PDF Oxu

Siyasət

  • 13

YAP Qobustan rayon təşkilatının Seçki Qərargahı çevik fəaliyyət göstərir

YAP Qobustan rayon təşkilatının Seçki Qərargahı çevik fəaliyyət göstərir
Bu ilin noyabr ayında Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları partiyanın İcra katibliyi tərəfindən tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq öz işlərini uğurla davam etdirirlər. YAP-ın Mərkəzi Seçki Qərargahının Qobustan şöbəsinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə rayon təşkilatının Seçki Qərargahının sədri Füzuli Gülaliyev noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı geniş məlumat verərək qeyd edib ki, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyamızın fəaliyyətinin bələdçisidir: "YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirməklə milyonların dəstəyini qazanıb. Yeni Azərbaycan Partiyası daim inkişafa, yeniliyə maraq göstərib, fəaliyyətinin önündə dövlətə, xalqa xidmət etmək əsas yer tutur. Partiyamız bütün seçki proseslərinə yeni şüarla qatılır, davamlı inkişafın prioritet məsələ olduğunu devizində əks etdirir. Ölkədə keçirilən bütün seçki proseslərindən qələbə ilə çıxan YAP-ın qarşıdan gələn parlament seçkilərində də uğur qazanacağı şəksizdir. Azərbaycanın bugünkü reallıqları Prezident İlham Əliyevin gördüyü işlər bu qələbəyə böyük əsas yaradır. Bu baxımdan da, hər zaman olduğu kimi, bu seçki prosesində də partiya özündə arxayınlıq yaratmayaraq, hazırlıq işlərini yüksək səviyyədə həyata keçirməyə çalışır. Nəzərə alsaq ki, hazırlıq işlərinin yüksək təşkili qələbə üçün uğurlu başlanğıcdır, bu halda səylərin daha da artırılması mütləqdir. Odur ki, YAP Qobustan rayon təşkilatı Seçki Qərargahı üzvləri YAP Mərkəzi Aparatı tərəfindən tərtib olunmuş fəaliyyət proqramına uyğun olaraq öz aralarında iş bölgüsünü aparmış, partiya tərəfindən irəli sürüləcək namizədlər üçün secici imzası toplayacaq partiya fəalları ilə treninqlərin keçirilməsi və sair kimi məsələlər müzakirə olunmuş, seçkilərlə bağlı fikir mübadiləsi aparılmış, aidiyyəti üzrə suallar cavablandırılmışdır".

Beləliklə, göründüyü kimi, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon təşkilatının Seçki Qərargahında parlament seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.

ÜLVİ