PDF Oxu

Siyasət

  • 15

ABŞ münaqişənin həllində təşəbbüsü ələ ala bilərmi?

ABŞ münaqişənin həllində təşəbbüsü ələ ala bilərmi?
Elçin Mirzəbəyli: "ABŞ-ın atacağı addımların konkret bir nəticə verəcəyi inandırıcı görünmür "

Azərbaycan və Ermənistan prezidentlerinin ABŞ-ın vasitəçiliyi ilə sentyabr ayında Nyu-Yorkda görüşünün keçirilməsi planlaşdırılır. Siyasi təhlilçilərin gəldiyi qənaətə görə, bu görüş Dağlıq Qarabağ münaqişəsinin ətrafında yaranan passivliyin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Politoloq Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirdi ki, indiyə qədər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Fransa və Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox görüşlər keçirilib. Amma həyata keçirilən missiyalar öz nəticəsini verməyib: "Sentyabr ayında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan görüş ilk görüş olmayacaq. Yəni bundan öncə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə də görüş keçirilib. Amma heç bir nəticə olmadı. İndiki şəraitdə də münaqişənin həlli istiqamətində ABŞ-ın birmənalı mövqeyi ortada yoxdur. Əgər olsa da belə, digər həmsədr ölkələrin məsələyə obyektiv yanaşma tərzi yoxdur. Faktiki olaraq, həmsədr ölkələr münaqişənin ədalətli həllində maraqlı görünmürlər. Belə olan halda ABŞ-ın atacağı addımların konkret bir nəticə verəcəyi inandırıcı görünmür. Çünki Azərbaycan ərazilərinin işğaldan azad edilməsində beynəlxalq hüquqdan irəli gələn konkret addımlar həyata keçirilmədiyindən işğalçıya qarşı müvafiq sanksiyalar tətbir edilmir".

Politoloqun sözlərinə görə, indiyə qədər ABŞ öz maraqlarının ifadə olunduğu yerlərdə müvafiq qərarların qəbul olunması istiqamətində addımlar atıb: "Amma işğalçı ölkə olan Ermənistana münasibətdə konkret addımlar yoxdur. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, dünya birliyi Ermənistana qarşı sanksiyalar tətbiq etməli idi. Təəssüflər olsun ki, bu gün açıq şəkildə Ermənistanın işğalçı bir ölkə olması etiraf olunmur. Bir sözlə, işğalçı ölkə olan Ermənistana qarşı dünyanın güc mərkəzləri tərəfindən təzyiqlər göstərilərək, konkret olaraq, sanksiyalar tətbiq etməlidilər ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına əməl etsin. Çünki artıq uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən bütün görüşlərdə Ermənistan öz qeyri-konstruktiv mövqeyini ortaya qoyaraq, hər hansı bir razılığa gəlmir. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxarır".

GÜLYANƏ