Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa İttifaqı (Aİ) Bakıda namizədlərin irəli sürülməsi və qeydiyyat prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar treninq keçirib.SİA-nın xəbərinə görə, treninqdə MSK-nin sədri Məzahir Pənahov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard və həmçinin Bakı və Naxçıvanı əhatə edən Dairə Seçki Komissiyalarının rəhbərləri iştirak edib.Treninqdə çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, rəhbərlik etdiyi qurum seçki ilə bağlı maarifləndirmə tədbirlərinə böyük diqqət ayırır: "Bununla bağlı MSK-da maarifləndirmə proqramı hazırlanır. Bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar 30 mindən artıq MSK və DSK-a üzvləri maarifləndirmə proqramında iştirak edəcək".
M. Pənahov qeyd edib ki, bu günkü tədbir Bakı və Naxçıvanı əhatə edən Dairə Seçki Komissiyalarının (DSK) rəhbərlərinin iştirakı ilə keçirilir: "Bundan sonra ölkənin 4 bölgəsində treninqlərin keçirilməsi gözlənilir. Hesab edirik ki, bu çox uğurlu bir treninq olacaq. Noyabrda keçiriləcək parlament seçkiləri dünyanın diqqət mərkəzindədir və biz də çalışırıq seçkilər çox yüksək səviyyədə keçirilsin".
Sonra çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib ki, tədbirin keçirilməsi MSK-nın Aİ və ATƏT-lə uzun müddət davam edən əməkdaşlığının nəticəsidir: "MSK bu seminarı Aİ, Avropa Şurası və ATƏT tərəfindən namizədlərin qeydiyyatı barədə verilən tövsiyələri nəzərə alaraq keçirir. Düşünürəm ki, tədbir qeyd olunan sahələr üzrə inkişafı gücləndirəcək".
M. Mard onu da qeyd edib ki, Aİ Azərbaycanda və dünyada keçirilən seçkilərə böyük önəm verir.
Daha sonra tədbir media nümayəndələrinə qapalı şəkildə keçirilib.Qeyd edək ki, tədbirin qapalı hissəsində namizədlərin qeydiyyatı üzrə qanunun tələbləri, namizədliyin irəli sürülməsi prosesi: siyasi partiyalar və siyasi partiyaların blokları, namizədliyin irəli sürülməsi prosesi: seçicilərin təşəbbüs qrupları və öz təşəbbüsü ilə irəli sürülmüş namizədlər, sənədlərin təqdim edilməsi, sənədlərə dair yekun qərarların qəbul olunması məsələləri müzakirə edilib.
sia.az