PDF Oxu

Siyasət

  • 14

Qeyri-neft sektoru – Azərbaycanın getdiyi inkişaf yolunda danılmaz faktor

Qeyri-neft sektoru – Azərbaycanın getdiyi inkişaf yolunda danılmaz faktor

Prezident İlham Əliyevin uzaqgörənliyi bu gün ölkəmizin inkişafına öz töhfələrini verməkdədir

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Şabran rayonunda, "Qalaaltı Hotel & SPA" müalicə-istirahət kompleksinin açılışında verdiyi bəyanat bir daha sübut edir ki, Azərbaycanın iqtisadi potensialı, reallaşdırılan investisiya proqramları yalnız neft və qaz amili üzərində formalaşmayıb. Belə ki, ölkəmizin tərəqqisi faktorunda dayanan daha bir amil məhz qeyri-neft sektorunun inkişafı istiqamətində görülən səmərəli işlərdir. Bu səmərəni artırmaq, şaxələndirmək isə ilk növbədə inkişaf traektoriyasının nəhəngliyindən xəbər verir. Məhz bu baxımdan, dünya bazarında neftin qiymətinin iki dəfədən çox aşağı düşməsi qeyri-neft sektoru sahəsinin daha da böyüməsinə stimul verməlidir.

Qaragüruhçuların nə qədər yanlış düşüncədə olduqlarını məhz reallıq baxımından sübut edək

Təəssüf ki, özlərini "müxalifət" adlandıran bəzi qaragüruhçu dairələr, onlara verilən təlimatlar əsasında dünyada neftin qiymətinin aşağı düşməsi faktorundan sui-istifadə edərək, guya bu olayın ölkəmizin iqtisadiyyatına zərər vuracağını, xalqın da buradan "zərər payı" alacağını iddia edirlər. Əlbəttə ki, bu kimi qeyri-real təsir bağışlayan "bəyanatların" arxasında birinci növbədə öz iqtisadi-siyasi maraqlarını təmin etməyə çalışan, bundan yalnız öz mənfəətləri üçün istifadə etməyə cəhd edən bəzi xarici dairələr var ki, "müxalifət" deyilən kəsimin dırnaqarası liderləri onlara bu işdə aşkar şəkildə nökərçilik edirlər. Bununla da xalq qarşısında, ictimai rəydə "neftin qiyməti düşür" xofunu yaratmağa səy göstərənlər, əslində özlərinin çıxılmaz vəziyyətdə olduqlarını dolayısilə sübuta yetirmiş olurlar. Lakin biz bir daha qaragüruhçuların nə qədər yanlış düşüncədə olduqlarını məhz reallıq baxımından sübut edək.

Prezident İlham Əliyev:"Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq"

Ölkə başçımız açılış mərasimindəki çıxışında vurğulayıb ki, Azərbaycanda infrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşüb. Belə ki, bu amil gəlirlərə mənfi təsir göstərsə də, az gəlir əldə olunsa da, qazanc mövcuddur. Prezident İlham Əliyevin bildirdiyinə görə, bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin: "Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir."

Göründüyü kimi, Prezident İlham Əliyevin uzaqgörənliyi bu gün ölkəmizin inkişafına öz töhfələrini verməkdədir. Yəni bu, həm də belə deməyə əsas verir ki, əgər ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilməsəydi, bu zaman tamamilə başqa mənzərə ilə qarşı-qarşıya qalmış olardıq. Məhz bu uzaqgörənlik faktoru hazırda Azərbaycanın inkişafında öz uğurlu sözünü deməkdədir.

"Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir"

Məlumdur ki, Azərbaycan iqtisadiyyatının dinamik və hərtərəfli inkişafının təmin edilməsi üçün son illərdə ciddi islahatlar keçirilib, ölkənin neft ixracından asılılığını azaltmaq, əsas ağırlığı qeyri-neft sektoruna vermək üçün mühüm işlər görülüb. Nəticədə son illər qeyri-neft sektorunda istehsal nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, qeyri-neft sektoruna dövlət səviyyəsində diqqət, qayğı və dəstək azalmır.

Prezident İlham Əliyev qeyri-neft sektorunun əhəmiyyətini qeyd edərək demişdir: "Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafını təmin etsin".

Dövlət başçısı sənaye infrastrukturunun məhz bölgələrdə yaradılmasına xüsusi önəm verir

Qeyd etmək yerinə düşərdi ki, qeyri-neft sektorunun inkişafında sənayenin də rolu danılmazdır. Təkcə son illər sənayenin qeyri-neft bölməsi üzrə kifayət qədər böyük layihələrin maliyyələşdirilməsinə 400 milyon manata qədər güzəştli kreditlər verilib. Bunun nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. Yalnız ötən 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri artıb, 5 elektrik stansiyası istifadəyə verilib. Hazırda proses davam edir. Bu gün tikinti materiallarından sement, gips, hörgü blokları, metal konstruksiya, boya və s.-nin istehsalı daxili tələbatı ödəməyə imkan verir.

Cari ildə də bu proses uğurla davam etdirilməkdədir. Qeyri-neft sənaye məhsullarının ən çox artımı içki, kimya sənayesi məhsulları, rezin və plastmas, hazır metal məmulatları, tikinti materialları, mebel, elektrik avadanlıqları, avtomobil və qoşqu istehsalında müşahidə edilib.

Qeyri-neft sektorunun bölgələrdə inkişafını təmin etmək üçün çox işlər görülüb. Təsadüfi deyil ki, dövlət başçısı sənaye infrastrukturunun məhz bölgələrdə yaradılmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin "Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Fərmanı, "Mingəçevir Sənaye Parkının yaradılması haqqında" və "Mingəçevir Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamları da bundan irəli gəlir. Mingəçevir şəhərində yeni yaradılacaq müəssisələr təkcə şəhərin deyil, eləcə də ölkənin iqtisadi inkişafına yeni güc qatacaq. Bu sənədlər eyni zamanda şəhər əhalisinin işlə təmin olunmasında və onların sosial rifahının yaxşılaşmasında mühüm rol oynayacaq. Bunlardan əlavə, Prezident İlham Əliyev 2 fevral 2015-ci ildə "Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında" Sərəncam imzalamışdır ki, bu da qeyri-neft sənaye sektorunun bundan sonra da əsasən regionlarda inkişaf etdiriləcəyindən xəbər verir. Bu faktlar isə bir daha qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycanda ötən 11 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır.

Bu baxımdan, bir sıra qaranlıq dairələrin neftin ucuzlaşması ətrafında "qorxulu" nağıllar danışması, görünür onların özlərini ciddi şəkildə vahiməyə salıb. Çünki bütün sahələrdə inkişaf edən Azərbaycan çox yaxın illərdə dünyanın ən aparıcı və lider dövlətlərindən biri kimi, dünyanın siyasət arealında daha qətiyyətli sözünü deyəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər