İlham Əliyev: "Siyasi sifarişlərlə çıxan orqanlar nə qədər az olarsa, bizim mediamız da o qədər həm güclü, həm də ki, daha müsbət reputasiyaya malik olacaqdır"
Con illərdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edib, güclü iqtisadi və hərbi potensialı formalaşıb. Cəmiyyət həyatının bütün sahələrində uğurlar qazanılıb, müasirləşib, Azərbaycan mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifinə çevrilib. Bütün görülən işlər, uğurlar Azərbaycan milli mətbuatının inkişafına əhəmiyyətli dərəcədə təsir edib. Ayrılan diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda və MDB məkanında KİV-lərin kəmiyyəti və keyfiyyəti baxımından qabaqcıl yerlərdən birində qərarlaşıb.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüşün yaranması hər kəsə bəlli olan həqiqətdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mətbuat sahəsində də ciddi dönüşlərə gətirib çıxardı. Belə ki, Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri aradan qaldıraraq, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasını formalaşdırdı. Bu, Azərbaycan mətbuatının kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb oldu. 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təmin edilməsinə imkan yaratdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırdı.
Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident Cənab İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayaraq, mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə hər cür imkan yaradıb. 2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin təzahürüdür.
Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Fərmanı da məhz ölkəmizdə KİV vasitələrinin inkişafına dövlət dəstəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılması da bu baxımdan mühüm addım olmuşdur. Milli mətbuatın 135 illik yubileyində jurnalistlərin mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Daha sonra mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrıldı.
Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə media nümayəndələrinə verilən fəxri adlar, orden və medallar ölkə başçısını milli mətbuatımıza ayırdığı diqqətin daha bir nümunəsidir.
Cənab İlham Əliyevin milli mətbuatımıza ayırdığı diqqət, azad sözə, azad mətbuta verdiyi önəmdir ki, bu gün ölkəmizdə 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir.
"…GƏNC NƏSLİMİZİN VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏ OLUNMASI İŞİNDƏ MEDİANIN MÜSTƏSNA XİDMƏTLƏRİ VARDIR"
Azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratiyanın əsas meyarlarından biridir. Mətbuatımıza göstərilən bu qayğı ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək məsuliyyətini qoyur. Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar.
Görülən işlərin müqabilində bu peşə sahibləri daha da məsuliyyətli olmalıdırlar. KİV qərəzsiz mövqe, ədalətli yanaşma prinsipi ilə fəaliyyətini davam etdirməyə borcludur. Bu gün ölkə ərazisinin 20 faizinin işğal altında olduğu bir zamanda vətənpərvərlik mövzusunda publisist yazıların, reportajların çoxluq təşkil etməsi vacib hasab olunur. Bu, hər bir jurnalistin öz daxili tələbatı olmalıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır:" Xüsusilə, müharibə şəraitində olan ölkələrdə bu, daha böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə də gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır. Əlbəttə ki, burada dövlət dəstəyi və dövlət siyasəti çox mühümdür və bu siyasət məqsədyönlü şəkildə aparılır. Azərbaycanda vətənpərvərlik mövzuları çox geniş işıqlandırılır. Gənclərin tərbiyəsi ilə bağlı məsələlər, idman sahəsindəki uğurlarımız, ordu quruculuğu sahəsində aparılan işlər - bütün bunlar bir məqsədi güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik ruhunu və duyğularını daha da artıraq, gücləndirək".
"…XARİCİ DAİRƏLƏRİN SİFARİŞİ İLƏ, GÖSTƏRİŞİ İLƏ VƏ ONLARIN PLANLARI ƏSASINDA AZƏRBAYCANDA HANSISA MÖVZU ƏTRAFINDA RƏY YARATMAQ CƏHDLƏRİNƏ, ÜMUMİYYƏTLƏ SON QOYULMALIDIR"
Amma təəssüflə də olsa bildirməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, sui-istifadə edən bəzi qüvvələrə də təsadüf olunur. Anti-Azərbaycan dairələrin ayırdıqları maliyyə hesabına ölkəmizdə KİV-lərdən ibarət dayaq nöqtələrini formalaşdırmağa nail olublar. Media üçün yaradılan azadlıqlardan sui-istifadə edən bəzi qurumlar qəbulolunmaz, qüsurlu fəaliyyətə yol verirlər. Unudurlar ki, media nümayəndəsi ən əsası vətəndaşdır, azərbaycanlıdır. Amma bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərir, sifarişli məqalələr də dərc olunur. Azərbaycan Prezidenti bunun yolverilməz olduğunu qətiyyətlə bildirmişdir:"... xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə, ümumiyyətlə son qoyulmalıdır. Burada mən, sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin".
İlham Əliyev media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görüldüyünü bəyan etmişdir. Bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi səciyyəvi deyildi. Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Ölkə başçısının bildirdiyi kimi, "Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq siyasiləşmiş cəmiyyət deyil. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək bizə uğur gətirə bilməz. Hər şey təbii olmalıdır, o cümlədən mediada da. Siyasi sifarişlərlə çıxan orqanlar nə qədər az olarsa, bizim mediamız da o qədər həm güclü, həm də ki, daha da müsbət reputasiyaya malik olacaqdır".
Nəzakət ƏLƏDDİNQIZI