PDF Oxu

Siyasət

  • 10

Ermənistandakı vəziyyət ciddi böhrana gətirib çıxarıb

Ermənistandakı vəziyyət ciddi böhrana gətirib çıxarıb

Azərbaycan Silahlı Qüvvələri quruda, havada və dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir

Azərbaycanın qonşu Ermənistanla münasibətləri Dağlıq Qarabağ probleminin həllindən asılıdır. Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı, ədalətli, qətiyyətli mövqeyi birmənalı və dəyişməzdir. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərir. Lakin Azərbaycan tərəfinin xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalır. Ekspertlərin qənaətinə görə, bunun başlıca səbəbi Ermənistanın işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi, müxtəlif bəhanələrlə danışıqlar prosesini pozması, yekun nəticəyə gəlməkdən yayınmasıdır.

Bəlli olduğu kimi, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən 4 müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər, işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞ PA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Ermənistanın bir işğalçı dövlət kimi, açıq sanksiyalara, təzyiqlərə məruz qalmaması, müəyyən dövlətlərin geosiyasi maraqlarını önə çəkərək, rəsmi Yerevanı himayə etmələri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

İŞĞALÇI ÖLKƏNİN ƏHALİSİNİN TƏDRİCƏN AZALMASI, İQTİSADİYYATININ İFLİC DURUMUNDA OLMASI BEYNƏLXALQ ALƏMDƏ ÖLKƏYƏ OLAN MARAĞI DAHA DA AZALDIR

Ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, iqtisadi inkişaf sürətinə görə, Azərbaycanın öndə getməsi ölkəmizin inkişaf potensialının kifayət qədər böyük olduğunu bilavasitə təsdiqləyir. Azərbaycan iqtisadiyyatının böyük sürətlə genişlənməsi, artması inkişaf etməsi və dünya miqyasında yüksək imic qazanması danılmaz faktdır. İşğalçı ölkənin əhalisinin tədricən azalması, iqtisadiyyatının iflic durumunda olması və getdikcə kiçilməsi, beynəlxalq səviyyədə bu ölkəyə qarşı onsuz da məhdud olan marağı bir qədər də azaldır. Azərbaycanın iqtisadiyyatı daha da genişlənir, artır, böyüyür və Cənubi Qafqaz iqtisadiyyatının əsas hissəsini təşkil edir. Azərbaycan Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi inkişaf templərinə görə, Azərbaycan dünya miqyasında lider ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir.

AZƏRBAYCAN DÖVLƏTİNİN QÜDRƏTİNİN ARTMASI İLƏ PARALEL OLARAQ ORDUSUNUN QÜDRƏTİ DƏ YÜKSƏLİB

Dövlət başçısı tam haqlı olaraq dəfələrlə vurğulayıb ki, torpaqlarımızın 20 faizinin işğalının davam etdiyi bir şəraitdə Azərbaycanın öz hərbi potensialını artırması təbii, gözlənilən və qanunauyğun haldır. Şübhəsiz ki, ölkəmiz torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə qətiyyən barışa bilməz. Bu mənada, dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artması, ildən-ilə yüksəlməsi hərbi xərclərin təbii, gözlənilən artımını şərtləndirir. Bütün bunlar hərbi-sənaye kompleksinin daha da möhkəmlənməsinə gətirib çıxarır, milli ordunun döyüş və təchizat qabiliyyətinin ən müasir səviyyədə artırılması, möhkəmlənməsi ilə nəticələnir. Azərbaycan dövlətinin qüdrətinin artması ilə paralel Azərbaycan Ordusunun da səviyyəsi yüksəlib. Vaxtilə, Prezident İlham Əliyevin "Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabər olacaq" bəyanatı işğalçı ölkədə elə də ciddi qəbul edilmirdi. Onlar bunu sadəcə təbliğat hesab edirdilər. Aparılan işlər ölkə Prezidentinin verdiyi bəyanatın həqiqiliyini sübut etdi: "Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır".

Azərbaycan öz iqtisadi və hərbi-siyasi qüdrətini getdikcə daha da inkişaf etdirir. Azərbaycan böyük iqtisadi potensialından layiqli şəkildə istifadə edərək, işğalçı ölkə qarşısında hərbi qüdrətini daha da möhkəmləndirir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə sözün əsl mənasında fəxr edir. Əldə olunan uğurlar bir daha sübut etdi ki, cəmiyyətdəki siyasi plüralizm daxili qüvvələrin parçalanmasına, siyasi iddiaların həyata keçirilməsinə deyil, vahid dövlət quruculuğuna xidmət edərsə, ordu quruculuğu sahəsində dövlətin apardığı siyasət əsaslandırılmış və ardıcıl olarsa, Silahlı Qüvvələrin təşkilində və gücləndirilməsində yüksək nailiyyətlər əldə etmək olar. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Məlumdur ki, hər bir ordunun qüdrətli - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır.

Azərbaycanın uğurlu, davamlı, dinamik inkişafı onu göstərir ki, ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında suverenliyini, ərazi bütövlüyünü tam təmin etmək iqtidarındadır. İlham Əliyev "Biz suverenliyimizi, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik" deyərək Azərbaycanın bu məsələdə mövqeyinin tam aydın və şəffaflığını bəyan edib. Daxili və xarici siyasətin necə, hansı şərtlər daxilində həyata keçiriləcəyi, dövlətlərarası əlaqələrin, münasibətlərin necə qurulacağı barədə aydın təsəvvür vardır:"Biz müstəqil xarici siyasətimizi davam etdirəcəyik. Xüsusilə, üstünlüyü ikitərəfli əlaqələrə verəcəyik. Digər ölkələrlə əlaqələr beynəlxalq hüquq prinsipləri, bir-birinin işinə qarışmamaq şərti, qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdiriləcək".

ERMƏNİ ƏSGƏR VƏ ZABİTLƏRİ ÖZ YAŞAYIŞINI DÜŞÜNÜR, BUNDAN NARAHAT OLUR

Ermənistanın mövcud vəziyyəti reallığı qəbul etməkdən, beynəlxalq hüququn prinsiplərinə ehtiramla yanaşaraq, işğal olunmuş ərazilərimizi azad etməkdən başqa çıxış yolu yoxdur.

Ermənistan sivil dövlət, obyektiv qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu gün Ermənistan ordusu faktiki olaraq hərbi polis rejimini xatırladır. Orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib. Orduda hansısa vətənpərvərlikdən, ruh yüksəkliyindən danışmaq olmaz. Ermənistan ordusunun maddi təminatının zəifliyi şəxsi heyətin ruh yüksəkliyinin zəifliyində özünü göstərir. Ordu köhnə silahlarla təchiz olunub, ərzaq təminatı bərbad vəziyyətdədir. Orduya dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi müxtəlif mərhələlərdə mənimsənilir. Ən əsası isə qonşu dövlətin torpaqlarını işğalda saxlamaq bu gün erməni əsgərləri, zabitləri üçün maraq kəsb etmir. O özünün yaşayışını düşünür, bundan narahat olur. Ermənistan vətəndaşları müxtəlif üsullarla çağırışdan yayınmağa çalışırlar. Cəbhə xəttinə düşməmək üçün hərbi komissarlıqlara böyük rüşvətlər verilir. Son real vəziyyət dediklərimizi təsdiqləyir. Dövlətin böhran situasiyası erməni ordusuna da ciddi sirayət edib. Bu gün Ermənistan başqa dövlətlərin torpaqlarına iddia edir, başqa dövlətlərin mədəniyyətini, tarixini mənimsəmə siyasəti həyata keçirir, güclü, müasir dövlət qurmaq siyasətini militarist, orta əsr təfəkkürünə malik olan ideologiya ilə əvəz edir. Bu siyasət isə ciddi böhrana, inkişaf imkanlarından məhrum olmağa gətirib çıxarır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər