Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində göstərilən səylər Ermənistanın qeyri-konstruktiv mövqeləri səbəbindən nəticəsiz qalmaqdadır. Bu zaman sual yaranır: uzun illərdir ki, həll olunmayan münaqişənin əsas günahkarı olan Ermənistan nəyə görə cəzasız qalmaqdadır? Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, işğalçının cəzalandırılmaması, ən azı sanksiyaların tətbiq olunmaması səbəbindəndir ki, bu, həm Ermənistanı, həm də işğalçı ölkənin bu siyasətinə göz yuman digər dövlətləri həvəsləndirir: "Əgər zamanında dünyanın aparıcı dövlətləri tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı konkret addımlar atılsaydı, bu gün digər işğal faktları ortalığa çıxmazdı. Yəni Ermənistanın cəzasız qalması digərlərini də belə addımlar atmağa sövq edir. İşğalçı ölkə olan Ermənistana layiq olduğu cəza verilməlidir. Çünki Ermənistan günahkar tərəfdir".
Politoloq onu da bildirdi ki, zaman Azərbaycanın xeyirinə işləyir: "Bu gün Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlasa da, qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə israrlı olsa da, zaman Azərbaycanın xeyirinə işləyir. Ermənistan isə bunu qarşısında gücsüzdür. Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək statusun verilməsi məsələsi təkcə Dağlıq Qarabağda deyil, ümumiyyətlə, Ermənistanda da real düşünməyi bacaran insanların müştərək fikiridir. Çünki həmin insanlar çox gözəl dərk edirlər ki, Ermənistanın başqa çıxış yolu yoxdur".
Politoloq eyni zamanda bildirdi ki, Ermənistan işğalçı olmasına rəğmən, ötən illər ərzində heç bir uğur əldə edə bilməyib və bir ölkə olaraq iflasla üzləşib: "Yəni işğalçı Ermənistanda vəziyyət acınacaqlıdır və tam şəkildə uçurumun kənarındadır. Birmənalı şəkildə demək olar ki, artıq Ermənistan Dağlıq Qarabağ münaqişəsində statrus-kvonu saxlamaq iqtidarında deyil. Ermənistanın özü bu statrus-kvo vəziyyətini dəyişmək məcburiyyətində qalacaqdır".
Mirbəşiroğlu son olaraq deyib ki, Azərbaycanın gücü və qüdrəti nəticə olaraq, çökən Ermənistanı dalana dirəməkdədir və işğalçı ölkə sonda öz məğlub durumunu etiraf etməli olacaq: "Ümumiyyətlə, Azərbaycan dövlətinin davamlı inkişafı, regionun güc mərkəzinə çevrilməsi və Ermənistanın isə regional layihələrdən kənarda qalması işğalçı ölkəni çıxılmaz bir vəziyyətə qoyaraq məcbur edəcəkdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində əməli addımlar atsın. Ermənistan gec və ya tez məcbur qalaraq, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar masası arxasında əyləşəcək, əslində "qalib" deyil, məğlub olduğunu etifraf etməli olacaq".
GÜLYANƏ