İlkin mənzərə faciəvidir
Ermənistan Statistika Mərkəzinin xəbərinə görə yanvar-iyul ayında ölkədə əsaslı göstərici stabil olmayıb. Can verən iqtisadiyyatın son nəfəsinə bənzəyən göstəricilərdə baş verən hər bir yüksəliş, daha pis enişlə əvəz edilib. Söhbət hətta statistik göstəricilərdən belə getmir. Sənayedə qeyri-stabillik ümumi şəkildə Ermənistan iqtisadiyyatında ciddi problemlərin mövcudluğundan xəbər verir. Ölkədə iqtisadi tendensiyalar o qədər pozulub ki, ixrac artımı, idxaldan əsaslı şəkildə geriləyir. 1,9 faiz 4,6 faizə qarşı anormal bir göstəricidir və onsuz da pulu olmayan Ermənistandan pul axını deməkdir. Bunun nəticəsindədir ki, ölkənin ticarətində olan disbalans 90 milyon dollar çoxalıb və təbii olaraq ABŞ dollarına əlavə ehtiyac tələb olunub.
Artıq işğalçı ölkənin Dövlət Statistika Komitəsi də böyük iqtisadi geriləməni etiraf edir. Ermənistan iqtisadiyyatı ötən ayı kəsirlə başa vurub. İşğalçı ölkədə ticarət dövriyyəsi 6,4% azalıb. Bu açıqlamanı Ermənistan Dövlət Statistika Komitəsi edib. Rəsmi hesablamalara görə, son 1 ildə Ermənistanda iqtisadi fəallıq 2,5% azalıb. Bu isə ölkə sənayesinin ciddi geriləməsi deməkdir. Ölkədə malların satışının həcmi ciddi şəkildə azalmaqdadır. Xarici ehtiyatların azalma sürəti də getdikcə kritik hədd alır. Yalnız bu ilin iki ayı ərzində xarici ehtiyatlar 229 milyon dollar və ya 15%-dən çox enib. İqtisadi vəziyyətin gərgin olduğu Ermənistanda elektrik enerjisinin istehsalının azalması və bununla da enerji tariflərinin kəskin artması və əhalinin həyat səviyyəsinin pisləşməsinə, ölkədə vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb.
Teresa Sançes: "Yerevan 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 5,2 faiz iqtisadi artımı reallaşdıra bilmir"
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Teresa Sançes də Ermənistan üçün pessimist proqnozlar vermişdir. Onun sözlərinə görə, rəsmi Yerevan 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 5,2 faiz iqtisadi artımı reallaşdıra bilmir: "Ölkənin keçmiş korrupsioner baş naziri Tiqran Sarkisyanın dövründə sosial-iqtisadi vəziyyət indiki ilə müqayisədə daha yaxşı idi. Hazırkı baş nazir Ovik Abramyanın yarıtmaz fəaliyyəti nəticəsində isə iqtisadi böhran getdikcə dərinləşir".
T.Sançes "Azadlıq" radiosuna müsahibəsində demişdir ki, bu ilin aprel ayında Ermənistan üçün verilən proqnozlar özünü doğrultmamışdır: "Biz düşünürdük ki, Ermənistan iqtisadiyyatında 4,3 faiz artım olacaqdır. Amma təəssüf ki, proqnoz özünü doğrultmadı. Ermənistan iqtisadiyyatının, demək olar ki, çökdüyü bir zamanda ölkədə elektrikin qiyməti artırılmışdır. Bu isə Ermənistanda əhalinin ciddi narazılığına səbəb olmuş, sosial-iqtisadi şəraiti bir qədər də kəskinləşdirmişdir. Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması, əhalinin maddi rifah halının gündən-günə ağırlaşması beynəlxalq qurumların hesabatlarında da göstərilir. Məsələn, Dünya Bankının (DB) hesabatına görə, Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən birini - 135-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 9 dəfədən artıq üstələyir".
Sarkisyan düşdüyü vəziyyətdən çıxa bilmir
Artıq problemlər məngənəsində çabalayan Ermənistanda vəziyyət pik nöqtəsinə çatıb. Erməni mətbuatının verdiyi məlumata görə, məhz enerji tariflərin yüksəlməsi nəticəsində yaradılan "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə artıq iyulun 31-dən başlayaraq polisin təziqlərinə baxmayaraq "Ya ölmək, ya da qalib gəlmək!" şüarı ilə Yerevanın və başqa şəhərlərin küçələrini bağlamağa başlayıb. Hökumət siyasi böhranın bir addımlığğbındadır. Ermənistanda hadisələrin bu məcrada davam verməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır. Görünən odur ki, Sarkisyan hökuməti ölkədəki durumun yaxşılaşması üçün nə lazımi addımlar atır, nə də insanların digər ölkələrə getməsinin qarşısını ala bilir. Erməni saytlarının verdiyi məlumatlarda göstərilir ki, vəziyyət getdikcə daha da pisləşir. İnsanların ölkəni tərk etmələrinə səbəb isə əsasən işsizlik deyil, həm korrupsiya və rüşvət hallarının durmadan artması, eləcə də idarəçilikdə süründürməçilik, ictimai, sosial və mənəvi problemlərdir. Bundan başqa Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Bu isə, onun prezident kreslosuna əlvida deməsidir.
Ekspertlər isə bildirirlər ki, ölkə iqtisadiyyatının istisnasız olaraq bütün sahələrindəki inhisarlar ləğv edilməyincə, yüksək çinli dövlət məmurlarının iri biznesləri dayandırılmayınca, rüşvtxorluq və korrupsiyaya son qoyularaq qanunların işləkliyi təmin olunmayınca, vətəndaşların tələblərinin heç biri yerinə yetirilən deyil. Proses artan xətlə də gedə bilər. Hazırda rəsmi Yerevan Rusiyadan asılı vəziyyətdədir. Ermənistanın müstəqil bir fikri yoxdur. Sarkisyan hökuməti elə çıxılmaz durumdadır ki, Kremlin çaldığı hər havaya oynamaq məcburiyyətindədir. O, hazırda Rusiyanın əmrlərini yerinə yetirir. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanda böyük bir vətəndaş müharibəsi də baş verə bilər. Onsuz da vəziyyət çox gərgindir. Ermənistan hakimiyyəti gələcəkdə dünya gücləri, xüsusilə ABŞ və Avropa İttifaqının bütün mənalarda embarqoları ilə qarşılaşa bilər. O baxımdan bu gün Sarkisyan hakimiyyətinin vəziyyəti o qədər pisdir ki, onların əvəzinə hətta sevinmək belə mümkün deyil.
Qeyd etmək lazımdır ki, bu durum cəmiyyətdaxili münasibətlərə də mənfi təsir göstərməkdədir. Ən çox da Ermənistan gəncləri ölkələrinin gələcəyinə inanmırlar və bu səbəbdən də gənclərinin 88,5 faizi işğalçı ölkəni tərk etmək istədiklərini bildirirlər. Qeyd etmək lazımdır ki, bu durumun fonunda ölkə vətəndaşlarının miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqirantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Mövcud demoqrafik problemlər isə sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır.
Beləliklə də, çıxış yolu yoxsul Ermənistan xalqının hazırkı hakimiyyətə qarşı sonadək mübarizə aparmasıdır. Yerevandakı aksiyalar ətrafında baş verənlər göstərir ki, yoxsul Ermənistan xalqına heç kəs sahib çıxmaq istəmir və bu inqilabı yalnız yoxsul Ermənistan xalqı edəcək.
A.SƏMƏDOVA