Yeni Azərbaycan Partiyasının (YAP) Seçki Qərargahının Lerik rayon şöbəsinin qərargah üzvlərinin iştirakı ilə tədbir keçirilib. Tədbiri YAP Seçki Qərargahının Lerik rayon şöbəsinin sədri, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov açaraq qeyd edib ki, noyabr ayında Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları partiyanın İcra Katibliyi tərəfindən tərtib olunmuş tədbirlər planına və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq öz işlərini uğurla davam etdirirlər: "YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır. Növbəti parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifə düşür, eyni zamanda, görüləcək işlər müəyyənləşdirilib. Seçki Qərargahının tərkibinə rayonda kifayət qədər nüfuzu olan, rayon ziyalıları və ötən illərdə seçkilərdə təcrübə toplamış insanlar, həmçinin, partiya fəalları daxildir. Seçki Qərargahının üzvləri arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdə fəaliyyətimizlə bağlı geniş tədbirlər planı hazırlanıb. Seçici siyahılarının dəqiqləşdirilməsi işi davam etdirilir".
Tədbirdə qərargah üzvlərindən Həmzə Vəliməmmədov, Hüseynbala Əliyev, Gültəkin Şıxəliyeva, Elman Rəcəbov və digərləri çıxış edərək qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illərdə çox böyük uğurlar əldə edib, ölkəmizin iqtisadi inkişafı dinamik və davamlı xarakter alıb, insanların rifah halı əsaslı şəkildə yüksəlib, dövlətimizin beynəlxalq mövqeləri xeyli güclənib. Əlbəttə ki, bu nailiyyətlər hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır. Ona görə də, seçicilərin qarşıdan gələn parlament seçkilərində də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinə səs verəcəyi şübhə doğurmur.
Lerik rayonu ərazisində 1 seçki dairəsi üzrə 108 seçki məntəqəsi mövcuddur. Bu məntəqələrdə 30093 seçicinin iştirakı gözlənilir. 600-dən çox ilk səs verən seçicimiz vardır. Seçicilərlə işin yüksək səviyyədə təşkil olunması üçün 2547 onbaşı, 306 yüzbaşı və partiya fəalları səfərbər olunacaq. Bundan başqa dairə və məntəqə seçki komissiyalarında ümumilikdə 218 nəfər partiya fəalımız məşvərətçi və müşahidəçi qismində iştirak edəcəkdir.
Samir