Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına uyğun olaraq, Qusar rayon təşkilatı tərəfindən ilkin mərhələdə müəyyən tədbirlər həyata keçirilmişdir. Rayon təşkilatının sədri David İbramxəlilovun "Səs" qəzetinə verdiyi məlumata əsasən, parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahının 17 nəfərdən ibarət rayon şöbəsi yaradılmış və texniki təchizatla təmin olunmuşdur. Onun sözlərinə görə, rayon üzrə seçki məntəqələrinin ərazisində seçicilərin siyahıları dəqiqləşdirilmişdir və siyahıların yenilənməsi işi davam etdirilir:"51 saylı Qusar Dairə Seçki Komissiyasının 62 seçki məntəqəsi üzrə 45869 nəfər, 53 saylı Quba- Qusar Dairə Seçki Komissiyasının 15 seçki məntəqəsi üzrə isə 7210 nəfər seçici müəyyən edilmişdir. Seçki qərargahı tərəfindən dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüququna malik olan üzvlərin və müşahidəçilərin forma üzrə siyahıları hazırlanmış və lazım olan sənədlər toplanmışdır. Rayon ərazisində yerləşən ayrı-ayrı yaşayış məntəqələrində mövcud olan sosial-iqtisadi problemlər, əhalini narahat edən çatışmamazlıqlar, əhalinin xüsüsiyyətləri və əmək məşğulluğu ilə bağlı məsələlər öyrənilmişdir. Rayon üzrə bütün seçki məntəqələrinin ərazisində mövcud olan qaz, su, elektrik enerji və digər problemlərin mövcudluğu dəqiqləşdirilmişdir".
D.İbramxəlilov onu da bildirdi ki, seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin arasında nüfuzlu şəxslər müəyyən edilmiş və onların siyahları tərtib olunmuşdur. Parlament seçkilərində imza toplayacaq şəxslərin siyahısı hazırlanaraq Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahına təqdim olunmuşdur.
Seçki qərargahının rayon şöbəsi tərəfindən fəaliyyət proqramının ilkin mərhələsində nəzərdə tutulmuş hazırlıq işləri, əsasən başa çatdırılmışdır.
Nəzakət ƏLƏDDİNQIZI