Siyavuş Novruzov: "Elə bil ölkəni idarə etməyi bunlara həvalə ediblər"
"Bir müddət öncə Azərbaycan milli mətbuatı özünün 140 illik yubileyini yüksək səviyyədə qeyd etdi. Bununla bağlı cənab Prezidentin Sərəncamı mətbuat nümayəndələri, o cümlədən də hər kəs tərəfindən təqdirəlayiq hal kimi qarşılandı. İndi də jurnalistin ölümündən dərhal sonra Prezident İlham Əliyevin məsələni şəxsən nəzarətə götürməsi mətbuata olan diqqət və qayğının növbəti göstəricisidir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "ann.az" saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı radikal müxalifət mətbuatının qərəzli yazılar dərc etməsinə, eləcə də bir sıra Qərb təşkilatlarının, o cümlədən AŞPA-nın baş katibi Torbyorn Yaqlandın açıqlamasına münasibətini bildirərkən deyib.
"Peşəsindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir insan bu ölkənin vətəndaşıdır və bədbəxt hadisə ilə qarşılaşa bilər"
YAP rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir mətbuat nümayəndəsinə, istər müxalifyönlü olsun, istərsə də iqtidaryönlü eyni müstəvidə yanaşır, onların sosial problemlərinin aradan qaldırılmasına çalışır: "Bu baxımdan da hesab edirəm ki, jurnalistin ölümünü siyasiləşdirənlər yalnış fikirdədirlər. Peşəsindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir insan bu ölkənin vətəndaşıdır və bədbəxt hadisə ilə qarşılaşa bilər. Bu cəmiyyətin bir üzvüsənsə, hər hansı bir hadisə baş verirsə təbii ki, məsələ ilk öncə araşdırılmalı ona qiymət verilməlidir. Məsələ araşdırılmamış bəzi siyasi qruplar, partiya nümayəndələri, təşkilatlar özlərindən bəyanatlar verirlər. Mirzə Ələkbər Sabir demişkən çırmanırıq keçməyə çay gəlməmiş, başlayırıq qızmağa yay gəlməmiş".
"Reallığı kənara qoyub erməni lobbisinə xidmət edən insanlar jurnalist ölümündən sanki sui-istifadə etməyə çalışırlar"
Siyavuş Novruzov bir daha xatırladıb ki, mövcud hadisədən sonra ölkə başçısı onu şəxsi nəzarətinə götürüb: "Bir məsələ ki, bilavasitə ölkə rəhbərliyinin nəzarətindədir, o zaman hadisənin başvermə səbəblərinin araşdırılmasını və təqsirkarların əməlinə hüquqi qiymət verilməsini gözləmək lazımdır. Bunu kənara qoyub erməni lobbisinə xidmət edən insanlar jurnalist ölümündən sanki sui-istifadə etməyə çalışırlar, ölkədə söz və mətbuat azadlığına qarşı təzyiqlərin olması kimi qiymətləndirirlər. Bu da tamamilə yalnışdır, qərəzdən başqa bir şey deyil. Ermənistanda, eləcə də Avropanın özündə nə qədər jurnalist həbs edilib, öldürülüb, siyasilərə qarşı təzyiqlərin həddi-hüdudu yoxdur. Niyə gedib özlərinə baxmırlar?"
"Öz yaxın qohum-əqarbasının yasına getməyən, qəbrini ziyarət etməyən müxalifətin bəzi siyasi partiya rəhbərliyi sırf şou xatirinə jurnalistin dəfnində iştirak ediblər"
YAP rəsmisi bəzi qurumların özünü həm məkhəmə, həm prokuror, həm də cinayət axtarış idarəsi kimi apardığını deyib: "Elə bil ölkəni idarə etməyi bunlara həvalə ediblər. Bir daha vurğulayıram ki, burada kiminsə faciəsindən sui-istifadə etmək olmaz. Öz yaxın qohum-əqarbasının yasına getməyən, qəbrini ziyarət etməyən müxalifətin bəzi siyasi partiya rəhbərliyi heç bir aidiyyatı olmadan, sırf şou xatirinə jurnalistin dəfnində iştirak ediblər. Bu adamlar insanların faciəsindən belə, özünəməxsus şəkildə yararlanmağa çalışanlardır. Bunların nə o jurnalistə, nə də ki valideyinlərinə canları yanmır. Yalnız özlərini cəmiyyətdə göstərmək üçün dəridən qabıqdan çıxırlar".
"Azərbaycana sunami gəlsə belə, onlar toy-bayram edəcəklər"
Siyavuş Novruzov digər bir məsələyə də münasibətini bildirib. O, bu kimi qərəzli dairələrin hətta iqtisadi məsələlərdə də qərəz sərgilədiklərini deyib: "Baxın, neftin qiyməti düşəndə belə bu insanların sevincinin həddi-hüdudu olmur. Başa düşmürlər ki, neftin qiyməti nə qədər yüksək olsa bu xalqımızın yaşayışına, həyat səviyyəsinin yüksəlməsinə təsir edəcək. Bunlar üçün bu amillər maraqlı deyil. İnsanların vəziyyəti nə qədər ağır olsa, bu insanlar bir o qədər də sevinc nümayiş etdirəcəklər. Çünki belə olanda iqtidara qarşı bir istifadə metodu seçirlər. Azərbaycana sunami gəlsə belə, onlar toy-bayram edəcəklər".
sia.az