PDF Oxu

Siyasət

  • 9

Azərbaycan orkestrinin Almaniyada möhtəşəm çıxışı əcnəbiləri heyrətləndirib

Azərbaycan orkestrinin Almaniyada möhtəşəm çıxışı əcnəbiləri heyrətləndirib

Lüdviq Bauman: "Orkestrin yüksək professionallığı və ümumiyyətlə, Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir"

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri avqustun 4-dən 11-nə kimi Almaniyada qastrol səfərində olmuş və XIX Qut-İmmlinq Opera Festivalında böyük uğurla çıxış etmişdir. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata istinadən, Bakıdan olan orkestrin beynəlxalq opera sənəti və musiqi festivalının keçirildiyi Bavariyanın səfalı kurort şəhəri İmmlinqi heyran edib. Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri bu musiqi bayramında dəfələrlə iştirak edib. Buna görə də, orkestrin növbəti uğuru yerli tamaşaçıları təəccübləndirməyib və onlar bunu adi hal kimi qəbul ediblər.

İmmlinq festivalına bütün dünyadan klassik musiqi həvəskarları toplaşır və oraya bir çox ölkə və qitələrdən ən məşhur və tanınmış solist və musiqi kollektivləri dəvət olunur, festival Avropada ilin əsas mədəni hadisələrindən biri sayılır.

Xatırlatmaq lazımdır ki, festivalın musiqi rəhbəri və baş dirijoru baronessa Korneliya Kerssenbrok haqqında Azərbaycan mətbuatında çox yazılıb. Bakıya çoxsaylı qastrol səfərləri etdiyindən Azərbaycan Opera və Balet Teatrının fəaliyyəti ilə yaxşı tanışdır. Xanım Korneliya Opera Teatrında dəfələrlə tamaşaları idarə etmiş, bütünlükdə teatrın professional səviyyəsini yüksək qiymətləndirir. Almaniyalı musiqi mütəxəssisi həm də bizim ölkəmiz və insanlarımız haqqında hər zaman böyük məhəbbətlə bəhs edir və məhz o, musiqiçilərimizin Bavariyada keçirilən festivala dəvət olunmasının təşəbbüsçüsüdür.

Qeyd edək ki, bu mötəbər festivala bütün Avropadan ən kübar insanlar toplaşır, onların bir hissəsi musiqi həvəskarları olmaqla yanaşı, həm də qədim monarxiya sülaləsinə mənsub təbəqəni təmsil edir, yüksək mədəniyyət və zərif musiqi zövqünə malikdirlər.

Bildirək ki, simfonik orkestrimiz festivalın yekun Qala-Konsertində iştirak etmək üçün dəvət olunmuşdu. Avqustun 9-da baş tutan Qala-Konsertin açılışı zamanı onun rəhbəri və əsas təşkilatçısı cənab Lüdviq Bauman çox vacib bir məqamı qeyd edib. O bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə də, Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alır. "Bu, ilk növbədə orkestrin yüksək professionallığı və ümumiyyətlə, Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə təkcə keçmiş sovetlər məkanında deyil, həm də dünyada mədəni, iqtisadi və siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları və alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir", - deyə cənab Bauman qeyd edib.

"Həyat yoldaşım və mən hər il Azərbaycanda oluruq və biz bu ölkədə həyatın bütün sahələrində inkişafın yüksək sürətinin, tərəqqinin canlı şahidiyik. Ölkənin gözəl təbiəti, qədim tarixi və mədəni abidələrlə zənginliyi son illərdə, buraya güclü turist axını olduğunu qeyd etmək istəyirəm və mən festivalın bütün qonaqlarını bizdən nümunə götürməyə, Azərbaycana getməyə, bütün deyilənləri öz gözləri ilə görməyə səsləyirəm..."

Festival rəhbərinin bu sözlərini zal gurultulu alqışlarla qarşılayıb. Elə orkestrin çıxışı da hər bir nömrənin ifasından sonra alqışlar və "bravo" sədaları ilə müşayiət olunub.

Festivalda gənc dirijor – görkəmli bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, professor Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. O, orkestrin müşayiəti ilə atasının məşhur musiqi əsəri "Azərbaycan"ı və Qaetano Donisettinin "Sevgi şərbəti" operasından parçanı parlaq şəkildə ifa edib.

Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı, Qala-Konsertdə gənc və istedadlı dirijor, Dirijorların Beynəlxalq Müsabiqələrinin laureatı Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini – Qara Qarayevin "Yeddi gözəl" baletindən valsı, Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" hissəsini, Niyazinin "Qaytağı"sı və Qara Qarayevin "Pavana"sını təqdim edib.

Konsertdən sonra festivalın təşkilat komitəsi və fəxri qonaqlar simfonik orkestrimizin çıxışına yüksək qiymət verərək, təşəkkürlərini bildiriblər, Bakı və bütünlükdə ölkəmiz haqqında yüksək fikirlər, xoş sözlər söyləyiblər və teatr artıq 9-cu dəfə - növbəti ildə keçiriləcək festivala dəvət alıb.

Bu uğur təkcə orkestrin və teatrın uğuru olmayıb, həm də Azərbaycanın bütün dünyada təbliğində mühüm əhəmiyyət daşıyır.

ZÜMRÜD

Digər xəbərlər