Və ya Almaniya Ombudsmanının Leyla Yunusa olan məhəbbətinin sirri
Bu günlərdə Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi (Ombudsman) Kristofer Ştrasser növbəti dəfə adət etdiyi həyasızlığa yol verərək, əslində daxilində kök atmış anti-Azərbaycan toxumlarını ölkə siyasətinə səpməyə cəhd göstərib. Bəyanat yayaraq, Leyla və Arif Yunusların barəsində çıxarılmış hökmdən "şoka düşdüyünü" açıqlayıb. Bu da azmış kimi, onları "Azərbaycanın ən görkəmli hüquq müdafiəçiləri" kimi qələmə verib. Maraqlısı da odur ki, sən demə, bu "hüquq müdafiəçisi" "barışıq və dialoq üçün" çalışırmış (?). Ancaq hansı barışıqdan söhbət gedirsə, bunu anlamaq olmur. Çünki Leyla və Arif Yunuslar bilavasitə erməni lobbisinin maliyyələşdirdiyi və xüsusilə Qarabağ separatçılarının xeyrinə olan "xalq diplomatiyası" adlı layihələrdə iştirak ediblər. Buna isə barışıq deyil, satqnçılıq və xəyanət adını vermək lazımdır. Bu baxımdan, "onlardan birinin 8 il yarım, digərinin isə 7 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmü pisləyirəm" deyə bağıran Kristofer Ştrasserin erməni pulu hesabına ortaya düşüb təlxəklil etməsini görməmək mümkün deyil.
Çingiz Qənizadə: "Ştrasser həmişə dialoqdan qaçıb"
Ümumiyyətlə, Ştrasser dedikdə biz onun ölkəmizdəki reallığını bilmədən sərsəm bəyanatlar səsləndirmələrinin şahidi olmuşuq. Bu avropalı ünsür Leyla Yunusa qahmar çıxmaqla, yəni Azərbaycana qarşı öz ermənipərəstlik mövqeyini ortaya qoymaqla bir daha sübut etdi ki, heç də ədalətli nəticəyə gəlməyi bacarmır. Bu da bir həqiqətdir ki, Ştrasser Azərbaycanla bağlı ayrı-ayrı adamlardan əldə etdiyi informasiyaları həqiqət kimi beynəlxalq təşkilatlara sırımaq məqsədi güdür.
Biz bunu hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadənin də açıqlamasından görərik. Hələ bir müddət öncə Ştrasserin Azərbaycana qarşı başlatdığı qərəz kampaniyası dövründə millət vəkili demişdi ki, o və həmkarları Avropa Şurasında dəfələrlə olmub və monitorinq qrupunun digər üzvləri ilə birlikdə dəfələrlə Ştrasseri görüşə çağırıb: "Dəfələrlə onu görüşə dəvət etmişik. Ştrasserin hazırladığı siyahılar (burada "siyasi məhbus" siyahısı nəzərdə tutulur) üzərində mən bir hüquqşünas olaraq, onunla polemika açmağa, diskussiya aparmağa hazır olduğumu bəyan etmişəm. Hər il bizdə olan sənədlərlə, onda olan sənədlər arasındakı fərqi Ştrasserə göstərməyə çalışmışam. Lakin çox təəssüf ki, o, həmişə dialoqdan qaçmağa çalışıb. Cəmisi bir və ya iki dəfə özünün katibliyinin əməkdaşını görüşə göndərib, bir dəfə isə zaldan çıxarkən qarşısını kəsib 5-3 dəqiqəlik çayxanaya dəvət etdik ki, söhbətləşək, növbəti görüşün vaxtını müəyyənləşdirək. Amma o, yenə də qaçdı."
Göründüyü kimi, əslində Ştrasser də əsl həqiqəti yaxşı bildiyindən, hər zaman dialoqdan qaçıb.
Nəyə görə ortada digər hüquq müdafiəçiləri ola-ola Ştrasser məhz Leyla Yunusun ətəyindən yapışır və qopmur?
Daha bir xatırlatma. Bu gün Kristofer Ştrasserin məhz Leyla Yunusun müdafiəsinə qalxmasının arxasında növbəti faktlar da mövcuddur. Məsələn, Leyla Yunus hələ azadlıqda gəzərkən, Ermənistana səfərlər edərkən, Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı çıxaraq terrorçuları, cinayətkarları "siyasi məhbus" elan edərkən, həmin siyahıları Avropa qurumlarına çatdırarkən də Ştrasser yalnız onunla əlaqədə olurdu. Bu zaman sual olunur ki, digər hüquq müdafiəçiləri olan Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və başqalarının fikirləri ortada olarkən, yəqin ki, almaniyalı dırnaqarası Ombudsmana bu sualı ünvanlasaq, o, bu sualdan qaçmaq üçün hətta bir aya qədər qaça, ya da uça bilər.
Təəssüf ki, bu gün iki satqına görə bütöv bir ölkəni hədəfə alaraq, hakimiyyətə qarşı olmazın iftiralar, şantajlar, ittihamlar səsləyən Avropa Şurasının başbilənlərinin özlərinin ölkələrində vəziyyət ürəkaçan deyil. Sual edilir ki, Avropa Şurasına üzv ölkələrdə yüzlərlə siyasi məhbus ola-ola Beynəlxalq Tərəfdaşlıq Qrupunun hədəf kimi yalnız Azərbaycandakı vəziyyəti seçməsi nə ilə əlaqədardır? Bu sualın cavabı çox bəsitdir. Çünki Ştrasser və onun kimi avropalı başbilənlər öz müstəqil fikirlərini ortaya qoymurlar.
Onlar mənsub olduqları ölkələrin Azərbaycan dövlətinə qarşı hansı zamanda hansı siyasi mövqedə olduqlarını dilə gətirirlər, vasitəçi rolunu oynayırlar və burada dayanan maraqlardan bri də maddi maraqdır. Lakin hər şeyin sonu olduğu kimi, maddiyyatın da bir sonunun olacağı şübhəsizdir. Necə ki, Leyla və Arif Yunuslar gözlənilən sonluq paylarını aldılar. Kristofer Ştrasser və onun kimilərinin sərsəmləmələrinin isə güclü Azərbaycana heç bir təsiri yoxdur, olmayacaq da. Verilən sonuncu bəyanat da məhz Ştrasserin həyazıslığından doğan təzahürlərin bir parçasıdır.
Rövşən RƏSULOV