PDF Oxu

Siyasət

  • 9

Yeni Azərbaycan Partiyası bu seçkilərin də qalibi olacaq

Yeni Azərbaycan Partiyası bu seçkilərin də qalibi olacaq

Şəmsəddin Hacıyev: "YAP Səbail rayon təşkilatının Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə qurur"

Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə olduğu kimi, noyabrın 1-də ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır. Məhz bu baxımdan da, partiyanın tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Dünən ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin Seçki Qəragahı üzvlərinin imza toplayacaq şəxslərlə görüşü keçirilib. Görüşdə seçkilərə ilkin hazırlıq işlərinin mütəşəkkilliklə davam etdirilməsi müzakirə olunub. YAP Səbail rayon təşkilatının və rayon şöbəsinin Seçki Qərargahının sədri, millət vəkili Şəmsəddin Hacıyev noyabrın 1-də Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçiriləcək seçkilərlə bağlı məlumat verib. Bildirib ki, ölkəmizdə demokratik inkişafın bariz nümunəsi olan növbəti- parlament seçki kampaniyasının mühüm mərhələsi fəallarımızın mütəşəkkilliyi ilə davam etməkdədir. Rayon şöbəsi Seçki Qəragahının sədri onu da söyləyib ki, hər bir ölkənin həyatında mühüm hadisə olan siyasi kampaniyaların uğuru seçkilərə hazırlıqdan bilavasitə asılı olsa da, nəticə xalqın ümumi rəyi əsasında bəlli olur. Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək bildirib ki, məhz bu inkişafın da təməlində partiyamızın böyük rolu var: "YAP bu gün ölkənin həyatında olduqca böyük əhəmiyyət kəsb edən bir seçki kampaniyasına ciddi şəkildə hazırlaşır. YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Çünki bizlər Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə dövlətimizin başçısının ətrafında sıx birləşmişik. Bu birlik, bu həmrəylik siyasi kampaniyalarda da özünü açıq şəkildə büruzə verir. İnanırıq ki, bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də Səbail rayon seçiciləri yekdilliklə iqtidar partiyasının namizədlərinə etimad göstərəcəklər. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə həm məsuliyyətli, həm də şərəfli vəzifələr düşür".

Səbail rayon şöbəsi Seçki Qərargahının sədri onu da bildirib ki, parlament seçkiləri ilə əlaqədar rayon təşkilatı aparatında 31 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb: "Artıq Qərargahın üzvlər arasında vəzifə bölgüsü aparılıb, qarşıdakı dövrdə görüləcək işlər müəyyənləşdirilib. Səbail rayon şöbəsinin Seçki Qəraraghı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə qurur. Çünki rayon şöbəsinin Seçki Qərargahının tərkibinə Səbail rayonunda kifayət qədər nüfuzu olan rayon ziyalıları və ötən illərdə seçki sahəsində təcrübə toplamış insanlar, partiya fəalları daxildir. Bu bizə olan etimadı doğruldacağımıza zəmin yaradır. Ona görə də, inanıram ki, qarşıdakı dövrdə də seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl işlər görəcəyik".

Ş.Hacıyev, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasının təqdim edilməsi qaydaları haqqında təlimat barədə də məlumat və təlimatlarını verərək qeyd edib ki, YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərimizi sürətlə həyata keçirməkdəyik: "Buraya seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi, dairələr üzrə bütün məntəqələrdə seçkiyə hazırlıq işlərinin texniki təchizatı barədə yoxlamalar daxildir. Həmçinin, parlament seçkilərilə əlaqədar DSK və MSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahısının müəyyən edilməsi də buraya aiddir. Seçkilərə start verildikdən sonra onların rəsmi şəkildə qeydə alınmasına başlanacaq. Qeyd edim ki, Səbail rayonu ərazisində 2 seçki dairəsinin - 29 saylı Seçki Dairəsi və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi fəaliyyət göstərir və bu dairələrdə də seçki günü ilə bağlı hazırlıq işləri yüksək səviyyədə aparılır".

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək 15 nəfər seçici imzası toplayan qrupun üzvlərinin daha məsuliyyətli olmalarını tövsiyə edib. Bildirib ki, imza vərəqəsində seçiciyə aid bütün məlumatlar müvafiq qrafalarda mütləq qeyd edilməlidir və imza etmək hüququ yalnız seçiciyə məxsus olmalıdır.

Daha sonra imza toplayacaq partiya fəallarına treninq keçirilib. Treninq zamanı fəallara imza vərəqəsi nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib.

Sonda Seçki Qərargahının və seçici imzası toplayan qrupun üzvləri də öz növbələrində YAP-ın bu seçkilərdə də qələbə qazanacağına əmin olduqlarını bildiriblər.

Beləliklə, göründüyü kimi, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının Seçki Qərargahında parlament seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər