Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi mərhum jurnalist Rasim Əliyevin valideynləri ilə görüşüb. Görüşdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev jurnalistin atası Məmmədəli Əliyevə başsağlığı verib və ona Allahdan səbr diləyib. Ş.Hacıyev R.Əliyevin ölümü ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının zorakılığa yol verənlərin həbs edilməsi istiqamətində çevik və hərtərəfli iş apardığını bildirib: "Prezident İlham Əliyev Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib".
Ş.Hacıyev onu da vurğulayıb ki, bəzi qüvvələr bu məsələdən öz siyasi maraqları üçün istifadə etməklə Azərbaycan cəmiyyətində mövcud olan milli birliyə xələl gətirməyə yönələn addımlar atmağa, çağırışlar etməyə çalışırlar: "Təbii ki, bu çağırışların heç bir əsası yoxdur, dövlətimiz tərəfindən söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə qarşı olan əməllərlə bağlı zəruri tədbirlər görülür".
Mərhum jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev sözügedən məsələdə prinsipial və qətiyyətli mövqeyinə görə ölkə Prezidenti Cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Görüşdə YAP Səbail rayon təşkilatının sədr müavinləri Muxtar Nağıyev, Əhliman Qarayev və Səbail rayon icra hakimiyyətinin şöbə müdiri Qabil Zahidov iştirak ediblər.
RƏFİQƏ