PDF Oxu

Siyasət

  • 9

Ermənilər necə sübut edirlər ki, Leyla Yunus onlarla əlbir olub

Ermənilər necə sübut edirlər ki, Leyla Yunus onlarla əlbir olub
ÇƏRÇİVƏ

"SDİ" rəhbəri və onun havadarları verilən tapşırıqların öhdəsindən gələ bilmədiklərinə görə, erməni mətbuatı lobbinin böyük təəssüf hissi keçirdiyini yazır

Leyla və Arif Yunusların məhkəməsi sona çatmaqdadır. Lakin onlara qarşı irəli sürülən ittihamlar da öz növbəsində təsdiqini tapmaqla bir çox məsələlərin hələ də gündəmdə qalmasına rəvac verir. Məsələn, bu günlərdə bəlli olub ki, "SDİ" rəhbərinin erməni xüsusi xidmət orqanları ilə iş birliyində olmasını təsdiq edən daha bir fakt elə ermənilərin özləri tərəfindən sübut olunub. Belə ki, Ermənistanda fəaliyyət göstərən "Armenian Report" xəbər portalı Romella Mnatsakanyan adlı siyasi yazarın etiraflarını dərc edib. Daha dəqiq desək, Leyla və Arif Yunusların istər Ermənistana çoxsaylı səfərləri çərçivəsində, istərsə də Qərb ölkələrinə getdikləri zaman erməni lobbisindən təlimat almaları faktı erməni yazar tərəfindən qeyd olunur. "Bakıda erməni diasporunun həmişə təşviq etdiyi prinsiplər uğrunda həbs edilənlər də var"-deyə vurğulanan məqalədə bildirilir ki, əslində burada söhbət bilavasitə "SDİ" rəhbərindən - Leyla Yunusdan gedir.

Romella Mnatsakanyan: "Bakıda diasporun həmişə təşviq etdiyi prinsiplər uğrunda həbs edilənlər var"

Hətta burada erməni diasporunun Azərbaycanla bağlı qarşı tərəfə verdiyi təlimatların müddəaları da yer alıb. Məsələn, erməni yazar bildirib: "Göründüyü kimi, məhz diaspor Azərbaycana qarşı etiraz aksiyalarının ön cəbhəsində olmalı idi. Məhz diaspor Azərbaycan səfirlikləri qarşısında keçirilən etiraz aksiyalarına öz nümayəndələrini göndərməli, bütün Avropa ölkələrində Azərbaycan səfirlikləri qarşısında etirazlar təşkil etməli idi. Bakıda diasporun həmişə təşviq etdiyi prinsiplər uğrunda həbs edilənlər var".

Beləliklə, erməni diasporunun təşviq etdiyi və yazarın "həbs olunanlar var" ifadəsi arxasından məhz Leyla Yunusun adının çıxması kimsəyə sirr deyil. Daha dəqiq desək, burada ad çəkilməsə də, açıq şəkildə etiraf edilir ki, Leyla Yunus ona verilən sifarişləri həyata keçirən xəfiyyə rolunu oynayıb.

Niderland səfriliyinin nümayəndəsinin keçirilən məhkəmə ilə bağlı hay-küy qaldırması da bu kontekstdədir

Daha bir məsələ isə bir sıra Qərb təşkilatlarının qərəzli şəkildə "SDİ" rəhbərini müdafiə edən bəyanatlar yaymasıdır. Bu günlərdə "Human Rights Watch" təşkilatının Leyla Yunusu "təmizə çıxarmaq" cəhdləri, o cümlədən, bir sıra xarici səfirliklərin, xüsusilə, qondarma erməni soyqırımını tanıdıqlarını bəyan edən Niderland səfriliyinin nümayəndəsinin keçirilən məhkəmə ilə bağlı hay-küy qaldırması da bu kontekstdədir. Yəni Leyla Yunus hazırda mühakimə olmasına rəğmən, ermənipərəst təşkilatlar və ayrı-ayrı şəxslər "diplomat" adından sui-istifadə edərək, məhkəməylə təzyiq dilində danışmaqdan, hətta hədələr, təhdidlər verməkdən belə çəkinmirlər.

Yeri gəlmişkən, erməni yazar Romella Mnatsakanyan da etiraf edir ki, məhz Qərb dairələri erməni lobbisinin pulu müqabilində Azərbaycana qarşı çıxışlar etməlidirlər. Belə ki, yazar Qərb dairələri tərəfindən Azərbaycana qarşı olan təzyiqlərin fonunda erməni diasporunun qəti zərbə endirməli olduğu barədə yazır, amma bu zərbənin heç bir nəticə vermədiyini təəssüflə etiraf edir.

Aşkar erməni müdafiəsi: "Bu şəxslər qorxmayaraq, Ermənistan və Arsax xalqlarının maraqlarının da nəzərə alınmalı olduğunu etiraf edirdilər"

Həmin mənbədən sitata nəzər salaq: "İlk növbədə Leyla və Arif Yunus, Xədicə İsmayıl kimi demokratiya uğrunda mübarizlərdən (?-R.N.) söhbət gedir. Onlar Azərbaycan hökumətini ifşa (?!-R.N.) edərək, Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarı olan azsaylı azərbaycanlılardır (??!!-R.N.). Bu şəxslər qorxmayaraq, Ermənistan və Arsax xalqlarının maraqlarının da nəzərə alınmalı olduğunu etiraf edirdilər".

Əslində, burada bənzər erməni həyasızlığının olması şübhəsizdir. Yəni bu gün Leyla Yunusun öz məhkəməsində həyasızlıqları sayəsində şoular düzəldərək, hələ də erməni dəyirmanına su tökmələ məşğul olmasının Romella Mnatsakanyanın həyasızlığından heç bir fərqi yoxdur.

Məhz bu baxımdan, erməni diasporunun Leyla Yunusu lazımi qədər müdafiə etməməsini etiraf edən erməni yazar diasporun Azərbaycana qarşı canfəşanlıqla apardığı kampaniyasına baxmayaraq, daha şiddətli addımlar atılmasının gərəkliyini xüsusilə vurğulayır. Və biz məhkəmə prosesləri dövründə bir daha bu faktorun şahidinə çevrilməkdəyik.

Leyla və Arif Yunusların, o cümlədən, Xədicə İsmayılın iştirak etdikləri "Regionda sülh naminə" adlı qrant layihəsində Naxçıvan və digər Azərbaycan torpaqlarının Ermənistana ilhaq edilməsində hər hansı problemin olmadığı bildirilir

Bu arada həm də onu xatırlatmaq yerinə düşrədi ki, ermənilər bu fərdləri elə-belə müdafiə etmirlər. Çünki həm Arif və Leyla Yunuslar, həm də onlardan heç bir xüsusiyyətləri ilə fərqlənməyən Xədicə İsmayıl dəfələrlə "xalq diplomatiyası", "milli barışıq" adlı qrant layihələrinin iştirakçısı olublar. Onların iştirakçısı olduqları bu layihələr Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə dəstək verir, separatizmi aşılayır. Məsələn, kişik bir misal: Leyla və Arif Yunusların, o cümlədən, Xədicə İsmayılın iştirak etdikləri "Regionda sülh naminə" adlı qrant layihəsində Naxçıvan və digər Azərbaycan torpaqlarının Ermənistana ilhaq edilməsində hər hansı problemin olmadığı bildirilir.

Beləliklə, məsələ tamamilə aydın və aşkardır. Aydın olan budur ki, məhkəmələrinə "xəstəlik", "məzlumluq", "əzabkeşlik" kimi artistizmlər qatan Leyla və Arig Yunuslar, o cümlədən, məhkəməsində "Janna Dark" obrazını ucuz aktyorluğu ilə heç cür ifa etməyi bacarmayan Xədicə İsmayıl, eləcə də onların yerli havadarları bütün çabalarına rəğmən, erməni lobbisinin təlimatlarını tam olaraq yerinə yetirə bilməyiblər. Erməni mətbuatı isə onların həbslərindən təəssüfləndiyini yazmaqla, planlarının iflasa uğradığını etiraf etmək məcburiyyətində qalır.

Rövşən NURƏDDİNOĞLU

P.S. Maraqlı bir sual yaranır: əcəba, bu gün milli xəyanətkarları müdafiə edən sapı özümüzdən olan baltalar həmin addımları ilə Ermənistan lobbisinin xeyrinə çalşdıqlarının fərqinə varmaqla yanaşı, həm də işğalçı rejimin bu siyasətini dəstəklədiklərinin də fərqinə vardıqlarını etiraf edə bilərlərmi?