"Dünya bazarında neftin ucuzlaşmasının Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərə, o cümlədən də banklara hər hansı bir təsiri olacağına inanmıram. Radikal müxalifət mətbuatında yazılan bu fikirlərin nə iqtisadi, nə də siyasi əsasları yoxdur". Bu fikirləri SİA-ya millət vəkili, Musa Quliyev radikal müxalifət mətbuatında dərc edilən yazıda neftin ucuzlaşmasının iqtisadiyatımıza mənfi təsir göstərəcəyi iddialarına münasibətini bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı deyil: "Gəlirlərimizin böyük bir hissəsini neft və neft məhsulları təşkil etsə də, ölkəmizdə sənaye, kənd təsərrüfatı, turizm, informasiya kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və buradan da gəlir əldə edilir. Azərbaycanın neftdən başqa digər enerji resursları var və ixrac edəcəyimiz enerji potensialımız kifayət qədərdir. Cənab Prezident İlham Əliyev bu günlərdə "Qalaaltı" müalicəvi istirahət mərkəzinin açılışı zamanı çıxışında qeyd etdi ki, "Biz nefti, qazı kənara qoymalı, Azərbaycanın digər iqtisadi yollarla inkişafını həyata keçirməliyik". Bu fikirləri əsas götürərək hesab edirəm ki, hazırkı mərhələdə işlərin öhdəsindən uğurla gəlinir. Məsələnin digər tərəfinə gəlincə neftin qiymətinin aşağı düşməsi tamamilə neftin yox olması anlamına gəlmir. Gəlirlər müəyyən qədər azala bilər. Bu da ki, müvəqqəti prosesdir. Hər kəsə bəllidir ki, neftin ucuzlaşması iqtisadi səbəblərlə bağlı deyil. Dünyada gedən siyasi proseslərin nəticəsidir. Prosesin uzun müddət davam edəcəyini düşünmürəm".Musa Quliyev həmçinin qeyd edib ki, beynəlxalq arenada enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu danılmazdır: "Nefti olmayan ölkələr heç dağılmayıb, o ki qaldı zəngin neft ehtiyatına malik Azərbaycan. Bu cür iddialar, sərsəm fikirlər boş və mənasızdır. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər, banklar məgər neftdən asılıdır? Düzdür dünyada gedən proseslər bir sıra ölkələrdə milli valyutanın devalivasiyasına gətirib çıxardı. Azərbaycanda da bu ilin fevral ayında manatın dollara, avroya nisbətən möhkəmliyi aşağı salındı və real manatın alıcılıq gücü səviyyəsinə düşdü. Bu da hökumətin həyata keçirdiyi tədbir idi. Əgər ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, deməli dünyaya qeyri-neft sektoru məhsullarını təqdim etməliyik. Bu zaman onun manatla başa gələn maya dəyəri dollarla satılarkən müəyyən ekvalent təşkil edilməlidir ki, sahibkar mal istehsal etməkdə maraqlı olsun. Bu olduqca mürəkkəb və elm tələb edən iqtisadi siyasətdir. Bunu nə "Azadlıq" qəzetində oturanlar, nə də AXCP-də oturanlar başa düşməzlər".
sia.az