcə daha da pisləşir. İnsanların ölkəni tərk etməsinə səbəb isə əsasən işsizlik deyil, həm korrupsiya və rüşvət hallarının durmadan artması, eləcə də idarəçilikdə süründürməçilik, ictimai, sosial və mənəvi problemlərdir. Bundan başqa Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Bu isə, onun prezident kreslosuna əlvida deməsidir.

Böhran dağıdıcı mərhələyə qədəm qoyub

İşğalçı ölkədə baş verən hadisələrlə bağlı "SƏS" qəzetinə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirlinin sözlərinə görə, Ermənistanda baş verən son hadisələr, o cümlədən cəbhə xəttində bu ölkənin məğlubiyyətlərlə üz-üzə qalması yaxın dövrlərdə ciddi proseslərin başlanacağından xəbər verir: "Bu gün xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar xalq tərəfindən birmənalı şəkildə rədd edilir. Xüsusilə də, ölkədə baş verən son hadisələr, yəni elektrik enerjisi tariflərinin qalxması ölkə əhalisinin, xüsusilə gənclərin məlum reaksiyası onu göstərdi ki, əslində məlum böhran özünün yeni dağıdıcı mərhələsinə daxil olmaqdadır. Təbii ki, bu vəziyyətdə Ermənistan prezidenti Serj Sarkisyan problemlərdən çıxış yolları axtarır. Xalq bir tələb irəli sürür - Sarkisyan hakimiyyətdən getməlidir. Baş verən hadisələrin qarşısını almaq məqsədilə S.Sarkisyan hər zaman istifadə etdiyi üsula daha çox yer verir. Ölkə prezidenti daxili auditoriyanın etirazlarını neytrallaşdırmaq, daxili ictimai-siyasi gərginliyi zəiflətmək üçün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır. Danılmaz faktdır ki, Sarkisyan bu versiyadan hər zaman istifadə edib".

E.Nəsirli onu da bildirdi ki, bəzi qüvvələr belə hesab edirlər ki, hakimiyyəti zəbt etmiş Serj Sarkisyan xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkardır: "Xüsusilə də təmas xəttində erməni əsgərlərinin ölümü ilə nəticələnən son təxribatların baş verməsi, Azərbaycan Ordusu tərəfindən erməni əsgərlərinin layiqli cəzalarını alması vəziyyəti daha da kəskinləşdirib. Bundan sonra ölkədə baş verən etiraz dalğaları yeni məzmun almağa başlayıb, yəni əsgər anaları da bu etirazlara qoşularaq hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxırlar. Onlar övladlarının boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə etiraz edirlər".

Bu ölkədə sosial durum dözülməzdir

Politoloq onu da bildirib ki, bütün bu proseslərin son məntiqi nəticəsi olaraq S.Sarkisyanın vəziyyəti çox ağırdır. Çünki hazırda Ermənistan əhalisi çox olan yerlərdə mitinq dalğası geniş vüsət almaqdadır: "Sarkisyan mitinqi güc vasitəsi ilə dağıda bilər. Aksiya dağıdılmadığı təqdirdə, bura daha çox insan toplaşacaq və bunun qarşısını gələcəkdə almaq mümkün olmayacaq. Hətta bu aksiyalar ikinci "Maydan"a da çevrilə bilər. Bunun qarşısını almaq üçün, Sarkisyan polisin gücündən istifadə etməyi düşünür. Lakin bu variant da çox təhlükəlidir. Çünki Sarkisyan hakimiyyətə qan üstündə gəlib. Yeni iğtişaşlar Ermənistan prezidentinin vaxtından əvvəl hakimiyyətdən getməsilə nəticələnə bilər. Belə bir ağır vəziyyətdə Ermənistan prezidentinin yeganə dayaq nöqtəsi Rusiyadır. Rusiya Ermənistana silah almaq üçün 200 milyon dəyərində kredit ayırıb. Həmçinin Rusiya şirkəti də elektrik enerjisində guya güzəştə getdi. Şirkət qiymət artımını yalnız bir neçə aylığa dondurub. Yəni həmin şirkət elektrik enerjisinin tarifində heç bir dəyişiklik etməyib. Elektrik enerjisinin bahalaşması ermənilərin yeganə problemi deyil. Ermənistanda həyatın bütün sahələrində vəziyyət gərgindir. Amma bu tələbləri yerinə yetirmək imkanı yoxdur. Həmçinin iqtisadi böhranda olan Rusiya da Ermənistana sosial sahədə kreditlərin ayrılmasını dayandırıb".

Mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir

E.Nəsirli, həmçinin bildirib ki, məhz bu durumun fonunda cari ildə işğalçı ölkədə vətəndaşların miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Mövcud demoqrafik problemlər isə sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır. Bu isə göstərir ki, Ermənistan sosial inqilab astanasındadır: "Yeri gəlmişkən, "Armenia today" yazır ki, cari ilin ötən dövrü ərzində Ermənistandan köçənlərin sayında fantastik dərəcədə artım müşahidə edilib. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalıb. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər. Yeni fakt ondan ibarətdir ki, Ermənistanı tərk edənlər sırasında yenə də əmək qabiliyyətli və hazırda müəyyən qurumlarda çalışan insanlar üstünlük təşkil edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistanda istər dövlət, istərsə də özəl təşkilatlarda çalışanlar olduqca az əməkhaqqı alırlar. Ermənistanın dövlət statistika komitəsinin məlumatına görə, cari ilin 6 ayı ərzində ölkəni 122 min 191 nəfər tərk etmişdir ki, bu da emiqrasiyanın ötən ilə nisbətən 12 faiz artdığını göstərir. Ötən il 50 min nəfər Ermənistanı birdəfəlik tərk etmişdir".

Göründüyü kimi, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırmaqdadır. Məhz bu, Ermənistanın perspektivini sual altına alan başlıca faktorlardandır.

A.SƏMƏDOVA