PDF Oxu

Siyasət

  • 12

"Bizim gücümüz birliyimizdədir"

"Bizim gücümüz birliyimizdədir"

Nizami rayon icra hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə eyni adlı layihə çərçivəsində tədbir keçirilib

Nizami rayon icra hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Bizim gücümüz birliyimizdədir" layihəsi çərçivəsində "Heydər Bağı" Park-Bulvarda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayır. Qeyd edib ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır: "Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də məhz ailə siyasəti təşkil edir. Bu baxımdan, ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilir".

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib ki, Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir: "Təsadüfi deyil ki, hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltmək məqsədi daşıyan Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu əlamətdar günlə bağlı təşkil etdiyi "Ailə bayramı"nda nümunəvi ailələrin seçilməsi, respublikanın müxtəlif bölgələrində mərasimlərin keçirilməsi artıq xoş ənənəyə çevrilib".

"Dövlətin ailə siyasəti" mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir: "Ailələrə maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzindədir. Onların maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunub. Gənc ailələrin mənzillə təmin olunması məqsədilə ölkədə ipoteka kreditləri verilir, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə, ailə-kəndli təsərrüfatı fəaliyyəti haqqında dövlət proqramları uğurla tətbiq olunur. Ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan, eləcə də məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısının alınması məqsədilə kompleks proqramlar həyata keçirilir".

Sədaqət Vəliyeva əlavə edib ki, bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmək lazımdır: "Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş böyük layihələr uğurla reallaşır".

Tədbirdən sonra intellektual oyunlar və idman yarışları keçirilib.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər