PDF Oxu

Siyasət

  • 13

Daşkəsəndə parlament seçkiləri ilə bağlı seçki qərargahının müşavirəsi keçirilmişdir

Daşkəsəndə parlament seçkiləri ilə bağlı seçki qərargahının müşavirəsi keçirilmişdir

Dünən Daşkəsən rayonunda bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı YAP Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin müşavirəsi keçirilmişdir. Müşavirədə aidiyyəti üzrə partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Yığıncaqda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev iştirak etmişdir.

Tədbirdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev seçki qərargahının işi, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat vermiş, Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplər əsasında təmin olunacaq böyük və geniş imkanları qeyd etmişdir: "İndi Azərbaycan Respublikasının seçkilərlə bağlı qazandığı müsbət təcrübə həm daxili, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan demokratik, dünyəvi dövlətdir. Biz dövlətimizin qazandığı gözəl ənənələri, yüksək seçki mədəniyyətini 5-ci çağırış Milli Məclisə seçkilərdə də nümayiş etdirəcəyik. Sözün əsl mənasında, biz bu seçkilərdə var gücümüzlə təbliğat aparmalı, düzgünlüyün, ədalətin, şəffaflığın qorunmasına çalışmalıyıq. Mən hər bir Daşkəsən seçicisinə böyük hörmətlə yanaşıram və onlara inanıram. Tam əminəm ki, rayonda həmişə olduğu kimi, bu seçki də yüksək səviyyədə baş tutacaq, şəffaflıq, ədalət təmin olunacaqdır".

M.Yolçuyev çıxışında onu da bildirmişdir ki, parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyini heç bir qüvvə inkar edə bilməz: "Ona görə ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə sabitliyi, yüksək templi inkişafı, demokratikliyi və şəffaflığı ilə tanınır. Aydındır ki, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün möhtərəm Prezidentimizin ətrafında birləşən YAP fəallarının da böyük rolu vardır. YAP üzvləri həmişə olduğu kimi bu siyasi kampaniyada da özlərinin fəallıqları və təşəbbüskarlıqları ilə seçilirlər".

Təşkilat sədri məlumat vermişdir ki, Daşkəsən rayonu üzrə seçki qərargahı nəzərdə tutulmuş qrafikə uyğun lazımi tədbirləri gündəlik fəaliyyətində yerinə yetirir: "Rayon ərazisində fəaliyyət göstərən bütün seçki məntəqələrində hazırlıq işləri yaxın günlərdə başa çatdırılacaqdır. Bu gün inamla demək mümkündür ki, rayonumuz parlament seçkilərinə böyük coşqu və həvəslə gedir. Rayonumuzda və eləcə də ölkəmizdə YAP-ın üzvləri olaraq bizlərin hər birinin bu seçkilərdə fəallığı, təşəbbüskarlığı, müşahidələr, əhali arasında mövcud olan ümumi razılıqlar onu deməyə əsas verir ki, indi Azərbaycanda demək olar ki, seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə öz hörmət və ehtiramlarını məhz seçki günündə bir daha nümayiş etdirəcəklər".

Tədbirdə qeyd olunmuşdur ki, YAP Daşkəsən rayon təşkilatında yaradılmış seçki qərargahında YAP Mərkəzi Seçki Qərargahının tövsiyə və tapşırıqlarına uyğun konkret fəaliyyət proqramları və tədbirlər hazırlanmış və ardıcıl yerinə yetiriləcəkdir.

Rayon seçki qərargahının iclasında seçki məntəqələrinin hazırlığı ilə bağlı partiya fəalları arasında bölgü aparılmış və seçkilərlə bağlı fikir mübadiləsi olmuş, aidiyyəti üzrə suallar cavablandırılmışdır.

Rəfiqə

Digər xəbərlər