Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının seçki qərargahının toplantısı keçirilib.SİA-nın xəbərinə görə, toplantıda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov noyabr ayında ölkəmizdə keçiriləcək parlament seçkilərindən danışıb. T.Əhmədov qeyd edib ki, Azərbaycanda demokratik cəmiyyəti tam bərqərardır və seçkilərin də tam şəkildə demokratik keçiriləcəyindən əminik: "Yeni Azərbaycan Partiyası bütün seçkilərə ciddi şəkildə hazırlaşır. Məhz bunun nəticəsidir ki, partiyamız iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazanıb. Hazırda YAP qarşıdan gələn parlament seçkilərinə hazırlaşır. Partiya rəhbərliyi bu barədə yerli təşkilatlara müvafiq tövsiyə və tapşırıqlarını da verib. Biz bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq".
Toplantıda qeyd edilib ki, Yasamal rayonu üzrə 3 seçki dairəsi fəaliyyət göstərir. Bunlar 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələridir. Bildirilib ki, artıq bununla bağlı YAP Yasamal rayon təşkilatında 26 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Məntəqələr üzrə elektoratın öyrənilməsi, hər məntəqə üzrə müşahidəçilərin, təbliğat qruplarının üzvlərinin müəyyənləşdirilməsi və digər bu kimi hazırlıqlar davam edir. Artıq seçki ilə əlaqədar təşkilatın tədbirlər planı hazırdır. Seçki kampaniyasına rəsmi start verildikdən sonra seçki qərargahı plan üzrə işlərini davam etdirəcək.
sia.az