Gələn il Ermənistan hökuməti təqribən 909 milyon dollardan çox borc götürmək niyyətindədir
SSRİ adlı imperiyanın əsarətindən xilas olmuş digər respublikalar kimi, Ermənistan da artıq 22 ildir öz "müstəqilliyinə qovuşub" desək, yanılarıq. Çünki bu ölkə istər müstəqil dövlət quruculuğu, istər iqtisadiyyatın tərəqqisi, istərsə də beynəlxalq aləmdə öz "mən"ini təsdiq sahəsində 22 addım belə irəliləyə bilməyib. Səbəbi də, əlbəttə ki, işğalçılıq siyasətidir. O, Azərbaycan torpaqlarının 20 faizini işğala məruz qoysa da, indiyədək həmin torpaqları əkib-becərmək iqtidarında olmayıb. Çünki nə güclü texnikası var, nə maliyyəsi, nə də kifayət qədər canlı qüvvəsi. Təsadüfi deyil ki, 22 ildir həmin ərazilər nəzarətsiz zonaya çevrilib. Burada yalnız narkotaçirlər və terrorçular əl-qol açıblar. Bu gün erməni xalqı ağır didərginlik ömrü yaşamaqdadır. Ancaq onları yurd-yuvalarından didərgin salan yad güllələri deyil, işsizlik, aclıq və yoxsulluqdur.
Son 15 ildə Ermənistan əhalisinin 3-də 2-si ölkəni tərk edib
Bu gün Ermənistan cəmiyyəti üçün əsas xarakterik xüsusiyyətlərdən biri də demoqrafiya probleminin fəlakət həddinə çatmasıdır. Hazırda Sarkisyan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsi olaraq Ermənistanda sosial-iqtisadi durum çıxılmaz vəziyyətdədir. Problemlər içərisində çabalayan əhali artıq ölkəni tərk etməyə başlayıb. Aclıq, səfalət içində boğulan Sarkisyan hökuməti əhalinin başqa ölkələrə çıxıb getməsinin qarşısını almaq iqtidarında deyil. Araşdırmalar göstərir ki, işğalçı ölkəni tərk edənlərin sayı artmaqda davam edir. Mühacirətin səbəbləri isə yalnız işsizlik deyil, həm də sosial bərabərsizlik, korrupsiya, hakim dairələrin yaxın ətrafı və oliqarxlar tərəfindən kiçik və orta biznesin inkişafının əngəllənməsi, ədliyyə sisteminin ədalətsizliyi, idarəetmə mexanizmində süründürməçilik və başqa ictimai, sosial, iqtisadi və mənəvi problemlərdir. Aparılan sosioloji sorğular da ölkənin gələcəyi baxımından müsbət heç nə vəd etmir. Digər tərəfdən, belə sorğular bir daha təsdiq edir ki, Ermənistanda əhalinin böyük əksəriyyəti öz gələcəyini bu ölkədə görmür. Ermənistanın Milli Elmlər Akademiyasının fəlsəfə və sosiologiya institutunun direktoru, professor Gevorq Poqosyan isə qeyd edib ki, 2050-ci ildə ölkədə yaşayan əhalinin sayı 1,2 milyon nəfərdən çox olmayacaq: "Bu mənfi tendensiya ölkədə doğum səviyyəsinin azalması və güclü miqrasiya axını ilə əlaqələndirilir. Ermənistanda hər il təqribən 35 min uşaq doğulur və bir o qədər də insan ölkəni tərk edir. Əhalinin 14,6 faizi yaşı 60-dan yuxarı olanlardır".
Bütün bunların səbəblərindən biri də pul gəlirlərinin aşağı düşməsi ilə bağlıdır. Tədqiqatlar göstərir ki, əvvəllər Rusiya, ABŞ və digər ölkələrə köçənlər qohumlarına pul göndərirdilərsə, indi bu yardımlar xeyli azalıb. Gevorq Poqosyanın da erməni gəncləri arasında keçirilmiş sorğunun nəticələri barədə verdiyi məlumat vəziyyətin həqiqətən də, böhran həddini keçdiyini göstərir. Sorğu 15-25 yaşları olan gənclər arasında keçirilib və bütün Ermənistanı əhatə edir. Gevorq Poqosyan gənclərin 25,9 faizinin ailə qurmaq niyyətində olmadığını, 45,1 faizinin isə ailə qurmaq istəsə də, uşaqlarının olmasını istəmədiyini, ya da yalnız bir övlad istədiyini diqqətə çatdırıb. Sorğuların nəticələrinə əsasən gənclərin 37,4 faizi ölkəni tərk etmək niyyətindədir. İşsizlik və yaxud aşağı əməkhaqqı erməni gənclərinin ölkəni tərk etməsini stimullaşdıran əsas faktorlardan biridir.
Ermənistanın "Aykakan Jamanak" qəzetinin yazdığına görə, ölkədə miqrasiyanın yüksək səviyyədə olmasına səbəb əhalinin mövcud rejimə inamının azalmasıdır. Yerevanda yerləşən Miqrasiya Problemləri Mərkəzinin ekspertləri hesab edirlər ki, mühacirət indiki templə davam etsə, ölkənin gələcəyi sual altına düşə bilər. Ermənistandakı "Sardarapat" hərəkatının yaydığı bəyanatda isə bildirilir ki, ölkə rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç bir tədbir görmür: "Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra nə etsə belə, ölkəni tərk edənlərə mane ola bilməyəcək. Mühacirət etmək fikrinə düşənləri hətta həbs gözləsə də, ermənilər qaçmaqda davam edəcəklər. Axı səbir kasası daşan və heç bir ümid yeri olmayan insanları zorla ac saxlamaq olmaz".
Erməni ekspertlərinin fikrincə, daxili və xarici siyasətdəki uğursuzluq, ağır demoqrafik durum bu cür davam etsə, onsuz da əhalisinin sayına görə Azərbaycandan 4-5 qat kiçik olan Ermənistanın yaxın vaxtlarda tamam boşalıb ölü bir zonaya çevriləcəyi labüddür. "Haykakan Jamanak" qəzetinin yazdığına görə, "Ermənistanda insanların əksəriyyətinin quru çörək almağa belə pulları çatmır. Az-çox işlək müəssisələr sovetlər dövründən qalma köhnə texnologiyalara əsaslandığından, ölkənin konkret iqtisadi inkişaf modeli olmadığından, indiyədək nə iqtisadi, nə siyasi, nə də humanitar sahədə heç bir islahat aparılmadığından, ölkədə regional miqyaslı bir proqram belə həyata keçirilmədiyindən, beynəlxalq təşkilatlar və xaricdəki erməni diasporları ölkəyə maliyyə yardımını ilbəil azaltdıqlarından Ermənistan öz varlığından məhrum olmaq təhlükəsi qarşısındadır. Ölkədə plüralizmdən, söz və mətbuat azadlığından söhbət belə gedə bilməz. Cünki bu başsız məmləkətdə nə müstəqil məhkəmə sistemi mövcuddur, nə də demokratiyanın inkişafı üçün baza var".
Gələn il Ermənistan hökuməti təqribən 909 milyon dollardan çox borc götürmək niyyətindədir
"Aykakan jamanak" qəzeti yazır ki, Ermənistan hökumətinin növbəti ildə götürəcəyi borcu ictimaiyyətdən gizlədilir və sirr kimi saxlanmağa çalışılır. Amma çox güman ki, borc Rusiyadan alınacaq. Hətta bu məsələ hökumət tərəfindən təqdim edilmiş "2016-2018-ci ildə orta müddətli xərcləri Proqramı"na salınıb. Bununla 2016-cı ilin əvvəlində Ermənistanın dövlət borcu 1 trl 999 milyon dram (4,2 milyard dollar) təşkil edəcək. Həmin ilin sonunda isə bu göstərici 2 trilyon 431 milyard drama (5,1 milyard dollar) çatacaq. Yaranmış fərq 432 milyard dram olacaq ki, bu da indiki kursla götürüldükdə 909 milyon dollar təşkil edir. Qəzet sonda yazır: "Ermənistanın dövlət büdcəsində bu ilin sonunda xarici borc 4,2 milyard dollar müəyyənləşdirilib. Lakin maliyyə nazirinin müavini Atom Janjuqazyan bildirib ki, bu ilin sonunda dövlət borcu 4,9 milyard dollar ətrafında olacaq: "Biz bura 909 milyon dolları da əlavə etsək, fantastik rəqəm alınacaq. Beləliklə, hökumət tərəfindən proqnozlaşdırılan dövlət borcu 5,1 milyard dollar deyil, 5,8 milyard dollar təşkil edəcək."
İqtisadçı-alim Vüqar Bayramov "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirib ki, sadəcə rəsmi rəqəmlərə istinad göstərir ki, Azərbaycanın dövlət gəlirləri düşmən qonşumuzun qazancından 10 dəfə çoxdur. Dövlət büdcəmizin gəlirləri 25 milyard dollara çatdığı halda bu göstərici Ermənistanda cəmi 2,5 milyard dollardır: "Kiçik büdcəyə malik olan Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir. İllik 2,1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstəliyir. Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərinin 20 faizini hərbi sektora ayırmaqla Avropa İttifaqının bu xərclərinin büdcədəki payı ilə bağlı standartlarına məhəl qoymasa da, Azərbaycan müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq, bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır. Bu baxımdan, hərbi xərclərinin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan, əslində hərbi xərclər ilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da, reallıq bundan ibarətdir ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümümi büdcəsi həcmindədir".
V.Bayramov, həmçinin ölkədə işsizlik səviyyəsinin 42 faizə yaxın olduğunu da bildirib: "Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asılılığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə işsizlik səviyyəsi cəmi 5,2 faizdir. Yoxsulluq əhalinin Ermənistanı tərk etməsinə və eləcə də təbii artımın səviyyəsinin neqativ olmasına gətirib çıxarıb. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ölkədə təbii artım mənfi 6 faizdir. Deməli, əhalidə artım deyil, azalma və qocalma müşahidə edilir".
İqtisadçı-alim onu da deyib ki, Ermənistanın xarici borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir: "Bu ölkənin xarici borcunun 85,2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətin xarici asılılığının daha da dərinləşməsinə gətirib çıxarır. Azərbaycanın xarici borc məbləğində diqqətçəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun ümumi daxili məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu göstərici Azərbaycanda 8,2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyə malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14,1 faiz) qabaqlayır. Ermənistan isə MDB-də ən pis göstəriciyə malik ölkələrdən hesab edilir".
Bir sözlə, Ermənistanı rəsmi fəlakət gözləyir. Ölkədə növbəti ildə dövlət borcu dəfələrlə artacaq, reallıq daha amansız olacaq. Çünki dövlət borcu hökumətin proqnozlaşdırdığından daha sürətli şəkildə artır. Xalq isə meydanlara çıxaraq həyəcan təbili çalır.
A.SƏMƏDOVA