PDF Oxu

Siyasət

  • 11

Ölkəmizdə müalicə-sağlamlıq turizmi yeni yüksəliş mərhələsində

Ölkəmizdə müalicə-sağlamlıq turizmi yeni yüksəliş mərhələsində

İlham Əliyev: "Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir"

Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində böyük irəliləyişlər əldə olunub. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bunun həllinə lazımi şərait yaradıb. Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi mərhələdə Azərbaycanda səhiyyə turizminə diqqət artıb. Bildiyimiz kimi, dünya təcrübəsində müalicəvi əhəmiyyəti olan və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir.

Ölkəmizdə müalicə-sağlamlıq turizminin inkişafı üçün də təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları və s. Azərbaycanın səhiyyə turizminin geniş şəkildə dünya məkanına çıxarılmasında əsas faktorlardır.

AZƏRBAYCAN PALÇIQ VULKANLARININ VƏTƏNİDİR

Məlumdur ki, Azərbaycanın ərazisi planetimizin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur. Yer kürəsində olan 600-dən çox palçıq vulkanlarından 300-dən artığı Şərqi Azərbaycanın quru hissəsində və ona birləşən Xəzərin akvatoriyasında yerləşir. Təsadüfi deyil ki, Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar əraziyə təsadüf edilmir. Palçıq vulkanları əsasən, Abşeron yarımadasında, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelağında yerləşir. Təkcə Qobustanda 100-dən çox palçıq vulkanı var.

Palçıq vulkanları ərazilərinin böyük turizm potensialı var. Ölkəmizdə dünyada yayılmış bütün növ vulkanlara - aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neytral, ada, sualtı və s. növlərə rast gəlmək mümkündür. Azərbaycan ərazisində bu sayda palçıq vulkanının qeydə alınması ölkəmizin böyük təbii sərvətidir. Palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Müasir dövrümüzdə dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir, müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək milyonlarla gəlir əldə edirlər. Təkcə dünyada kurort zonası kimi tanınan Krıma diqqət etsək görərik ki, bu məkanda 240 dan artıq müalicəvi kurortlar fəaliyyətdədir ki, hər il yüzlərlə insan müalicə olunmaq məqsədilə buraya üz tuturlar. Son 20 ildə Krımın turizm infrastrukturunun inkişafı Karlovı Varı, Antalya kimi turizm məkanları ilə müqayisə olunacaq səviyyədədir. Azərbaycanın da təbii imkanları, kurort zonaları ölkənin turizm bazasına lazımı qədər gəlir gətirmək imkanındadır. Son illərdə Azərbaycanın 16 tibb müəssisəsində palçıqdan poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilir.

Hazırda palçıq vulkanları təbii abidələr statusu alıb və dövlət tərəfindən qorunur. Müstəqillik dövrümüzdə vulkanlar təbiət abidələri statusu alıblar. Bakı və Abşeron ərazisində 52 palçıq vulkanına qoruq statusu şamil edilib.

DÜNYADA YEGANƏ NEFT OLAN NAFTALAN NEFTİ MÜALİCƏVİ ƏHƏMİYYƏTİNƏ GÖRƏ ƏFSANƏVİ XARAKTER DAŞIYIR

Müalicəvi əhəmiyyət kəsb edən Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Ta qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnib. Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük – oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklər, əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Həmçinin Naftalan nefti güclü iltihabəleyhinə, ağrıkəsici, allergiyaəleyhinə və hormonabənzər təsirlərə malikdir. Bu müalicəvi xüsusiyyətlərinə görə Naftalan nefti ilə 70-dən artıq xəstəliyin müvəffəqiyyətli müalicəsi mümkündür.

Hələ qədim zamanlardan Asiyanın müxtəlif güşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan Naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı. Naftalan nefti dünyada yeganə neft olub öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşımaqla fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir.

"QALAALTI" KURORTUNA YENİ HƏYAT VERİLİR, QALAALTININ YENİ DÖVRÜ BAŞLAYIR"

Azərbaycanın mineral sularından da təbabətdə geniş surətdə istifadə olunur. Azərbaycandakı müxtəlif mədən sularının müalicə xüsusiyyətləri insanlara qədim zamanlardan məlum olmuşdur. Azərbaycan müalicə əhəmiyyətli mineral sularla zəngindir. Ölkəmizin ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılmışdır. Düzən rayonlarda isə təbii su bulaqlarına az rast gəlinir.

İlk növbədə, qumlu sahilləri və dənizi ilə şöhrət tapan Abşeron yarımadasında çoxlu şəfa bulaqlarının qaynaqları qeyd olunmalıdır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicəvi əhəmiyyətə malikdir. Bu sulardan ancaq müalicə məqsədilə istifadə olunur. Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox mineral su bulağı vardır. Bu əsrarəngiz diyarın mineral suları öz müxtəlifliyi ilə muzeyi xatırladır. "Badamlı", "Sirab" kimi müalicəvi sular məhz Azərbaycanın ən səfalı və şəfaverici məkanlarından biri olan Naxçıvanda çıxır.

Respublikamızın möcüzəli sularından biri də Masallıdakı məşhur "İstisu"dur. Bu su yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda çıxır. Qədimdə yerli sakinlər bu suyu minbir dərdin dərmanı olaraq möcüzə kimi qəbul etmişlər.

Əlbəttə, bütün bunlar Azərbaycandakı şəfaverici bulaqların yalnız bir qismidir. Bu bulaqlar sırasında məşhur "Qalaaltı"nın da özünəməxsus yeri var. Belə ki, "Qalaaltı" mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogen-sulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir.

Bu günlərdə "Qalaaltı Hotel & SPA" kompleksinin istifadəyə verilməsi respublikamızın turizm infrastrukturuna, xüsusilə də müalicəvi turizmin inkişafına öz töhfəsini verəcək. 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var. "Qalaaltı" kompleksində yerləşən tibbi mərkəz müasir avadanlıqla təchiz edilib.

Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı" kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu", yəni neftli su deyirlər. "Naftsu" kəskin qoxusu və dadı ilə seçilir. Hər il minlərlə insan bu məkana üz tuturdusa, yaradılan şərait bu məkana turist axınını daha da artıracaq. Azərbaycan Prezidenti Cənab İlham Əliyev "Qalaaltı Hotel & SPA" kompleksinin açılış mərasimində bildirib ki, Qalaaltı suyu çox məşhur sudur, nadir keyfiyyətlərə malikdir və indi bu gözəl mərkəz yaranandan sonra əminəm ki, həm Azərbaycan vətəndaşları, həm də ki, xarici qonaqlar bu imkanlardan istifadə edəcəklər: "Bu gün "Qalaaltı" kurortuna yeni həyat verilir, Qalaaltının yeni dövrü başlayır. Bu, müasir dövrdür, gözəl dövrdür və burada yaradılan şərait ən yüksək standartlara uyğundur".

Azərbaycanın yeraltı, yerüstü sərvətləri, zəngin təbiəti hər zaman diqqətdə olmuş və ölkəmizə gələn turistlər üçün böyük tapıntı təsiri bağışlamışdır. Bura gələn həm sağlamlığını bərpa edir, həm də səfalı guşələrdə istirahətinin təşkilinə nail ola bilir. "Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq", – deyən Cənab İlham Əliyev Xəzər dənizinin, dağların, çayların, bulaqların, göllərin, meşələrin ölkəmizdə olmasını turizmin inkişafında müstənsa rolu olduğunu bildirib: "Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir…Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur".

Bu gün Qalaaltıda müalicə almaq, istirahət etmək, dincəlmək üçün bütün imkanlar var. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda turizm bazarı açıq, rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün görülün işlər bunu təsdiqləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər