Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı aparatında parlament seçkiləri ilə əlaqədar yaradılan Seçki Qərargahı üzvlərinin toplantısı keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantıda Sabunçu rayon təşkilatınnı sədri Mehriban Abasquliyeva Seçki Qərargahının işi, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək ölkəmizdə seçki qanunvericiliyinin demokratik prinsiplər əsasında təmin olunacaq böyük və geniş imkanları qeyd edib: "Bu gün Azərbaycanın seçkilərlə bağlı qazandığı müsbət təcrübə həm daxili, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan demokratik, dünyəvi dövlətdir və dövlətimizin qazandığı gözəl ənənələri, yüksək seçki mədəniyyətini 5-ci çağırış Milli Məclisə seçkilərdə də nümayiş etdirəcəyik. Məhz buna görə də, bu seçkilərdə də var gücümüzlə təbliğat aparmalı, ədalətin, şəffaflığın qorunmasına çalışmalıyıq. Əminəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçki də yüksək səviyyədə baş tutacaq, şəffaflıq, ədalət təmin olunacaqdır və parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyini heç bir qüvvə inkar edə bilməz".Təşkilat sədri, həmçinin onu da vurğulayıb ki, Sabunçu rayonu üzrə seçki qərargahı nəzərdə tutulmuş qrafikə uyğun lazımi tədbirləri gündəlik fəaliyyətində yerinə yetirir: "Rayon ərazisində fəaliyyət göstərən bütün seçki məntəqələrində hazırlıq işləri yaxın günlərdə başa çatdırılacaqdır. Bu gün inamla demək mümkündür ki, rayonumuz parlament seçkilərinə böyük coşqu və həvəslə gedir. Bu seçkilərdə də fəallığı, təşəbbüskarlığı, müşahidələr, əhali arasında mövcud olan ümumi razılıqlar onu deməyə əsas verir ki, seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə öz hörmət və ehtiramlarını məhz seçki günündə bir daha nümayiş etdirəcəklər".Toplantıda YAP Sabunçu rayon təşkilatında yaradılmış seçki qərargahı üzvlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmiş, seçki məntəqələrinin hazırlığı ilə bağlı partiya fəalları arasında bölgü aparılmış, partiya tərəfinldən irəli sürüləcək namizədlər üçün seçici imzası toplayacaq partiya fəalları ilə treninqlərin keçirilməsi və s.kimi məsələlər müzakirə olunmuş, seçkilərlə bağlı fikir mübadiləsi aparılmış, aidiyyəti üzrə suallar cavablandırılmışdır.
sia.az