İlham Əliyev: "Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək"
Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artması, ölkənin nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması istiqamətində əldə olunan uğurların əsasında ölkə Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasəti dayanır. Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında dövlət başçısının həyata keçirdiyi layihələr və islahatlar müstəsna əhəmiyyətə malikdir.
2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına səbəb olub. Növbəti "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində də görülən işlər, həyata keçirilən layihələr uğurlu nəticələrlə zəngin olacaq.
"MƏN HESAB EDİRƏM Kİ, ÜÇÜNCÜ PROQRAMIN BAŞA ÇATMASI NƏTİCƏSİNDƏ BİZ BÜTÜN BU RƏQƏMLƏRİ 100 FAİZDƏN ARTIQ SƏVİYYƏDƏ GÖRMƏLİYİK VƏ GÖRƏCƏYİK"
Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialının güclənməsinə, sahibkarlığın inkişafına təkan olub. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması uğurlara səbəb olub. Regionlarda 4400 müəssisə fəaliyyətə başlayıb, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb.
Belə ki, Dövlət Proqramı çərçivəsində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilir.
Sumqayıt, Gəncə və Sabirabadda "ASAN xidmət"in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırıb. Təkcə ötən il regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir. Görülən işlər ürəkaçandır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik", - fikrini ifadə etməsi real faktlara söykənir.
CƏLİLABAD RAYONU DA BU GÜN YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
Regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi ölkənin inkişafında bir dönüş nöqtəsi olub. Belə ki, bütün regionlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında hiss etməsinə səbəb olub. Son dövrlərdə Azərbaycan Prezidentinin tapşırığı ilə Bakıda və regionlarda parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və ölkəmizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Bütün regionlar kimi Cəlilabad rayonu da bu gün yeni inkişaf dövrünü yaşayır. Avqustun 11-də Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına Park-Bulvarın istifadəyə verilməsi dediklərimizi isbat edir. Park-bulvarın ərazisində Ümummilli Lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb. Park-bulvarda musiqili fəvvarə, müasir işıq dirəkləri, rahat oturacaqlar quraşdırılıb ki, bu da əhalinin istirahətinə böyük təkandır. Bu cür layihələrin icrası bir daha sübut edir ki, şəhərlərimizin və rayonlarımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilir.
Bununla yanaşı, Cəlilabadda Heydər Əliyev Mərkəzi fəaliyyətdədir. Orijinal üslubda inşa edilən mərkəz həm də rayonun görkəminə əlavə çalarlar qatır. Bu mərkəz, ilk növbədə, rayon sakinlərinin Ulu Öndərin xatirəsinə dərin ehtiramını nümayiş etdirir. Mərkəzin yaradılması həm də dahi şəxsiyyətin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır, xalqımızın böyük oğlunun Azərbaycan naminə gördüyü işləri gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
DÖVLƏT TORPAQ FONDU
HESABINA İRİ FERMER
TƏSƏRRÜFATLARI YARADILIR
Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondu hesabına iri fermer təsərrüfatlarının yaradılması prosesi davam etdirilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib. Artıq fəaliyyətə başlamış təsərrüfatlarda ərzaq buğdası üzrə orta məhsuldarlıq 57-60 sentner təşkil edir ki, bu da ölkə üzrə göstəricidən iki dəfəyədək çoxdur. Yaradılacaq müasir təsərrüfatlarda növbəli əkin sisteminin həyata keçirilməsi kənd təsərrüfatını rentabelli sahəyə çevirməklə yanaşı, bir sıra məhsulların istehsalının artımına səbəb olacaq.
Bu sahənin inkişafı üçün Cəlilabad da daxil olmaqla Lənkəran iqtisadi rayonu üzrə güzəştli kreditlər verilib. Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 30 investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat dövlətin güzəştli kreditləri verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kreditlər verilib və bu kreditlər hesabına 4580-dək yeni iş yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb.
Görülən işlər Azərbaycan vətəndaşının rahatlığına, sosial vəziyyətinin yüksəlməsinə səbəbdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Ölkəmizdə təhlükəsizlik, inkişaf, rahatlıq, ədalət var, sosial məsələlər həll olunur, ən əsası insanların üzü gülür" deməsi bu reallıqlara əsaslanır.
Azərbaycanın ictimai-siyasi, sosial mənzərəsi belədir. Bu, ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin məntiqidir. Bu siyasət davamlıdır. İlham Əliyev çıxışlarının birində bu haqda belə deyir:"Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni son bir il ərzində bütün bu və digər amillər, əslində mənfi tərəfə gedən amillərdir. Yəni mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir".
Nəzakət ƏLƏDDİNQIZI