Azərbaycanın milli olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb
Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Bu uğurun əldə edilməsinin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Məlum olduğu kimi, bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasındakı əhəmiyyətini yaxşı bilən Ulu Öndər bu sahədə ciddi baza formalaşdıra bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə öz növbəsində həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etdirilməkdədir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Yəni dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.
Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.
Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Elə bir neçə ay öncə I Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində keçirilməsi, oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gəlməsi, yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanallarının Bakıdan xəbərlər yayması növbəti dəfə Azərbaycanın dünya idmanının mərkəzinə çevrildiyini isbat etdi. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verdi. Avropa Oyunlarının keçirilməsində əldə etdiyimiz təcrübə isə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradır və təcrübəmizi artırır. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artıb.
Artıq faktdır ki, hazırda Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Həqiqətən Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atıblar. Həmçinin, I Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür və bu faktor əmin edir ki, ölkəmizi təmsil edən idmançılarımız Rio-de-Janeyroda da bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.
Əlbəttə ki, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına hazırlıq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və müvafiq idman federasiyaları tərəfindən milli komandaların formalaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilir. Məhz Azərbaycanın milli olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam da imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaiti ayrılacaq.
Düşünürük ki, Azərbaycan idmançıları hər zaman olduğu kimi Rio-de-Janeyroda da xalqımızın onlara olan inam və etimadını doğruldacaqlar, ölkəmizə qələbə sevinci bəxş edəcəklər.
"Səs" Analitik Qrupu