PDF Oxu

Siyasət

  • 8

12 Avqust Beynəlxalq Gənclər Günüdür

12 Avqust Beynəlxalq Gənclər Günüdür

İlham Əliyev: "Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır"

Bu gün Beynəlxalq Gənclər Günüdür. 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş gənclər nazirlərinin I toplantısında qəbul edilən bu tarixi gün ümumdünya gənclər hərəkatına böyük təkan verib. Bu münasibətlə hər il dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir. Bu beynəlxalq gün Azərbaycanda da qeyd olunur. Azərbaycan gəncləri də dünya ölkələrinə töhfələr vermək iqtidarında olan qüvvədir. Beynəlxalq aləmə inteqrasiya olunma işində fəal olan Azərbaycan gəncləri dünyada nüfuz sahibi olaraq beynəlxalq gənclər hərəkatlarına qoşulur.

Azərbaycan gəncliyindən söz açarkən ilk növbədə Azərbaycan gəncliyinin öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə etdiyini diqqətə çəkmək lazımdır. Onlar dövlət qurumlarında, ictimai təşkilatlarda, qeyri-hökumət təşkilatlarında və digər sahələrdə iştirak edir və yetərincə də mövqeləri güclüdür. Bu cür şaxəli fəaliyyətin həyata keçirilməsinə zəmin onlara yaradılan imkandır.

Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə həyata keçirilir. Məlumdur ki, gənc nəslin sağlam və təhsilli yetişdirilməsi ölkənin gələcək müqəddəratını təmin edəcək əsas faktordur. Müstəqillik dövründə formalaşan gənclər fəaliyyətləri ilə ölkəmizin inkişafında önəmli yerə malikdirlər. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi də bu amillələrə söykənir.

BU GÜN YÜKSƏK İNTELLEKTƏ MALİK, GENİŞ DÜNYAGÖRÜŞLÜ VƏ İNNOVASİYALARA MARAQ GÖSTƏRƏN GƏNCLƏR NƏSLİ FORMALAŞIB

Müasir dünyamızda ölkəmizdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Dövlət tərəfindən son illərdə qəbul olunan Dövlət Proqramı, imzalanan Sərəncam və fərmanlar Azərbaycan gənclərinin cəmiyyətin fəal üzvü olaraq potensialının düzgün istiqamətlənməsinə bilavasitə təsir göstərir. Bu normativ sənədlərin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin inkişafı üçün önəmli məsələlər əksini tapıb. Ümumiyyətlə, bu sənəd bütövlükdə dövlətimizin, Prezident İlham Əliyevin Azərbaycan gənclərinə olan böyük diqqət və qayğısının göstəricisidir.

Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci dövlətçilik ənənələrini daim uca tutur. Bu gün cəmiyyətdə yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb. İstedadlı gənclər aşkar edilib. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilir. Gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmlidir. Cəmiyyətdə inkişaf mövcuddursa, deməli, o cəmiyyətdə gənclər sözünü deməyə, potensialını üzə çıxarmağa qadirdilər. Ölkəmizdə intellektual, mənəvi və fiziki qüvvəyə malik gənclər ordusu var.

İLK AVROPA OYUNLARINDA ÖLKƏMİZƏ 21 QIZIL MEDALI QAZANDIRAN GƏNCLƏR OLDU

Son illər gənclərə göstərilən qayğı onların üzərinə məsuliyyət hissini də qoyur. Azərbaycan gəncliyinin sorağı dünya ölkələrindən eşidilir. Hər sahədə Azərbaycan gəncliyinin uğurlarından söz açılır. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Gənc idmançılarımızın qələbələri, siyasətçilərimizin uğurları, əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidməti gənclərin gücünün, elmi potensialının, istedadının parlaq nümunəsidir. Elə bu yaxınlarda ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında Azərbaycanın uğurunu gənclərin qələbəsi kimi qiymətləndirmək olar. Ölkəmizə 21 qızıl medalı qazandırıan elə gənclər oldu.

Gənclik dövlətin əsas qüvvəsidir. Bu gün yürüdülən siyasət, uğurlu iqtisadi islahatlar, iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına birbaşa təsirini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı" Fərmanına əsasən "Gənc istedadların xüsusi mükafata layiq görülməsi haqqında" imzaladığı sərəncamlar da məhz gəncliyə qayğı siyasətinin mühüm tərkib hissəsidir. Gənc istedadların adının "Qızıl kitab"a yazılması, Prezidentin xüsusi aylıq təqadünə layiq görülməsi gənclərə, təhsilə, Azərbaycan milli-mənəvi dəyərlərinə, mədəniyyət və incəsənətə olan diqqətdir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanı ən inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevirib.

Yeni ideyaları və quruculuq həvəsi ilə yaşayan gənclər bütövlükdə mövcud gücünü, əməyini ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarına təbrik məktubunda deyirdi: "Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir". Bu baxımdan ölkəmizdə gənclərlə bağlı olan dövlət proqramlarının, qərarların icrası lazımı səviyyədə həyata keçirilir. Gənclərin təhsilə, elmə və müasir informasiya-kommunikasiya texnologiyalarına artan marağı, vətənpərvərliyi gələcəyə böyük ümüdləri artırır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Dövlət Proqramı əsasında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Hazırda Dövlət Proqramına əsasən, dünyanın 34 ölkəsinin 476 universitetində azərbaycanlı gənclərin təhsil almaq imkanı reallaşıb.

Müasir dünyamızda Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir. Bu təşkilatın istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər