PDF Oxu

Siyasət

  • 15

Yeni Azərbaycan Partiyası demokratik prinsiplərə söykənir

Yeni Azərbaycan Partiyası demokratik prinsiplərə söykənir

Əli Əhmədov: "Əldə olunan nailiyyətlər partiyamızın növbəti parlament seçkilərinə inamla getməsi üçün ciddi əsaslar verir"

Azərbaycan müstəqillik dövründə bir çox imtahanlardan uğurla çıxmış və ölkə daxilində keçirilən seçkilərdə demokratik prinsiplərə söykənərək nailiyyətlər qazanmışdır. Seçkilərin şəffaf, demokratik olaraq keçirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda mövcud durum, ictimai-siyasi proseslərin gedişatı belə bir fikir söyləməyə əsas verir ki, ölkəmiz istənilən seçkinin keçirilməsinə hər zaman hazır vəziyyətdədir. 1993-cü ildən bu günə qədər keçirilən istər prezident, parlament seçkilərində, istərsə də bələdiyyə seçkilərində xalq birlik göstərmiş və ölkənin gələcək inkişafını nəzərə alaraq düzgün seçim etmişdir.

Bildiyimiz kimi, cari ilin noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Parlament seçkiləri yaxınlaşdıqca, Azərbaycanın ictimai-siyasi həyatında qaynar dövr yaşanır. Dövlət rəhbərinin ölkənin həyatında yaratdığı ictimai - siyasi, sosial sabitlik, sosial rifahı təmin etməsinin nəticəsi olaraq, parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədə aparılır.

Azərbaycanda aparıcı gücə malik olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük hazırlıq işləri görür. Ölkəmizin, eləcə də, regionun ən güclü siyasi təşkilatı olan YAP xalqımızın maraqlarının gerçəkləşdirilməsində mühüm uğurlara imza atır. 650 mindən artıq üzvü olan partiyanın bu seçkilərdə qələbə qazanması labüddür. YAP bu günə qədər uğurlara imza ataraq prezident və bələdiyyə seçkilərindəki qələbəsi, YAP-ın lider, formalaşmış siyasi təşkilat olduğunu göstərir. Növbəti parlament seçkilərində, həmişə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının qələbəsi təmin ediləcək. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Cənab İlham Əliyevin Sədrliyi ilə uğurla davam etdirilən Yeni Azərbaycan Partiyasının siyasəti birmənalı olaraq xalq tərəfindən dəstəklənir.

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə artıq ilin əvvəlindən hazırlıq işlərinin başlanıldığını və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini bildirib. YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. O, bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə getdiyini bildirib: "Son parlament seçkilərinin keçirildiyi 2010-cu ildən bu günə qədər Azərbaycan böyük inkişaf mərhələsi keçib. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə uğurlar gətirib. Təbii ki, əldə olunan nailiyyətlər partiyamızın növbəti parlament seçkilərinə inamla getməsi üçün ciddi əsaslar verir".

Əli Əhmədov çıxışında ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanlar daha yaxşı yaşamağa başlayıblar. Bütün görülən işlər, əldə olunan nailiyyətlər. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir: "Hakimiyyətdə olan partiya kimi biz növbəti seçkilərə məhz bu nailiyyətlərlə, uğurlarla, yeniliklərlə gedirik. İnsanlar hər bir partiyaya, xüsusilə də, hakimiyyətdə olan partiyaya görülən işlərə görə qiymət verirlər. Biz də növbəti parlament seçkilərinə gedərkən hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. Çünki hər bir vətəndaş aydın şəkildə dərk edir ki, YAP-ın hakimiyyətdə olması, seçkilərdə uğur qazanması növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurla irəliyə getməsinin əsas şərtidir. Belə olan halda, hər bir vətəndaş təbii olaraq, ölkəmizdə, o cümlədən, öz həyatlarında müsbət dəyişikliklərin davamlı olmasını arzu edərək, hakimiyyətdə olan partiyanı və onun irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. İnsanlar şahidi oldular ki, Prezident komandasının verdiyi sözlər vəd olaraq qalmır, lazımi səviyyədə yerinə yetirilir. Güman edirəm ki, seçki dövründə də ölkə miqysında aparacağımız təbliğat bu fundamental dəyişikliklərə və nailiyyətlərə istinad edəcək".

Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar keçirilən YAP Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon təşkilat sədrlərinin müşavirəsində Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi, Əli Əhmədov çıxış edərək YAP Mərkəzi Seçki Qərargahının rayon (şəhər) şöbələrinin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini verib.

Eyni zamanda, müşavirədə seçici qrupları ilə iş, rayon (şəhər) seçki qərargahlarının fəaliyyətinin təşkili, partiya tərəfindən irəli sürüləcək namizədlər üçün seçici imzası toplayacaq partiya fəalları ilə treninqlərin keçirilməsi və s. məsələlər müzakirə olunub və lazımi tapşırıq və tövsiyyələr verilib.

Aparılan hazırlıq işləri onu deməyə əsas verir ki, ölkənin ən böyük, nüfuzlu siyasi qüvvəsi və qələbələr partiyası kimi tanınan YAP-ın növbəti parlament seçkilərində qələbə qazanması labüddür. Azərbaycanın sürətli inkişafı və regionda lider dövlətə çevrilməsi, ölkənin dinamik inkişafı əhalidə ruh yüksəkliyi yaradır. Bütün siyasi kampaniyalarda olduğu kimi, Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə də yüksək hazırlıq işləri aparmaqla, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin yüksək səviyyədə təbliğ edəcək, Seçki Məcəlləsinə uyğun olaraq təbliğatın bütün sivil formalarından istifadə etməklə onların qələbəsinə nail olacaq.

ZÜMRÜD

Digər xəbərlər