"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik"- bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bildirib.
Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb.
Dövlət başçısı müşavirədə çıxışı zamanı bildirib ki, sosial sahədə bütün proqramlar icra edilir: "Bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik".
Ünvanlı sosial yardım proqramından danışan ölkə Prezidenti bu proqramın həyata keçirilməsinin uğurlu olduğunu da bildirib: "Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız".
Qısqanclıqla qarşılanan həqiqətlər
Göründüyü kimi, sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bütün çətinliklərə baxmayaraq, məhz ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat, o cümlədən "Azadlıq" qəzeti əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada bir sıra müxalifət funksionerləri, mətbuatı Azərbaycanda əməkhaqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərirlər. Onların fikrincə, seçki öncəsi əməkhaqlarının artırılması daha çox siyasi məqsədlər güdür. Əgər ölkəmizdə son 10 ildə əməkhaqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq, bu iddianın düzgün olmadığını görmüş olarıq. Belə ki, 2011-ci ildə Azərbaycanda seçkilər keçirilmədi, lakin əməkhaqlarının artırılması ilə bağlı aşağıdakı sərəncamlar verildi: 2011-ci il 1 dekabr tarixli "Minimum aylıq əməkhaqqının artırılması haqqında"; 2011-ci il 5 dekabr tarixli "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında"; 2011-ci il 6 dekabr tarixli "Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında"; 2011-ci il 7 dekabr tarixli "Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında"; 2011-ci il 8 dekabr tarixli "Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında"; 2011-ci il 9 dekabr tarixli "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında"; 2011-ci il 10 dekabr tarixli "Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında".Ümumilikdə 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə 12 Sərəncam imzalanıb. Nəticədə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılıb. Nəzərə alınmalıdır ki, 2003-2013-cü illərdə minimum əməkhaqqının artımı üçün verilən 12 Sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf edib. Bu fakt onu göstərir ki, əməkhaqlarının seçkidən-seçkiyə artırılması barədə deyilənlərin ciddi əsası yoxdur. Müxaliflər belə bir tezis də irəli sürürlər ki, əməkhaqqı artımından sonra qiymətlər dərhal bahalaşacaq. Bu iddia heç bir iqtisadi məntiqə söykənmir. Əvvəlki illərin təcrübəsi göstərir ki, hökumət monetar və fiskal siyasət alətlərindən istifadə etməklə qiymətlərin sabitliyini qorumağı bacarır.
Beləliklə də, bütün bu uğurlu nəticələr onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır.
RƏFİQƏ KAMALQIZI