"Jurnalistin ölümü bütün Azərbaycan xalqına təsir elədi. Bu xuliqanlıq hərəkətidir və hökumətimiz buna anında reaksiya verdi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "ann.az" saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı radikal müxalifət mətbuatının qərəzli yazılar dərc etməsinə, eləcə də bir sıra Qərb təşkilatlarının, o cümlədən AŞPA-nın baş katibi Torbyorn Yaqland açıqlamasına münasibətini bildirərkən deyibMillət vəkili qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı cinayət işi başladıb və cəmiyyət bu barədə məlumatlandırılır: "Təqsirkarların müəyyən edilməsi üçün atılan addımlar Azərbaycanda insan hüquqlarının qorunmasına çox ciddi yanaşılmasının nümunəsidir. Amma bunun fonunda Avropa Şurası rəhbərliyinin məsələni siyasiləşdirməsi, bu məsələdə hansısa siyasi motiv axtarması başa düşülən deyil. O zaman bu tip bəyanatlar verilə bilərdi ki, Azərbaycanda mövcud cinayət hadisəsi ya ört-basdır edilərdi və yaxud da ki, məsələnin araşdırılmasında ölkə rəhbərliyi maraqlı olmazdı. Cənab Prezident məsələni öz nəzarətinə götürüb. Ona görə də bu tipli beynəlxalq təşkilatların bəyanatları heç nəyi ifadə etmir. Artıq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlamasına adekvat cavab verilib. Çox təəssüflə deyirəm ki, ölkəmizdə baş verən hər hansı bir hadisənin, cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi adət halını alıb. Bu baxımdan da hesab edirəm ki, onların bu tipli bəayanatlarını, fikirlərini ciddi qəbul etmək lazım deyil".
sia.az