"Türkiyə dövləti heç bir geostrateji dəyişiklik etməyəcək. Çünki qardaş dövlət NATO-nun üzvüdür və ABŞ-la birgə anti-terror koalisiyasının tərkibində hal-hazırda dünya üçün təhlükəli olan terror qruuplaşmalarıyla mübarizə aparır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Millət vəkili qeyd edib ki, ABŞ-ın Türkiyəyə dəstəyi təbiidir: "Bu baxımdan da hesab edirəm ki, digər NATO-ya üzv ölkələr də terrorla mübarizədə Türkiyəni dəstəkləməlidirlər. Bu məsələ bir növ NATO dövlətlərinin əsas mövzuları olmalıdır. Meydanda Türkiyəni tək qoymaq doğru deyil".Asim Mollazadə həmçinin Türkiyədə baş verən son proseslərin Azərbaycana təsiri olub-olmayacağına da münasibət bildirib. Millət vəkili deyib ki, Türkiyədə baş verən olaylar bizi narahat etməyə bilməz: İki dövlət bir millət olaraq biz hər zaman Türkiyənin yanındayıq və bütün sahələrdə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Digər bir tərəfdən isə düşünürəm ki, Azərbaycan dövləti özünü kifayət qədər müdafiə etməyə qadir ölkədir. İstənilən terror təşkilatlarına ölkəmiz cavab verə biləcək gücdədir. Əgər onlar hansısa ölkədən Azərbaycana keçməyə cəhd göstərlərə, onun qarşısı alınacaq".
sia.az