Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir
Azərbaycanda söz və məlumat azadlığı, fikir plüralizminin inkişafı hər zaman dövlət siyasətinin marağı çərçivəsində olub. Belə ki, ölkə Prezidenti İlham Əliyev bu faktora xüsusi önəm verməklə yanaşı, hər zaman öz çxışılarında jurnslistika sahəsini mühüm faktor kimi qiymətləndirib. Dövlət rəhbəri, eyni zamanda, jurnalist peşəsinə qarşı təhdid və təhlükələri hər zaman yolverilməz adlandırıb və eyni zamanda KİV azadlığının təmin edilməsini Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biri kimi dəyərləndirib.
Əli Həsənov: "Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb"
Belə ki, ölkə rəhbəri İlham Əliyev avqustun 8-də "ann.az" saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olması, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məsələ ilə bağlı fikirlərini mətbuata bəyan etməsi təsdiq edir ki, bu fakt ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirir. Prezident köməkçisi qeyd edib ki, bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir. Məhz bu baxımdan, Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. Sitat: "Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb. Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib".
Prezident İlham Əliyev problemlərin aşkara çıxarılması üçün medianı Özünün yaxın dəstəkçilərindən biri olduğunu vurğulayıb
Buradan da göründüyü kimi, Prezident İlham Əliyev mətbuatı daim əhəmiyyətli, eyni zamanda ilk informasiya resursu kimi diqqətdə saxlayır və istər mətbuatla, istərsə də mətbuatdankənar ölkədaxili hadisə ilə bağlı məlumatları daim diqqətində saxlamaqdadır. Bu, həm də mövcud fikir prüalizmi faktorunun dövlət tərəfindən xüsusilə qiymətləndirilməsinin bariz sübutudur.
Bu arada Prezidenti İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri və media kapitanları ilə görüşündəki fikirləri bir daha xatırlatmaq yerinə düşərdi. Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət başçısı bu məsələdə hər zaman mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını deyib. "Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur" vurğulayan dövlət başçısı qeyd edib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib.
Bəzi siyasətbazların yalan və böhtan üzərində yoğrulmuş xəmirləri heç vaxt işə yaramayıb – onlara qalan ictimai qınaq və xalq hiddətidir
Məhz avqustun 8-də baş verən təəssüfdoğurucu hadisədən sonra Prezident İlham Əliyevin dərhal verdiyi reaksiya da Onun hər zaman öz vədinə sadiq qaldığını isbatlayan amil oldu. Dövlət başçısının mövcud addımı ölkədə baş verən hər hansı xoşagəlməz, təəssüfdoğurucu hadisələrə qarşı barışmaz, qətiyyətli mövqedə dayandığını kifayət qədər təsdiq edir. Ümumiyyətlə, dövlət başçısı media ilə bağlı çıxışlarında Azərbaycan mətbuatının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini bildirib. Əbəs yerə deyil ki, ölkəmizin rəhbəri mediada yer alan tənqidlər barədə danışaraq bildirib ki, O, medianın müxtəlif sahələri tənqid etməsini təqdir edir, bəzən özü də müxtəlif tənqidi məqamlar, çatışmazlıqlarla bağlı məsələləri məhz mediadan öyrənir, bununla bağlı müxtəlif göstərişlər verir: "Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir".
Göründüyü kimi, Azərbaycanda söz və fikir prüalizmindən yararlanaraq, şəxsi mənfəət güdən bir sıra qaranlıq siyasi dairlərin düşüncələri və iddiaları, söz azadlığı amilindən sui-istifadələri də keçərsizdir. Belə ki, məlum hadisədən sonra bütün güclərini bu istiqamətə tərəf yönəldənlər növbəti dəfə yanıldıqlarının fərqinə vardılar və bu hadisəni öz xeyirlərinə tərəf yozmağa çalışan, adlarını "müxalifət liderləri" qoyanlar susmağa məhkum oldular. Çünki belələrinin yalan və böhtan üzərində yoğrulmuş xəmirləri heç vaxt işə yaramayıb. Onlara qalan isə ictimai qınaq və xalq hiddəti oldu.
Beləliklə, biz bir daha tam əminliklə deyə bilərik ki, jurnalistin ölümündən sonra Prezident İlham Əliyevin bu hadisəni bilavasitə öz şəxsi nəzarətinə götürməsi tezliklə bu işdə əli olanların qanun qarşısında cavab vermələri ilə nəticələnəcək. Həmçinin, sübut olunacaq ki, Azərbaycanda jurnalistlik peşəsi kimliyindən, siyasi baxışından asılı olmayaraq, daim dövlətin diqqətində qalmaqdadır.
Rövşən NURƏDDİNOĞLU